Paşinyan çıxılmaz durumda - “O, Rusiyanın nəbzini yoxlayır” - Şərh
23.07.2018 21:52 A-reaksiya 1192
Nikol Paşinyan odla su arasındadır. Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən bu mexanizmlərin hərəkətə gətirilməsi Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Serj Sərkisyan və Robert Köçəryan pusqudadırlar:
“Paşinyan Rusiya hərbi bazasının “əvvəlcədən razılaşdırılmayan” hərbi təlimlərindən bəhanə kimi istifadə edərək bunun Ermənistana qarşı təxribat mahiyyəti daşıdığını açıqladı. Halbuki, rus generallar daha sonra açıqlama verərək Ermənistanda bu il ərzində planlaşdırılan bütün təlimlərin razılaşdırıldığını bildirdilər.
Buna baxmayaraq, Paşinyan Ermənistanın Rusiya və Qərb arasındakı məsafənin balanslaşdırılması fikrindən əl çəkməyərək indi də Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna əl gəzdirmək istəyir. Bu istək Moskvanın Paşinyanın siyasəti haqqında qeyri-müəyyən suallarının sayını artıracaq. Başqa bir sual da maraqlıdır: Paşinyanın bütün bu addımlarından sonra Ermənistanın baş naziri silah almaq üçün Serj Sərkisyan kimi Moskvadan kredit istəyəcəkmi və Kreml belə bir istəyin qarışılığında İrəvana yenə 200 milyon dollar kredit ayırmağa hazırdırmı?”
Bildirilir ki, əlbəttə, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa bu həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir:
“Ancaq bunun baş verəcəyi ehtimalını yüksək qiymətləndirmək mümkün deyilş. Paşinyan hələ ki, Rusiyanın nəbzini yoxlayır, vurnuxur, Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan deyil, bəlkə də heç mümkün deyil. Bunu istəyənlər ya Levon Ter-Petrosyan kimi devrilirlər, ya da 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması halında olduğu kimi qətlə yetirilirlər.
Şərhlər