Toğrul İsmayıl: - “Qərbin İrana qarşı sanksiyaları Azərbaycanın faydasına ola bilər”

27.07.2018 12:57     A-reaksiya     1684

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi ABŞ-a görə İranla münasibətləri pozmaq və anti-İran sanksiyalarına qoşulmaq niyyətində deyil. O qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir: “İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir”.

R.T.Ərdoğan həmçinin bildirib ki, Türkiyə və İran arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə də belə olacaq. Prezident qeyd edib ki, Türkiyənin ABŞ-la yanaşı başqa ortaqları vardır. Onlarla əlaqələri kəsmək ölkələr arasındakı müstəqillik anlayışına ziddir. Eyni zamanda o, əlavə edib ki, Türkiyə İrandan qaz alır və sanksiyalara qoşulacağı təqdirdə, Türkiyənin hansı mənbədən qaz alacağı məlum deyil. Sitat: “Biz həmin ölkələrdən elə məhsullar alırıq ki... Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik”.

Qeyd edək ki, ABŞ hökuməti may ayında İranla imzalanmış nüvə müqaviləsindən çıxıb və Tehrana qarşı sanksiyaları yenidən bərpa edəcəyini bəyan edib. Eyni zamanda Vaşinqton noyabra qədər İrana qarşı keçmiş sanksiyaları bərpa edəcəyini, noyabrdan etibarən isə yeni sanksiyalar, o cümlədən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Vaşinqton İranın neft ixracatını minimuma endirmək, bununla da onu iqtisadi cəhətdən zəiflətməyə çalışır.

İndi isə ABŞ administrasiyası İrandan neft alan ölkələrə təzyiq edərək neft almaqdan imtina etdirməyə çalışır. Təbii ki, İrandan ən çox neft və qaz alan ölkələrdən biri də Türkiyədir. Türkiyə və İran həmsərhəd ölkədir, iki ölkə arasında böyük həcmdə ticarət əlaqələri var. Ən əsası, Türkiyə qaz istehlakının 17 faizə qədərini İran qazı hesabına təmin edir. İlk sırada isə Rusiya gəlir. Ümumilikdə Türkiyənin illik qaz ehtiyacının 52 faizini Rusiya, 17 faizə qədərini İran, 15 faizə yaxınını isə Azərbaycan qazı hesabına təmin edir. Ankara il ərzində İrandan 7 milyard kubmetrə qədər qaz alır.

Onu da qeyd edək ki, bundan əvvəlki dönəmdə, yəni 2015-ci il anlaşmasına qədər İrana qarşı Qərbin sanksiyaları zamanı Türkiyə, Azərbaycan kimi İranla həmsərhəd ölkələri müəyyən qədər embarqolardan kənarda qalmışdı və İranla ticarət əlaqələrini davam etdirirdilər. Daha sonra üzə çıxan məlumatlardan o da bəlli oldu ki, İranın gizli neft və qaz ticarətində Türkiyənin payı yüksək olub. Hətta bununla bağlı İran əsilli Türkiyə vətəndaşı Rza Zərrab və eləcə də Türkiyənin “Halkbank” dövlət bankının sədr müavini Hakan Atilla ABŞ-da həbs olunaraq Amerika sanksiyalarını pozmaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı.

Politoloq Toğrul İsmayıl ile ilgili görsel sonucu

Politoloq Toğrul İsmayıl deyir ki, Türkiyə maksimum dərəcədə İrana qarşı ABŞ sanksiyalarına qoşulmamaq üçün müqavimət göstərəcək, daha doğrusu, göstərməyə çalışacaq: “Çünki daha əvvəlki sanksiyalarda olduğu kimi, indi də Türkiyənin dövlət maraqlarından söhbət gedir. Bu səbəbdən indidən Ankaranın hansı mövqeyi ortaya qoyacağını, nə edəcəyini demək çətin olsa da, rəsmi şəxslərin açıqlamalarından belə hiss olunur ki, Ankara İran məsələsində ehtiyatlı mövqe tutmaq fikrindədir”.

T.İsmayıl deyir ki, Türkiyənin İranla olan geopolitik maraqları, neft-qaz məsələsində İranla olan bağlılığı, ölkənin iqtisadi maraqları baxımından bu cür mövzuları daha dərindən dəyərləndirməsini şərtləndirir: “Digər tərəfdən, unutmaq lazım deyil ki, Türkiyə bir dövlət olaraq İrana qarşı həyata keçiriləcək əməliyyat zamanı ən çox zərər görəcək ölkə ola bilər. Təbii ki, bütün bunlar Türkiyənin daha ehtiyatlı və həssas davranmasına səbəb olacaq. Ancaq Türkiyənin təkbaşına bu sanksiyalara qarşı dayanması çox çətindir. Buna görə də bununla bağlı ciddi hesablamalara ehtiyac var”.

Toğrul İsmayıl düşünür ki, Azərbaycan iqtisadiyyatı İrandan asılı deyil: “Ancaq İrana qarşı təzyiqlər və müharibə Azərbaycan üçün də risk doğurur. Sadəcə, meyvə-tərəvəz və bu kimi bəzi məhsulları çıxmaq şərtilə İrandan Azərbaycana böyük ixracat yoxdur. Əksinə, Qərbin İrana qarşı sanksiyaları regional alternativ olaraq Azərbaycanın faydasına ola bilər. Digər tərəfdən, Azərbaycan-İran əlaqələri də birmənalı deyil. Bu mənada Azərbaycan Türkiyə ilə müqayisədə daha rahatdır. Yəni Azərbaycan Avropa Birliyi və BMT-nin İran məsələsi ilə bağlı verdiyi qərarları rahatlıqla icra edə bilər. Ancaq onu da unutmaq lazım deyil ki, Azərbaycan İrana qarşı həyata keçiriləcək mümkün hərbi əməliyyatlar zamanı ən çox zərər görən ölkələrdən biri ola bilər. Bu, qaçqınlar, humanitar fəlakət, müharibənin yaratdığı fəlakətlərlə bağlı ola bilər. Bu məsələlər də mütləq nəzərə alınmalıdır”.

Reaksiya.az

Şərhlər