Robert Koçaryana hərbi tribunal yolu görünür - RƏY
31.07.2018 13:28 A-reaksiya 1286
Tarixən və hər zaman belə olub: gec və ya tez, hər kəs insanlıq, bəşəriyyət qarşısında etdiyi əməllərə, cinayətlərə görə ədalət mühakiməsi qarşısına cavab verməli, haqq etdiyi cəzasını çəkməli olub.
Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaça, axıracan gizlənib, canını qurtara bilməyib. Buna əyani misal olaraq, İkinci Dünya Müharibəsindəki insanlıq, bəşəriyyət əleyhinə yönəlmiş cinayət əməllərinə görə, alman faşistləri üzərində qurulan tarixi Nürnberq Məhkəməsini və ya yaxın tariximizdə baş vermiş Serebrenitsa soyqırımına görə serb millətindən olan hərbi canilər - Miloşeviç, Karaciç üzərində qurulan Haaqa Məhkəməsini göstərmək olar.
Bunu Oxu.Az-a açıqlamasında hüquq elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarınının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş hərbi cani Robert Koçaryanın həbsi məsələsi ətrafında yaşananlara münasibət bildirərkən deyib.
M. Abdullayev deyib ki, istər Koçaryanın, istərsə onunla əlbir olmuş digər erməni qaniçənlər və hərbi canilər Sarkisyanın, Ohanyanın və digərlərinin Azərbaycan xalqı qarşısında etdikləri çinayətlərə, vandalizm əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab verəcəkləri gün heç də uzaqda deyil:
“Bildiyiniz kimi, Ermənistanda baş vermiş son hakimiyyət dəyişikliyindən sonra Paşinyan hökuməti tərəfindən Ermənistanın sabiq rəhbərlərinə qarşı cinayət işlərinin açılmasına başlanılıb.
Qatı cinayətkar Serj Sarkisyanın qardaşının və oğlunun həbsi buna əyani misaldır. Eyni zamanda, Sarkisyanın özünün də həbsə atılacağı, məhkəməyə çəkiləcəyi istisna deyil. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalında, qanlı soyqırımı əməllərində əli və iştirakı olmuş üç əsas hərbi canidən biri, eks-prezident Robert Koçaryan da bu günlərdə Ermənistan Xüsusi İstintaq-Təhqiqat Komitəsinə (Qrupuna) çağırıldı və saxlanıldı.
Koçaryan istintaqdan, həbsdən yayına bilməyəcək, artıq daxili və xarici havadarları da onu türmə, həbsxana divarlarından, qandallardan qurtara bilməyəcəklər. “Bibliya”da da deyildiyi, “hər kəs tökdüyü daşları yerdən ətəyinə yığmalıdır”. Yəni, artıq xalqımıza qarşı hərbi cinayətlərdə, vandalizm aktlarında əli olanların da “tökdükləri daşları” yerdən yığma zamanıdır.
Düzdür, bu gün onları biz deyil, ermənilər özləri mühakimə edir - özlərinə, ermənilərə etdiklərinə görə, ancaq çox yaxın zamanlarda bizlər də onları tarixin mühakiməsinə çəkəcəyik - bizlər, azərbaycanlılar və Azərbaycan qarşısında etdiklərinə görə. Bu, birmənalıdır.
Ona görə hələ nə qədər gec deyil, digər erməni siyasətçiləri və hərbi cinayətkarları da bunlardan ibrət götürsün, dərs çıxarsınlar və Azərbaycan ərazilərini necə işğal ediblərsə, o cür də işğal olunmuş ərazilərdən geri çəkilsinlər. Bunu etməsələr, onların aqibəti daha ağır olacaq, Azərbaycan xalqı və dövləti onları haqq etdikləri yerdə oturtmağı bacaracaq”.
Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova da qatı cinayətkar və hərbi cani R. Koçaryanın həbsinin müsbət hadisə olduğunu bildirib və sonra sözlərinə bunları əlavə edib:
“Robert Koçaryana hərbi tribunalın yolu görünür” deyirlər...
Çox istərdim ki, bu, bir siyasətçinin, indi isə bir “dövlət başçısı”nın öz fərdi “Qisas aktı”ndan daha çox əli nəinki minlərlə azərbaycanlının qanına bulaşmış, uşaq, qoca, qadın demədən öz “vəhşi xislətinin” qurbanına çevirən, eləcə də, siyasi ambisiyalarının reallaşması üçün hətta öz soydaşlarının belə kütləvi qətlinə sərəncam vermiş, dövlət başçısı və insanlıq adına ləkə olan bir “canlının” bütün törətdiklərinə görə onunla həmrəy və cinayətlərinə şərik olanların da “ədalət mühakiməsi”nə çəkilməsi olaydı. Görək, Paşinyan bunu etməyə özündə güc tapacaqmı?!”
Şərhlər