Dağlıq Qarabağ problemi həllini tapmadıqca Ermənistanın heç bir gələcəyi yoxdur
06.08.2018 13:04 A-reaksiya 1390
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, Ermənistandakı hərbi xuntanın başında duranlar təkcə azərbaycanlıların deyil, həm də erməni xalqının düşmənləridirlər.
Bu gün Ermənistanda aparılan istintaq onun bu dediklərinin tam doğru olduğunu ortaya qoyur. Bunu Reaksiya.az - a açıqlamasında millət vəkili Sahib Əliyev deyib. Robert Köçəryan, Serj Sərkisyan, Sergey Ohanyan, Manvel Qriqoryan, Yuri Xaçaturov, Mikael Harutyunyan və digərləri hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq, var-dövlət əldə etmək üçün təkcə azərbaycanlıların deyil, ermənilərin də qanını töküblər. Faktlar onların öz xalqına qarşı heç də dinc azərbaycanlılara etdiklərindən az amansızlıq etmədiyini göstərir.
Bütün bunlar hərbi xuntaların və işğalçı rejimlərin mahiyyətindən doğan bir reallıqdır.
Ermənistanın indiki hakimiyyəti bundan nəticə çıxarmalı, sələflərinin işğalçılıq siyasətindən imtina etməli, hərbi xunta təmsilçiləri ədalət adına cəzalandırılırlarsa, onda Azərbaycanla ortaq istintiaq komissiyası yaradılmalı, cinayətkarlar təkcə ermənilər deyil, dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə görə də cavab verməlidirlər.
Bax onda demək olar ki, Ermənistanda həqiqətən də qonşularla sülh içində yaşamaq istəyən, demokratik düşüncə sahibləri hakimiyyətə gəliblər. Belə bir hakimiyyət olmadıqca, Dağlıq Qarabağ problemi həllini tapmadıqca o ölkənin heç bir gələcəyi yoxdur və ola da bilməz.
Şərhlər