Erməni polislər cəbhədə: Paşinyan va-banka gedir

20.08.2018 12:45     A-reaksiya     1155

Nikol Paşinyanın ölkədəki polisləri Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularının yerinə yetirdiyi funksiyalara cəlb etməsinin obyektiv və subyektiv səbəbləri var. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib. 

Ermənistan polis dəstələri təmas xəttində hərbi növbətçiliyə avqustun 23-dən başlayacaq. 

Müsahibimizin sözlərinə görə, birinci səbəb Ermənistandakı demoqrafik vəziyyətdir. 

“Statistikaya baxsaq, 1989-cu ildə 3,4 milyon əhalisi olan Ermənistanda 86 min uşaq doğulmuşdusa, 2016-cı ildə bu rəqəm 44 mindir. Bütün bunlar ölkənin silahlı qüvvələrinin yığılmasına da mənfi təsir edir”, - Məmmədov deyib. 

O əlavə edib ki, Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı hərbi qulluqçular qoruyur, Naxçıvan istiqamətindəki fəallıqdan və Yerevan üçün uğursuz sayılan 2016-cı il aprel döyüşlərindən sonra qoşunların təmas xəttində hərbi kontingentin artırılması zərurəti yaranıb.

“Ancaq Ermənistan ordu sıralarını genişləndirə bilmir və Paşinyan polis qüvvələrindən istifadə etmək məcburiyyətindədir. Bu, obyektiv səbəbdir”, - o bildirib. 

Subyektiv səbəblərdən danışan ekspert deyib ki, Ermənistan polisi uzun müddət Robert Koçaryan və Serj Sarqsyan hakimiyyətinin dayağı olub və son 20 ildə onlara dinc aksiyaları dağıtmaqda yardım edib. 

“Həm də bu, Ermənistanın satqın güc strukturu idi. Bu addımla Paşinyan ilk növbədə baş nazirliyi dövründə ölkə polisi tərəfindən sabotajdan qorunmağa çalışır. İkincisi isə, o, bununla polislərə yeni öhdəliklər tapşırır. O, sadəcə, polisi daxili siyasi işlərdən uzaqlaşdırır”, - müsahibimiz əlavə edib. 

Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Paşinyanın sərhədləri qorumaq üçün polisləri cəbhəyə göndərməsi səriştəsizliyin və təcrübəsizliyin göstəricisidir. 

“Yəqin ki, Ermənistanda özgənin torpağında ölən əsgərlərin analarının narazılığı az idi. İndi isə növbə polislərə çatıb”, - o bildirib. 

Cəfərov qeyd edib ki, Paşinyan çaşqınlıq içindədir. O, nə edəcəyini bilmir.

“O, ölkə polisinin sabiq rəhbəri ilə sağollaşdı və onun yerinə öz adamını gətirdi. İndi Valeri Osipyan Paşinyanın son ümididir. Ancaq polisin cəbhədə keşik çəkməsi erməni tərəfinin müdafiə səlahiyyətlərini xeyli zəiflədəcək.

Paşinyan bununla cəbhə xəttində mövqeyini gücləndirmək deyil, generallara Ermənistanda hər şeyin onların əlində olmadığını sübut etməyə çalışır”, - müsahibimiz əlavə edib. 

Reaksiya.az

Şərhlər