Əsədi devirmək planı təxirə salınır? - TƏHLİL
10.08.2015 16:03 A-reaksiya 1856
Yaxın Şərqdəki böyük oyun yeni mərhələsinə keçid alır. İranın nüvə proqamı ilə bağlı danışıqlardan sonra Suriya və xilafət mövzusu ətrafında hərəkətlənmələr başladı.
Moskva İraq və Suriyanın bir sıra ərazilərinə nəzarət edən xilafətə qarşı yeni koalisiya formalaşdırmağa çalışır. Əsədin rəqibləri isə ona eyham vururlar ki, guya Krem Suriya prezidentinə dəstəyi azaltmaq fikrindədir.
Suriyanın ABŞ yönümlü silahlı müxalifəti Moskvada bu həftə keçirilməsi gözlənilən danışıqlara qatılmağa razılıq verib. Bu, vacib işarədir - bundan əvvəl Suriyanın Müxalif və İnqilabi Qüvvələrinin Milli Koalisiyası Rusiyanın Suriyadakı vəziyyyətlə bağlı konsultasiyalara dəvətini cavabsız qoyurdu.
Mövqelərin dəyişməsi bu yaxında Qətərin paytaxtı Doxada keçirilən Sergey Lavrovun Milli Koalisiyanın sabiq rəhbəri Ahmed əl-Xatiblə görüşündən sonra baş verib. Bu, həm də Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə, eləcə də körfəz ölkələrinin nazirləri ilə görüşlərinin nəticəsi hesab olunmalıdır.
Lavrov və Kerrinin danışıqlarının mərkəzində Kuala-Lumpurda ASEAN ölkələrinin sammitində görüşdülər və əsas məsələ kimi Suriya və xilafət mövzusu oldu.
Müharibə artıq dörd ildir gedir, Moskva ilə Vaşinqton arasındakı fikir ayrılıqları isə hamıya məlumdur.
Birləşmiş Ştatlar Suriyadakı qan tökülməsinə görə, az qala Rusiyanı baiskar çıxarır. Çünki Moskva “qaniçən” Əsədi dəstəkləyib. Rusiya tərəfi isə müharibənin səbəbi kimi ABŞ-ın region işlərinə müdaxiləsini və suriyalı üsyançıları dəstəkləməsini göstərir.
İki il əvvəl dünya son məqamda qorxulu fəlakətin astanasından geri qayıtdı – ABŞ Suriyaya zərbə endirməyə hazır idi, lakin Barak Obamanın şəxsən müharibə aparmamaq istəyi Putinə imkan verdi ki, vəziyyəti “hamının hamıya qarşı olacağı” misilsiz regional müharibədən xilas etsin.
Bununla belə, nə Moskva, nə də Vaşinqton müharibə aparan tərəfləri dəstəkləməkdən imtina etdilər. Amma son iki ildə regionda üçüncü oyuncu formalaşdı və münaqişədə başlıca mənfəət görən tərəfə çevrildi.
“İslam xilafəti” öz təsir dairəsini qətiyyətlə genişləndirməyə davam edir. Qondarma və heç bir dövlət tərəfindən tanınmayan bu “dövlət” artıq Suriya və İraqın əhəmiyyətli ərazilərinə nəzarət edir. “Xilafət” regionda mövcud olan bütün rejim və ölkələrin düşəni kimi çıxış edir, Yaxın Şərqin istər respublika, istərsə də monarxiya quruluşlu dövlətlərini əvəzləmək və sərhədləri silərək “əsl İslam hakimiyyəti” yaratmaq istəyir.
Bu “dövlət”in yaradılmasına qədər qan meydanına çevrilmiş bu torpaqlarda indi müqavimət göstərmək ciddi dərəcədə zəif olan və daxili münaqişələrdən yorulmuş İraq və Suriya hökumətləri üçün çətin olub.
Rəsmi Bağdad artıq çoxdan ölkənin kürdlərlə sıx məskunlaşan şimal ərazilərinə nəzarəti itirib.
Hazırda hökumətdə üstünlük təşkil edən şiələr hələ “sünni xilafət” yaranana qədər də, Səddam Hüseyn rejimini dəstəkləyən sünnilərlə münaqişədə idi.
Suriyanı da həm milli, həm də dini prinsiplərə görə – ələvilər, kürdlər və sünnilər yaşayan bölgələrə bölüşdürmək istəyirlər. Həmçinin Suriya hakimiyyəti artıq dörd ildir ərəb monarxları və ABŞ-ın dəstəklədiyi üsyançılarla mübarizə aparır. “Xilafət”in yaradılmasından sonra isə üsyançıların böyük qismi bu “layihə”yə qoşulub.
Həmçinin bu iki faktiki dağılmış dövlətlərin qonşuları – Türkiyə və Səudiyyə Ərəbistanı, eləcə də İran yerli əhalinin dəstəyi olmadan (halbuki, İŞİD bu məsələdə mühüm gücə malikdir) İraq və Suriyanın ərazisində müharibə aparmağa hazır deyillər.
Böyük dövlətlər, ABŞ və Rusiya bu “dövləti” terrorçu qruplaşma kimi qiymətləndirir; İŞİD də şübhəsiz ki, terror üsulundan istifadə edir, lakin onun uğurlarını ancaq zorakılıqla izah etmək sadəlövhlük olardı. İnsanlar müharibə və xarici işğaldan, qonşuların və ABŞ-ın müdaxiləsindən yorulublar. İraq ABŞ işğalına məruz qaldığı 2003-cü ildən normal həyat yaşamır, buna qədər isə ölkə 13 il blokada və sanksiyalardan əziyyət çəkmişdi. Suriyada isə 2011-ci ildən dəhşətli müharibə gedir.
İŞİD-in işğal etdiyi İraq ərazilərində yaşayan sünni ərəblər də bütün insanlar kimi sakit və sabit həyat istəyirlər. Və “səlibçiləri” görəndən, hökumətdəki şiə qruplarının da diqqət və qayğısından kənar qalandan sonra, onlar “xilafətin ölkəyə nizam-intizam gətirəcəyinə” inanırlar.
Bununla yanaşı, İŞİD-in müxtəlif dini və milli azlıqlara qarşı sərt tədbirləri, eləcə də xarici mütəxəssislərin edamları yerli sakinlər tərəfindən şər qüvvələrə və təcavüzkarlara qarşı müqavimət kimi görünə bilər. Bu faktı heç kim inkar edə bilməz ki, İraq və Suriyada xaosun əsasını xarici müdaxilə qoyub, buna görə də, “İslam xilafəti” isə özünü İslam torpaqlarında “səlibçilərin işğalına cavab” kimi qələmə verir.
İŞİD həm yerli, həm də gəlmə elementlərdən ibarətdir. Məlumdur ki, dünyanın bir çox yerlərindən könüllülər “İslam dövləti” yaratmaq uğrunda müharibəyə qoşulublar. Lakin yerli əhalinin mühüm hissəsinin dəstəyi olmadan, bu səviyyədə xilafət hərəkatı yaratmaq mümkün olmazdı. İraq və Suriyanın sərhədləri I Dünya Müharibəsindən sonra ingilis və fransızlar tərəfindən cızılıb, amma hər iki ölkədə də çoxluğu eyni xalq təşkil edir.
İraq və Suriyanı ancaq möcüzə ilə qurtarmaq olar, lakin bu möcüzə xarici oyunçulara lazımdırmı? Aydındır ki, “xilafət” təhlükəlidir, yaxşı, bəs supergüclərin prioriteti nədir?
ABŞ və regional monarxlara xilafət lazım deyil. Baxmayaraq ki, İŞİD-in formalaşması bir qədər Amerika oyunları, cinayət və səhvləri ilə bağlıdır. Lakin İŞİD çoxdan müstəqil layihə olub.
ABŞ “İslam dövləti”ndən Əsəd rejimini yıxmaq üçün istifadə etməyə çalışır, lakin bunun xeyrindən çox zərəri olacaq. Bir az da güclənəcəyi təqdirdə, bu “xilafət” Yaxın Şərqin bütün dövlətlərini məhv edəcək ki, bu da ABŞ-ın planlarına daxil deyil. Xilafətin “boynunu” ancaq yeni müharibə ilə qırmaq olar, lakin Birləşmiş Ştatlar hələ regiona qoşun yeritmək niyyətində deyil.
Əvvəla, bu mübarizə böyük itkilərlə müşahidə olunacaq. “İslam dövləti”nə qarşı quru əməliyyatı gerçəkləşdirmək lazım gələcək. Amerika hələ yeni müharibəyə hazır deyil, bunu öz ictimaiyyətinə “sata” bilməyəcək. Həm də, İraq və Əfqanıstandakı müharibə təcrübəsi göstərdi ki, amerikalılar üsyançıları məhv edə bilmirlər. ABŞ əsas etibarilə radikal qüvvələri sıxışdırmağa, ya da yerli əhaliyə qarışmağa vadar edib ki, onlar da Amerika qoşunlarının çıxmasından sonra yenidən mövqelərini bərpa etməyə başlayıblar.
Kabil və Bağdad hələ amerikayönümlü hökumətlərin nəzarətindədir. Lakin Kabildə hələ də ABŞ və NATO qoşunları qalmaqdadır, Bağdad isə şiələri qoruyan və kömək edən İrana minnətdar olmalıdır.
Digər tərəfdən, regiona növbəti müdaxilə ərəb və müsəlmanları ABŞ-a qarşı daha da qəzəbli edə bilər. Hətta İŞİD-i fiziki cəhətdən məhv etmək mümkün olsa belə, bu, İslam dünyasının başqa bir nöqtəsində yeni ocaq ortaya çıxara bilər.
Üçüncü olaraq isə, ABŞ qoşunlarınının Suriyaya yeridilməsi Rusiya və Çinlə olan onsuz da gərgin münasibətləri daha da pisləşdirə bilər.
Yəni, ABŞ “xilafət”lə müharibə aparmayacaq, necə ki, iki il əvvəl Suriyanı kütləvi zərbələrə məruz qoymaq fikrindən daşındı. Vaşinqton İŞİD-i özgə əllərlə məhv etməyə çalışır. Qoy ərəblə ərəb döyüşsün. Amerikanın, türklərin, hətta İran və Rusiyanın köməyi ilə... təki İŞİD məhv edilsin.
Rusiya və İran hələ keçən ildən dəvət olunduqları anti-İŞİD koalisiyasına qoşulmaqdan imtina ediblər. Bu, “xilafət sevgisi”ndən irəli gəlmir, sadəcə ortada fikir ayrılıqları var.
Moskva sual verir: “Əgər İŞİD-ə qarşısınızsa, onda niyə Əsədi devirməyə çalışırsınız?”.
Artıq “bütün bəlaların səbəbi Əsəddir” cavabı Amerikanın özünü də qane etmir, amma Vaşinqton Dəməşqdəki rejimin getməsi tələbindən əl çəkmək istəmir.
ABŞ ilk növbədə Tehran və Moskvanın dəstəklədiyi Əsədi devirəcəyinə, Suriyada rıçaqları ələ keçirdikdə sonra İŞİD-ə qarşı güc qoyacağına inanırdı. Bu, açıq şəkildə bildirilməsə də, son proseslər onu göstərir. Lakin amerikayönümlü qüvvələrin o qədər uğurlu olmaması, bir tərəfdən Əsədin qətiyyəti, digər tərəfdən də İŞİD-in uğurları ABŞ-ı yenidən düşünməyə və Moskva ilə dialoqa getməyə vadar edir. Görünən proseslərdən şübhə yaranır ki, ABŞ ikili oyun aparır. Bir tərəfdən onun məhvini dəstəkləyən çıxışlar etməklə, digər tərəfdən də Əsəd rejimi devrilənə qədər güclənməsini arzulamaqla.
Bundan əvvəl ABŞ heç bir vəchlə üsyançıların Moskvadakı konsultasiyalara qatılmasına imkan vermirdi. Sanki vəziyyətə nəzarət əldən çıxa bilərdi.
Aydın məsələdir ki, əgər ABŞ “xilafət”in məhvini istəyirsə, Bəşər Əsədi devirmək arzusunu ikinci plana atmalıdır. Çünki Əsəd rejimi İŞİD-dən fərqli olaraq, regionda heç bir dövlətin sərhədləri üçün təhdid kəsb eləmir.
Məlumatlara görə, Lavrov Doxada İraq və Suriya qoşunlarından ibarət (kürdləri də cəlb etməklə) anti-İŞİD ordusu yaratmağı təklif edib.
ABŞ-ın nə cavab verəcəyi hələ məlum deyil. Lakin bu yaxınlarda ABŞ HHQ-sinə Əsədin mövqelərini bombalamağa imkan yaradan Obama digər tərəfdən Moskvadakı konsultasiyalara “dəstək” verir və bununla da demək istəyir ki, “suriyalıları barışdırmaq istəyirsiniz, buyurun, onsuz da sizdə alınmayacaq”.
Təbii ki, Suriya üsyançılarını birləşdirən Milli Koalisiya Vaşinqtonun icazəsi olmadan heç bir barışığa getməyəcək. Lakin görünən odur ki, Rusiya və İranın dəstəyi olmadan bölgədə sabitliyi bərpa etmək və ya ən azından, İŞİD-i məhv etmək mümkün olmayacaq. Belə olduğu halda, ABŞ Bəşər Əsədlə bağlı planlarını qeyri-müəyyən müddətə təxirə salmaq məcburiyyətində qalır.
Şərhlər