Avropanın terror panikası - PKK-ya münasibət dəyişəcəkmi?
10.08.2015 16:46 A-reaksiya 2808
Hələ iki ay əvvəl, iyun ayında Avropa Parlamentində PKK-nın terror siyahısından çıxarılması ilə bağlı təklif müzakirə olundu.
Bu təklif 493 əleyhinə, 138 lehinə və 64 bitərəf səs toplamaqla rədd edildi. Lakin sözügedən təklifi müdafiə edən bəzi sosialist parlamentarilər bu iddia ilə çıxış etdilər ki, Türkiyə və PKK arasında danışıqların, nizamlanma prosesinin getdiyi bir zamanda PKK-nın Avropada qadağan olunan və terrorçu qruplaşma kimi bilinən təşkilatlar siyahısından çıxarılması lazımdır.
Lakin zaman göstərdi ki, bu danışıqlar və nizamlanma prosesi PKK təəssübkeşlərinin möhkəmləndiyi HDP-nin parlamentə yol tapmasından sonra uğursuz məcraya yönəldi. Nizamlanma prosesinin terror aktları və silahlı hücumların müşayiəti ilə hər hansı naliyyətə aparmayacağı aydın məsələdir.
Habelə, Avropa İttifaqının müxtəlif institutlarında, ABŞ-da və G-8 üzvü olan bəzi ölkələrdə PKK-ya münasibətin birmənalı olmaması nizamlanma prosesinin və danışıqların da konkret mexanizm üzrə getməsinə maneə törədib.
Avropa Parlamenti yuxarıda qeyd olunan təklifi rədd etsə də, bir sıra Avropa siyasətçilərinin PKK simpatizanları olması bu qruplaşmanın Almaniya, Danimarka, Belçika, Niderland və Fransa kimi ölkələrdə fəal lobbi formalaşdırması və müxtəlif media qurumları yaratmasına imkanlar açıb.
Bir tərəfdən terror təşkilatı kimi tanınan PKK mənsubları öz ideyalarını müxtəlif adlar, fərqli dərnəklər altında yaya biliblər. Əlbəttə ki, Avropa demokratiyası buna imkan verir və Aİ-ni mühakimə etmək, ciddi yoxlamalara səsləmək absurd görünə bilər.
Digər tərəfdən isə Avropa İttifaqında İŞİD xofu yaşanır və bu xof özünü İslamofobiya əhval-ruhiyyəsində də göstərir. ABŞ-ın və Avropa ölkələrinin təhlükəsizlik xidmətləri müxtəlif icma və təşkilatlara, fondlara nəzarət tətbiq etdiyi zamanda, PKK-nın fəaliyyətinin bilərəkdən və ya bilməyərəkdən diqqətdən kənar qalması sual doğurur.
Ola bilər ki, Avropanın müəyyən siyasi dairələrində PKK və İŞİD-ə baxış fərqlidir və marksist-leninist təmayüllü terror təşkilatı islamçıların terror təşkilatına nisbətən Avropa üçün təhlükəli görünmür. Çünki PKK-nın əsas hədəfi Türkiyə və onun suverenliyidir (İraq, Suriya və İran ərazilərinə də iddialarla yanaşı).
İŞİD-ə qarşı mübarizədə “peşmərgə qoşunları” adı altında Qərb ölkələrindən xeyli maddi və texniki dəstək görən PKK-çılar öz fəaliyyət dairələrini genişləndirib, İraq və Suriyada möhkəmlənməyi bacarıblar. Türkiyə parlamentinə PKK simpatizanları da yol tapdıqdan sonra, daha radikal addımlar atmağa başlayan qruplaşma hazırda Türkiyə HHQ-sindən güclü zərbələr alsa da, İrana qaçan döyüşçülərin böyük qismi PKK-nın İran qanadı kimi tanınan PJAK sıralarına qoşulub və indi bu ölkədə fəallaşmağa, terror hücumları törətməyə başlayıblar.
PKK-nın təsir dairəsinin genişlənməsi İŞİD-in güclənməsi fonunda baş verdi, lakin hər iki terror təşkilatının taktikası və mahiyyəti bir-birinə çox bənzəyir – bəzi ölkələr fərqlər qoysalar da.
Türkiyənin terror əməliyyatlarını sözdə dəstəkləyən Avropa ölkələrinin haqqlarında qırmızı bülleten çıxarılan 650 PKK terroristi ekstradisiya etməməsi terrorla mübarizədə səmimiyyətin sorğulanmasına səbəb olur.
İŞİD Suriyada Bəşər Əsəd rejiminə qarşı “mübarizə” iddiası ilə Qərbin və müxtəlif qrupların dəstəyindən istifadə etdi, lakin Rusiya və İranın dəstəklədiyi Dəməşqə “bata bilməyincə”, Suriyada tutduğu ərazilərlə müvəqqəti olaraq kifayətlənərək, daxili ədavətlərdən zəifləmiş və vahid, güclü ordusu olmayan İraqın şimal ərazilərini ələ keçirdi.
Artıq iki dövlətin əraziləri hesabına bir “dövlət” yaratmış olan İŞİD-in yolunu PKK-nın da getmək istədiyi aydın görünür. PKK da zamanla İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Qərbin dəstəyindən istifadə edə, bölgədə möhkəmlənərək növbəti “dövlət” yarada bilərdi... Hətta Şimali İraq Kürd Muxtariyyətini də tanımayan, radikal və Şimali Koreya tipli aqressiv bir “dövlətdən söz gedə bilər.
Bəzi ekspertlər PKK-nın Türkiyədə aktivləşməkdə müəyyən qədər tələsdiyini deyirlər. Belə ki, həm İŞİD-in, həm də PKK-nın silahlı toqquşmaları Türkiyə ərazisinə keçirməklə, bu ölkəni “ikinci Suriya” olaraq bölüşdürməyə ümid etdikləri, Türkiyədəki simpatizanları vasitəsilə möhkəmlənməyə çalışdıqları şübhə doğurmur.
Lakin Türkiyənin əks-kəşfiyyatı və xüsusi təyinatlı dəstələri ilk həmlələrdən bu qruplaşmalara ağır zərbələr endirməklə, “ikinci Suriya” xəyalını alt-üst etdilər.
İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani də anti-terror əməliyyatlarını dəstəklədiyini bildirdi. Eyni zamanda, kürdlər arasında böyük rəğbət sahibi olan məşhur müğənni İbrahim Tatlısəs terroru lənətləyərək Türkiyənin bütövlüyünü dəstəklədi.
Burada siyasi nüfuz və biznes maraqlarından başqa, bölgənin yeni bir müharibəyə sürüklənməsi mövzuya çevrilib. Səddam Hüseynin devrilməsindən bu yana keçən 12 il ərzində İraq kürdləri xeyli imtiyaz və üstünlüklər əldə ediblər. Hətta, İŞİD problemi olmasaydı, İraqın şimalında referendumun keçirilməsi və müstəqil Kürdüstanın qurulması planlaşdırılırdı.
PKK-nın sistemsiz və hövsələsiz addımları prosesin siyasi tərəflərini tamamilə zərbə altında qoyur və hər şeyi sıfırdan başlamaq məcburiyyəti yaradır.
Bütün bu proseslər fonunda Avropa siyasilərinin sərgilədiyi qeyri-müəyyən siyasət də diqqəti cəlb edir. NATO Türkiyənin anti-terror əməliyyatlarını dəstəkləyir, amma Almaniya kansleri Angela Merkel bildirir ki, “iki əsgərə görə PKK düşərgələrini bombalamağa ehtiyac yox idi”.
ABŞ və Almaniya bir-iki absurd bəyanatları çıxmaqla, PKK məsələsində hansısa sükut göstərirlərsə, bu da sırf Türkiyə kimi müttəfiqi itirməmək üçün dəyərləndirilə bilər. ABŞ və Avropa ölkələri İŞİD təhlükəsinin qarşısını Türkiyənin köməyi olmadan almağın mümkünlüyünü anlayırlar və bununla belə, sanki ehtiyatlanaraq Ankaranı “diqqəti yayındırmamağa” və “PKK-ya hücum etməməyə çağırırlar”.
Hər halda, Türkiyə öz ərazisində terror aktlarına son vermək üçün qəti addımlar atmağa məcburdur. Zəruri addımlar mühakimə oluna bilməz. Güman ki, Türkiyənin PKK-ya hücumları da bir müddət sonra səngiyə bilər və dialoq yeni formada başlayar.
Belə olduğu halda, sual yaranır: Bəs Qərb dövlətləri bölgədə sabitliyi bərpa etmək, terrorun kökünü kəsmək üçün, PKK-nı növbəti təhdid kimi dəyərləndirəcəkmi?.
İslam təmayüllü olmayan, amma sülhə qarşı təhlükə daşıyan bir terror qruplaşmasının Yaxın Şərqdə yenidən çiçəklənməsini, yoxsa süqutunu izləyəcəyik?
Tarix göstərib ki, terrora qarşı konkret münasibət olmasa, təhdidlərdən sığortalanmaq mümkün olmayacaq.
Şərhlər