Ümid yalnız Putin-Ərdoğan görüşünədir – Şərh
06.09.2018 13:52 A-reaksiya 1214
İdliblə bağlı yeganə ümid Putinlə Ərdoğanın təkbətək görüşünədir.
Bu sözləri Putin-Ərdoğan görüşü ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq İdlib məsələsində prinsipial razılaşmanın hələ Astana görüşündə əldə olunduğunu qeyd edib:
“Suriya ərazisində uçuş qadağan edilmiş dörd zona müəyyənləşdirilmişdi ki, onlardan biri də İdlib vilayəti idi. Rusiya tərəfindən faktiki olaraq Astana görüşünün müddəaları pozulmaqdadır. Türkiyə tərəfi Rusiya ilə əlaqəyə girib bu məsələ ətrafında fikir mübadiləsi aparsa da, hələ ki konkret bir nəticəyə gəlinməyib. Ona görə də İdliblə bağlı yeganə ümid Putinlə Ərdoğanın təkbətək görüşünədir. Bəzi rus politoloqları bu görüşdə razılıq əldə ediləcəyinə və Türkiyənin maraqlarına toxunulmayacağına əminliklərini ifadə ediblər. Ancaq İdliblə bağlı kompromis bir qərarın alınmasına yüz faiz təminat vermək olmaz. Çünki Rusiya Hmeymim və Tartus bazasının taleyini nəzərə alaraq, bölgədəki maraqlarına ciddi təhlükə yarandığını və bu təhlükənin də guya siyasi müxalifətin içərisində Əl Qaidəyə yaxın olan Nüsrə Cəbhəsindən gəldiyini bildirir. Ancaq bütövlükdə müxalifətin böyük bir hissəsini Suriya Azadlıq Ordusu və bilavasitə Türkiyənin təlim keçdiyi qüvvələr təşkil edir”.
Politoloq bildirib ki, Putinlə Ərdoğan arasında prinsipial razılaşma əldə olunarsa, vəziyyəti nizamlamaq mümkün olacaq:
“Ancaq tərəflərin İdlib məsələsində razılaşmaya sona qədər əməl etməməsi təhlükəsi də var. Çünki ABŞ gəmiləri artıq Suriya sahillərinə yaxınlaşmaqdadır və bu faktor Rusiyanı razılaşmaya əməl etməkdən çəkindirə bilər. Hər halda Rusiyanın bölgəyə qoşun yeritməsi də çox təhlükəli hərbi qarşıdurmadan xəbər verir. Türkiyənin bu avantürist siyasətə qoşulması və bundan zərər çəkməsi isə qəti arzuolunmazdır. Ona görə də Türkiyə bu prosesdə ayıq olmalıdır”.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Tehranda təkbətək görüşəcəyini açıqlayıb(axar)
Şərhlər