Ziya Məmmədovun tikdiyi yol niyə tez dağıldı – səbəblər
11.09.2018 13:07 A-reaksiya 1196
Bakı-Quba-Rusiya avtomobil yolu ilə bağlı ekspert təklif edir ki, yeyintiyə yol vermiş şəxslər haqda istintaq başladılsın, cəzalandırma olsun; sabiq nəqliyyat nazirinin vaxtında tikilən yollar və körpülər sıradan çıxır
Bakı-Quba-Rusiya yolunun dağılması ilə bağlı son günlər sosial şəbəkələrdə statuslar və fotolar nəzərəçarpacaq dərəcədə artıb. Hələ 2009-cu ildə o dövrün nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra - 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün - yolun istismara verilməsindən 9 il sonra Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmaq üzrədir. İş o yerə çatıb ki, beton yolun dağılmış hissələri asfaltla əvəzlənir, bəzi yerlərdə isə asfalt yamaqlarla yararsız hala düşmüş yol təmir olunur.
Ekspert Elməddin Muradlı “Yeni Müsavat”a yaranmış vəziyyəti şərh edərkən deyib ki, Bakı-Quba-Rusiya yolunun dağılma səbəbləri haqda illərdir ki, mətbuatda fikirlər söylənilir: “Bakı-Quba-Rusiya yolu tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınmalı idi. Təəssüf ki, hələ həmin yol çəkilərkən normativlərin nəzərə alınmadığı, yol təsərrüfatının əsaslarına söykənmədiyi haqda faktlar vardı. Həmin yolun tikintisini ilkin dövrdə alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri işdən uzaqlaşdırdı. Bunu belə əsaslandırdılar ki, həmin işləri yerli mütəxəssislər də görə bilər. Beləcə, yolu tikib təhvil verdilər. O yolla bağlı göstərdikləri zəmanət müddəti də özünü doğrultmadı. Təhvil veriləndən 3-4 il sonra yol erroziyaya uğradı, dağılmağa başladı. Bu, dövlət büdcəsinə birbaşa zərbə vurmaqdır. Hazırda həmin yolu hissə-hissə təmir edirlər. Bu da büdcədən vəsait ayrılması hesabına başa gəlir. Bu məsələlərlə bağlı Baş Prokurorluq cinayət işi başlaya və müvafiq araşdırma apara bilər. Əmin edirəm ki, cinayət işi başlansa, həmin yolun çəkilişində iştirak etmiş məsul şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər, azı 20 nəfər həbsə göndərilər”.
Elməddin Muradlı
Elməddin Muradlının fikrincə, yol təhvil veriləndə 30 illik zəmanət verilib, sifarişçi olan Azərbaycan dövləti qarşısında öhdəlik götürülüb: “Nəqliyyat Nazirliyinin rəhbərliyi, Ziya Məmmədov başda olmaqla, verilmiş zəmanətlə bağlı sorğulanmalı, yolun dağılmasının keyfiyyətsiz materiallar, xüsusən beton qarışıqlarında istifadə edilən sementin markası doğru-dürüst müəyyən edilməldir. Bu gün də bunu etmək mümkündür. Yoldakı betondan nümunə götürməklə hansı markalı sementdən istehsal edildiyini aydınlaşdırmaq olar. Bu məsələ bu gün araşdırılmasa, Azərbaycanda yol problemi, yolların dağılıb sıradan çıxarması problemi həll edilməmiş qalacaq. Yol çəkənlər, yol çəkilişinə rəhbərlik edənlər görməlidirlər ki, keyfiyyətsiz yol çəkilişi, yol çəkilişi zamanı işə vicdansız yanaşma, nəzərdə tutulan materialların daha aşağı keyfiyyətli materiallarla əvəzlənməsi qanunla cəzalandırılır. İnsanlar bunu dərk etməli, görməlidirlər. Əks halda, vəziyyət dəyişməyəcək”.
E.Muradlı deyir ki, rəsmilər Bakı-Quba-Rusiya yolunun dağılmasının əsas səbəbi kimi ağır tonnajlı maşınların həmin yolla hərəkətini göstərirlər: “Yol çəkilişindən sonra müvafiq qurumlara dəfələrlə sorğular verib Bakı-Quba-Rusiya yolunda neçə tonluq yük maşınlarının hərəkətinə hesablanmasını açıqlamalarını xahiş etmişəm. Açıqlamayıblar, gizli saxlayıblar. Ümumi cavablar verib, yaxalarını kənara çəkiblər. Halbuki bu məlumat açıq olmalıdır. Bu gün dünyada yol çəkilişi praktikası var. Məsələn, yol çəkilərkən nəzərə alınır ki, gələcəkdə 5 qat artıq yükə dözümlü olsun. Yolda 25 tonluq ”KamAZ"ın hərəkəti nəzərə alınırsa, 26 tonluq maşının da yoldan istifadəsi yolveriləndir. Yəni yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Daha bizdəki kimi 3-5 il sonra dağılacaq qədər zəif tikilməməli idi. İstənilən halda yolun pis tikilməsi və istifadəyə veriləndən sonra lazımınca nəzarət edilmədiyi göz qabağındadır. Əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı. Digər tərəfdən, Bakı-Quba-Rusiya yolu ağır tonnajlı maşınlara görə dağılıbsa, bəs Bakı Dairəvi Yolunun Hövsan istiqamətində çəkilmiş beton yol niyə dağılır? Həmin yoldan ki, ağır tonnajlı maşınlar keçmir. Oradan uzağı avtobus və ya mikroavtobuslar keçir, əsasən minik maşınları şütüyür. Həmin yolu da Ziya Məmmədov nəqliyyat naziri olarkən çəkiblər. Nəqliyyat Nazirliyinin dövründə çəkilən yollar bu gün yenidən çəkilir. Çünki yol çəkilişi məsuliyyətsizlik və nəzarətsizlik şəraitində aparılıb. Büdcədən yol çəkilişi üçün ayrılan pulların heç 30 faizi təyinatı üzrə xərclənməyib. Ziya Məmmədovun dövründə inşa edilmiş körpülərdə artıq çatlar əmələ gəlib. Avtovağzaldan Bakı şəhərinə daxil olmadan kənar yolla gedəndə maşın özü-özünə atılıb düşür. Çünki yolda “qarmoşka” əmələ gəlib. Səbəb də odur ki, yol yatağında çəkilişdən əvvəl bərkitmə işləri lazımi qaydada aparılmayıb. Bu məsələləri istintaq qrupu yaratmaqla araşdırmaq, təqsirkar şəxslərin dairəsini müəyyən edib cəzaya çatdırmaq olar. Bu yola baş vurulsa, keyfiyyətsiz yol problemi gələcək nəsillərə miras qalmaz".
Qeyd edək ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.
2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Beton yolun 30 ilə davam gətirəcəyi açıqlansa da, 2009-cu ildən istismara verilən yol 3 il sonra dağılmağa başladı.
Reaksiya.az
Şərhlər