Ermənistanın Azərbaycana müharibə elan etməsinin pərdəarxası məqamları - düşmən qorxu içindədi

14.09.2018 12:24     A-reaksiya     1185

Paşinyan diqqəti daxildən yayındırmaq üçün yeni ssenari qurub; politoloq: “Təlimlərin “ssenarisi” Ermənistanın sərhədlərindən kənarda yazılıb”

Ermənistan parlamentinin sentyabrın 12-də keçirilən iclasında avantürist qərar çıxarılıb. Belə ki, işğalçı ölkənin Milli Məclisinin fövqəladə iclasında Ermənistan ərazisində başlayan “Şant-2018" (İldırım 2018") komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana rəsmən ”müharibə elan edilməsi haqqında" qərar qəbul olunub.

Qeyd edək ki, Ermənistanda 11 sentyabrdan etibarən “Şant-2018" komanda-qərargah təlimləri keçirilir. Təlimlər 14 sentyabradək davam edəcək. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakterlidir və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Картинки по запросу Э

Ancaq Ermənistan parlamentinin bu qərarı N.Paşinyan hökumətinin işğalı davam etdirməkdə qərarlı olduğunu və danışıqları pozmaq niyyətini nümayiş etdirir. Bu, həm də hakimiyyətin diqqəti daxildəki qarışıqlıqdan yayındırmaq, xalqın diqqətini “xarici düşmənə” yönəltmək cəhdi də sayıla bilər.

Onu da xatırladaq ki, Ermənistan parlamenti oyuncaq qərarını məhz ATƏT-in baş katibi Tomas Qremingerin Bakıda olduğu və Azərbaycan prezidenti ilə Qarabağ müzakirəsi apardığı saatlarda qəbul edib. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyev Nikol Paşinyan hökumətinin danışıqları pozmaq niyyəti barədə ATƏT rəsmisinə fikirlərini çatdırmışdı. Belə bir məqamda İrəvanın növbəti təxribatı əslində ATƏT rəhbərliyi də daxil, beynəlxalq aləmə meydan oxumaq niyyətindən xəbər verir. Düzdür, Ermənistan heç zaman Azərbaycana müharibə elan etmək iqtidarında olmayıb və buna cəsarət etməz. Lakin “tamaşa” olsa belə, İrəvanın bu addımı ciddi təxribatdır, şantaj xarakterlidir və Ermənistanın işğalçı siyasətinin mahiyyətinə tam uyğundur...

“Ermənistanda keçirilən ”Şant-2018" hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir". Bunu “Yeni Müsavat”-a açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi. Nazirlik sözçüsünün dediyinə görə, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sərkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur: “Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə və ”müharibə oyunları" kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

Картинки по запросу Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov

Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov “Moderator.az”-a açıqlamasında Ermənistanın Azərbaycana çoxdan müharibə elan etdiyinə diqqət çəkib: “Əslində Ermənistan Azərbaycana çoxdan müharibə elan edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Ermənistanın militarist siyasətini ifşa etmək üçün bundan daha artıq fakta ehtiyac yoxdur”.

Sabiq nazirin fikrincə, baş verənlər Ermənistandakı mövcud hakimiyyətin mahiyyətini əks etdirməklə yanaşı, həm də Minsk qrupunun fəaliyyətsizliyini göstərir.

“Virtiualaz.org” isə yazıb ki, parlamentin saytında əlavə məlumatlar da əksini tapıb. Belə ki, burada Ermənistan parlamentinin sədrinin qərar qəbul olunduqdan sonra gördüyü tədbirlərdən danışılır: “Qərar qəbul edildikdən sonra Ermənistan parlamentinin sədri, daimi komitələrin sədrləri və dostluq qruplarının rəhbərləri beynəlxalq tərəfdaşları Ermənistanda yaranmış vəziyyətlə bağlı məlumatlandırıblar və erməni tərəfinin mövqeyi barədə ətraflı informasiya veriblər”.

Paşinyan 13 sentyabrda “İldırım 2018" komanda-qərargah təlimləri çərçivəsində Müdafiə Nazirliyinə gedib və qısa brifinq keçirib.

Картинки по запросу Paşinyan  “İldırım 2018"

Paşinyan deyib ki, təlimlərin ssenarisində ”ən pis variant" nəzərdən keçirilir, məqsəd “ən yaxşı varianta” hazırlaşmaqdır. Bununla belə o, ssenarinin 2016-cı ilin aprel hadisələrini təkrarlamadığını deyib: “Ermənistan Dağlıq Qarabağın qarantıdır. Əlbəttə, hərbi situasiya əsasən Qarabağ münaqişəsi ilə bağlıdır”. Paşinyan Dağlıq Qarabağın mümkün müharibəyə qarşı hazırlığının da təlimlərdə “nəzərə alındığını” deyib.

Təlimlərin ssenarisinə əsasən, regionda vəziyyətin kəskinləşməsindən istifadə edən Azərbaycan Qarabağda müharibəyə başlayır, eyni zamanda Ermənistanın sərhəd kəndlərini atəşə tutur. Azərbaycanı Türkiyə dəstəkləyir. Ermənistan kömək üçün KTMT-yə müraciət edir və Birləşmiş Rusiya-Ermənistan qoşun qruplaşması çərçivəsində “tədbirlər görülür”.

Bu “qərar”da Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istiqamətində də cəhdlər sezilir.

Ancaq bu arada “Rus NATO”-su ilə bağlı təəssüf doğuran növbəti xəbər yayılıb. Avrasiya İttifaqının İqtisadi Komissiyasının son 3 il ərzində dərc etdiyi sənədlərdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib. Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda beynəlxalq təşkilata üzv ölkələrin vəziyyətini əks etdirən sənədlərdə Dağlıq Qarabağ və ətraf rayonların rəsmi İrəvanın ərazisi kimi təsvir olunduğunu görmək mümkündür. “Avrasiya İqtisadi İttifaqına üzv ölkələr haqda ümumi informasiya” adlanan sənəd 2016, 2017 və 2018-ci illərdə çap edilmiş nüsxələrində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

Hələlik rəsmi Bakı məsələyə reaksiya verməyə tələsmir. Amma bütün bunların eyni vaxta düşməsi də təsadüfə oxşamır.

Похожее изображение

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Ermənistanın məlum təxribatının arxasında da təkcə rəsmi İrəvan dayanmır: “Hesab edirəm ki, təlimlərin ”ssenarisi" Ermənistanın sərhədlərindən kənarda yazılıb və bu “ssenari”nin təməlində Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün ata biləcəyi addımlar, bu prosesə qoşula biləcək regional güc mərkəzlərinin mövqeyi haqqında öncədən ictimai rəyi formalaşdırmaq niyyəti dayanır. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bu təxribat xarakterli “ssenari”nin nə zamansa baş tutması və həyata keçməsi mümkün deyil. Bu informatik təxribatdır və çox güman ki, sentyabrın 15-də Bakının işğalçı, cinayətkar erməni-bolşevik hərbi birləşmələrindən xilas edilməsi ilə bağlı keçiriləcək möhtəşəm hərbi paradın Ermənistan cəmiyyətində doğura biləcəyi qorxu və həyəcana qarşı önləyici tədbir xarakteri daşıyır".

E.Mirzəbəylinin qənaətinə görə, 15 sentyabrda bu iyrənc təxribatın cavabı o qədər ciddi şəkildə veriləcək ki, Paşinyan da, oynadanlar da öz iddialarının sərhədlərini bilsinlər: “Bununla yanaşı, Ermənistanın KTMT adından istifadə etməklə informatik təxribat törətdiyi, regionda vəziyyəti daha da gərginləşdirdiyi barədə qurum üzvü olan dövlətlərə, xüsusilə də Qazaxıstan, Qırğızıstan və Belarusa, həmçinin Rusiyaya müraciət olunmalıdır. Bu kimi addımların müharibə ilə təhdid xarakteri daşıdığı üçün BMT-nin Nizamnaməsinə və BMT-də müşahidəçi statusu ilə təmsil olunan KTMT-nin əsasnaməsinə zidd olduğu onların diqqətinə çatdırılmalıdır”.

Reaksya.az

Şərhlər