Etimadı doğrultmadığına görə “əlvida” deyilən nazirlər, məmurlar...

12.10.2018 12:05     A-reaksiya     1212

Səlim Müslümov, Heydər Əsədov, Rüfət Aslanlı onlara yaradılan şəraitə rəğmən məsul olduqları sahələrdəki problemləri aradan qaldıra bilmədilər

Azərbaycanda böyük ümidlərlə, yüksək etimadla vəzifəyə gətirilən məmurlar çoxdur. Onların arasında təyin olunduğu vəzifənin öhdəsindən gəlib, etimadı doğruldanlar da var, fəaliyyətini düzgün qura bilməyib ulduzu sönənlər də.

Sonuncu qismə aid ediləcək məmurlardan biri sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Dövlət Sosial Müdafiə Fondunun sədri olaraq S.Müslümov genişmiqyaslı pensiya islahatının təşəbbüskarı və icraçısı kimi nüfuz qazanmışdı. Pensiya sistemindəki çalışmalarına görə nazir təyin oldunduğu zaman onun sosial sahədəki qanun pozuntuları və korrupsiyanın qarşısını alacağına dair ümidlər böyük idi. Dövlət rəhbərliyi tərəfindən ona hər cür dəstək verilirdi. Nazir olaraq ilk fəaliyyətə başladığı dövrdə S.Müslümov ona olan inamı artıran bir sıra addımlar da atdı: nazirliyin 10-dan çox  yuxarı yüksək vəzifəli şəxsini nümayişkaranə şəkildə kollegiya zamanı işdən uzaqlaşdırdı, zona həkim komissiyalarında (TSEK) ciddi proseslər başlatdı, bir sıra həkimlər əlillik üçün rüşvət alarkən yaxalandılar. Lakin az keçmədən məlum oldu ki, S.Müslümovun addımlarının arxasında əslində gəlirli yerlərə öz adamlarını təyin etmək məqsədi dayanıbmış. Gözləntilərin əksinə olaraq, sabiq nazir əlilliyin təyinatı, ünvanlı sosial yardımın verilməsi sahəsindəki qanunsuzluqları nəinki aradan qaldıra bildi, əksinə, bu sahələrdə korrupsiya və rüşvətxorluq daha da çiçəkləndi. Eyni proses pensiya təyinatı və verilməsi sistemində də qeydə alındı. Buna görə də aprel seçkilərindən sonra S.Müslümova etimad göstərilmədi.

Heydər Əsədov ile ilgili görsel sonucu

Ümidləri doğrultmayan məmurlardan biri də sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov sayıla bilər. Qeyri-neft iqtisadiyyatının, xüsusilə də aqrar sektorun ölkə rəhbərliyinin diqqət mərkəzinə gəldiyi bir məqamda bu sahənin başına gətirilən H.Əsədovun, nəhayət ki, ciddi nəticələr əldə edəcəyi gözlənilirdi. Onun isə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri olduqdan sonra ilk işi ətrafına özü kimi maliyyəçiləri toplamaq oldu. On illərlə kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssislər işdən uzaqlaşdırıldı, əvəzində işdən məlumatsız maliyyəçilər götürüldü.

Ölkə rəhbərliyinin aqrar sektora həssas yanaşması, onun dirçəlməsi üçün lazım olan bütün maliyyə və resurs dəstəyini əsirgəməməsi kənd təsərrüfatına rəhbərlik edən şəxsin çevik işləyən, sahəni doğru-düzgün bilən, nəhayət, ölkə qarşısındakı yeni çağırışlara cavab verəcək biri olmasını tələb edirdi. Lakin təcrübə göstərdi ki, H. Əsədov bu tələblərin heç birinə cavab vermədi.

H.Əsədovun nazir təyinatından az sonra KTN daxilində, xüsusilə də əsas korrupsiya mənbəyinə çevrilmiş “Aqrolizinq” ASC sistemində müəyyən dəyişikliklər oldu, bir sıra rayonlarda yerli şöbə rəhbərləri işdən çıxarıldı. Bununla da gözlənilirdi ki, kənd təsərrüfatı istehsalçılarına dövlət subsidiyalarını, texniki yardımı paylayan bu qurumda vəziyyət düzələcək, yerlərdə müşahidə olunan neqativ hallara son qoyulacaq. Lakin az müddətdən - “Aqrolizinq”ə H.Əsədovun adamları yerləşdiriləndən sonra yenidən hər şey köhnə məcrasına qayıtdı. Yenə də dövlət xətti ilə alınıb gətirilən kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli satışında ayrı-seçkilik, korrupsiya bərpa olundu. Eyni zamanda güzəştli qiymətlərlə gübrə satışında özbaşınalıqlar davam etdi.

Kənd təsərrüfatı texnikasının, damazlıq mal-qaranın, gübrələrin alınması üçün keçirilən tenderlərdə qapalılıq hökm sürür, heç kimin tanımadığı, hətta qeydiyyatdan keçdiyi ölkələrin reyestrində belə barəsində hər hansı məlumat olmayan şirkətlər qalib elan olunurdu. Bütün bu səbəblər 5 ilə H.Əsədova olan etimad limitinin artıqlaması ilə bitməsinə gətirib çıxartdı.

Ona göstərilən etimadı doğrultmayaraq vəzifəsindən olan məmurlar arasında postunda ən az qalan, yəqin ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının rəhbəri Rüfət Aslanlıdır. Palataya çoxsaylı dövlət qurumlarının səlahiyyətləri verilməklə onun maliyyə-bank sektorunda 2015-ci ildən başlayan böhranın aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağı planlaşdırılırdı.

Rüfət Aslanlı ile ilgili görsel sonucu

Bu məqsədlə Mərkəzi Bankın əsas səaliyyətlərinin mühüm bir qismi də alınıb R.Aslanlıya verildi. Palata maliyyə-bank sektorunun əsas tənzimləyicisi və söz sahibinə çevrildi. Gənc və perspektivli kadr hesab olunan R.Aslanlının istəkləri, təklifləri yetərincə dəstəkləndi. Lakin az keçmiş aydın oldu ki, sahənin peşəkarı sayılmasına rəğmən, o, heç də problemlərə obyektiv və kompleks yanaşmağı bacarmır. Xüsusilə ölkənin ikinci böyük bankı olan “StandardBank”la bağlı atılan qeyri-ardıcıl, sistemsiz  addımlar, külli miqdarda dövlət vəsaitinin bu bankın sağlamlaşdırılması adı altında israf edilməsi R.Aslanlının ciddi səhvlərindən biri kimi dəyərləndirilməlidir.

Ölkədə nağd ödəmələrin həcminin kiçildilməsi istiqamətində Palatanın atdığı radikal məhdudlaşdırıcı tədbirlər isə onun rəhbərinin ictimai nüfuzuna ən ciddi zərbələrdən biri oldu. Təsadüfi deyil ki, bu addımlar ciddi bir nəticənin əldə olunmasına gətirib çıxarmadı.

R.Aslanlının “qələminin qırılmasına” səbəb olan daha bir amil onun dəbdəbəli həyat tərzinə aludəçiliyi oldu. Belə ki, Fransada məşhur şərab şirkətindən öz adına şərab bağlatması, bahalı məclislərə təşkilatçılıq etməsi, nəhayət, Palatada özünə yüksək əmək haqqı təyin etməsi barədə yayılan məlumat və faktlar isə onun üçün digər ağır zərbə sayılmalıdır.

Böyük ümidlərə rəğmən, R.Aslanlının tənzimlədiyi bank sektoru ölkə iqtisadiyyatının böhrandan hələ də çıxa bilməyən bəlkə də yeganə sahəsidir. Bu və sadaladığımız digər amillər yekunda onunla bağlı yəqin ki, indiyə qədər görünməmiş addımın atılmasını şərtləndirdi: vəzifəsi bütünlüklə ləğv edildi.(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar