ABŞ-dan Paşinyana “ya hərb, ya sülh” çağırışı nə vəd edir?
19.10.2018 10:35 A-reaksiya 1106
Vaşinqtonun işğalçı ölkədəki diplomatının İrəvanı tərk etmək ərəfəsində dediklərinə fərqli yanaşmalar; Tofiq Zülfüqarov: “ABŞ-ın mövqeyi həmişə bu tezislər əsasında formalaşıb”
İşğalçı Ermənistan Düşənbə anlaşmasına zidd siyasətini sərgiləməklə faktiki olaraq Azərbaycanı savaşa çəkir. Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan üçüncü yolun çəkilməsi, üstəlik, Kəlbəcər rayonunda “Sidney” qəsəbəsinin salınması bu təxribatların davamıdır.
Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda “Sidney” adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir: “Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir”. Açıqlamada qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır: “Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır”.
Əslində rəsmi Bakı danışıqlara sadiqlik nümayiş etdirərək Nikol Paşinyan hakimiyyətinə sələflərinin səhvlərini təkrarlamamaqdan ötrü şans vermişdi. Onun konstruktiv olacağına dair ümidlər də ifadə olunurdu. Lakin görünən budur ki, Ermənistan rəhbərliyinin dili ilə əməli düz gəlmir. Baş nazir postundan istefa versə də, səlahiyyətlərinin icrasına davam edən N.Paşinyan isə iki həftə əvvəl dediklərini “unudub” və sakitlikdən yararlanaraq Qarabağın ilhaqı istiqamətində növbəti cəhdlərini davam etdirir.
Ermənistan hakimiyyətinin bu davranışlarının ümumilikdə bölgə üçün təhlükəli olduğunu İrəvanda dərk etməsələr də, aparıcı dünya ölkələrinin paytaxtlarında doğru-düzgün qiymətləndirirlər. İşğalçıya edilən son çağırışlar da bunun məntiqi nəticəsi sayıla bilər. Ermənistanda erkən parlament seçkilərinə iki aya yaxın vaxt qaldığı müddətdə ABŞ-ın Ermənistandakı səfiri, “məxməri inqilab”ın memarı saylan Riçard Millz “EVN Report” erməni nəşrinə müsahibəsinə diqqətçəkən fikirlər açıqlayıb.
Diplomat Qarabağ probleminin işğal altında olan müəyyən ərazilər qaytarılmadan həllinin mümkün olmadığını söyləyib ki, bu fikirlər Ermənistanın siyasi elitasını silkələyib. “Ermənistan münaqişənin həlli üçün Azərbaycanla kompromislərə getməlidir. Ümid edirəm ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq”-Millz deyib. Amerika səfiri erməni ictimai rəyindəki Qarabağ yanaşmasının təhlükəli olmasına da işarə vurub: “Mən ilk dəfə ölkəyə gələndə çox təəccübləndim ki, ermənilərin böyük hissəsi işğal altındakı ərazilərin qaytarılmasına qarşı çıxır. Torpaqların qaytarılması ”Madrid prinsipləri"nin əsas müddəalarındandır və istənilən nizamlama işğal olunmuş ərazilərin ən azı, müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək".
Ermənistan hakimiyyətini bir sıra hallarda Rusiyanın təzyiqlərindən belə qoruyan, onu açıq müdafiə edən ABŞ səfirinin Qarabağ açıqlaması müxtəlif yozumlara yol açıb. Hətta ABŞ-ın Qarabağ probleminin həlli ilə bağlı strategiyasının, həll planın olduğu barədə də nikbin yanaşmalar mövcuddur. Yeri gəlmişkən, bu həftə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bölgəyə, o cümlədən Ermənistana da səfər edəcək. Şübhə yoxdur ki, bu səfərdə Qarabağ məsələsi də əsas müzakirə mövzularından biri olacaq.
Ötən həftə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Bakıda olarkən Ermənistana BMT qətnamələrini xatırlatdı. “Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə keçirdiyi görüş öz-özlüyündə yaxşı bir siqnaldır, yaxşı bir rəmzi məna daşıyır. Bu görüşdən sonra təmas xəttində gərginliyin səviyyəsi kifayət qədər aşağı düşüb. Biz tərəflərə müraciət edərək danışıqların bu minvalla aparılmasına və atəşkəsin pozulmasının sayının aşağı düşməsinə təkan verməyə çağırırıq. Artıq sözügedən prinsiplər, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həyata keçirilən bir fəaliyyət olacaq”-diplomat deyib. ABŞ-ın Ermənistandakı səfirinin son bəyanatı Vaşinqtonun hansısa hazırlıqlarının olduğu haqda ümidlər yaradır.
“Washington Times” qəzeti də bu arada Ermənistandakı anarxiyadan yazıb. “Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidmətindən, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdikləri ağlasığmazdır. Dezinteqrasiya Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir”, - deyə nüfuzlu nəşr qeyd edib. Paşinyan hökumətinə mesajların perspektivləri necə olacaq, bunu demək çətindir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ səfirinin açıqlamasında yeniliyin olmadığını bildirdi: “ABŞ-ın mövqeyi həmişə bu tezislər əsasında formalaşıb. Hətta illik hesabatlar veriləndə də bu mövzuya yanaşmalar eyni olur. Sadəcə, ermənilərin bu reaksiyası təəccüblüdür. Bu da bir oyundur. Çünki bu mövqe onlara çoxdan bəllidir”. T.Zülfüqarov Amerika səfirinin rusiyalı həmkarının cavabına dıqqət çəkməyi vacib sayır: “Rusiya səfirinin mövqeyi qənaətbəxş deyil. Orada işğal olunmuş ərazilər barədə heç nə deyilmir. Burada müqayisə edib, hansısa nəticələr çıxartmaq üçün əsaslar var. Azərbaycan tərəfi bu mövzuya aydınlıq gətirilməsini tələb etməlidir. Hesab edirəm ki, rəsmi şəkildə bunun izahatının verilməsi tələbi qoyulmalıdır”. Eks-nazir Rusiya XİN-in Rusiya vətəndaşlarının Qarabağa qanunsuz səfərinə reaksiyasının da qaneedici olmadığını söylədi.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Millzin açıqlamasına sərt reaksiya verib. “ABŞ səfiri Ermənistanın daxili işinə qarışmamalıdır” deyə, Zaxarova deyib. XİN sözçüsü Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfirin çıxışından təəssüfləndiyini bildirib. Zaxarova qeyd edib ki, diplomat sonradan sözlərinə düzəliş etməyə çalışıb, lakin artıq gec idi. Qeyd edək ki, amerikalı səfir çıxışında bunları deyib: “Mən ABŞ hökumətinin və səfirliyinin Ermənistanda dəyişikliklərə dəstək verdiyini düşünmək istəyirəm. Təşəkkür edirəm ki, son onilliklərdə korrupsiyaya qarşı mübarizə aparan səslərin, eləcə də bir qrup insanın və hökumət rəsmilərinin Ermənistanı ədalətli etmək yolunda səyləri dəstəklənmişdir”. Bundan əlavə, xüsusi olaraq qeyd edək ki, Riçard Mills “İşğal edilmiş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil” deyə açıq bəyan edib. O mənada mümkündür ki, Dağlıq Qarabağ prosesini öz monopoliyasında saxlamağa çalışan Rusiya XİN-in əməkdaşını qəzəbləndirən də bu fikirdir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə daha geniş müstəvidə yanaşmağı zəruri saydı: “ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz İrəvandakı müsahibəsində konkret dedi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, torpaqların müəyyən hissəsini geri qaytarmalı olacaq. Maraqlıdır ki, Millz neçə ildir Ermənistanda fəaliyyət göstərir, ancaq yalnız indi həqiqəti İrəvanın üzünə deyir. Bunu da təqdir etmək lazımdır. Məsələn, biz başqa ölkələrin, hətta Azərbaycanı dost sayan ölkələrin Ermənistandakı səfirlərindən bu cür açıqlamalar eşitməmişik. Riçard Millz Ermənistandan geri qayıdır. ABŞ Ermənistana yeni səfir təyin edib. Buna baxmayaraq, Millz Ermənistan hakimiyyətinə konkret mesaj göndərdi. Mesaj bundan ibarətdir ki, Nikol Paşinyan dekabrdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalıdır. Əgər Paşinyan ABŞ səfirinin dediyi kimi, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verməsə, bu, bölgədə müharibə riskini artıracaq”. E.Şahinoğlunun fikrincə, Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır: “Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi. Ermənistanda ayyarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən ”Qarabağ klanı"nı həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq".
Politoloq da hesab edir ki, rəsmi İrəvanın təxribatlarını davam etdirməsini unutmaq olmaz: “İşğal altındakı ərazilərə yeni yol çəkilməsi, Kəlbəcərdə yeni qəsəbə salınması, Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti də bundan xəbər verir”.
Politoloq Qabil Hüseynli isə deyib ki, Armen Sərkisyanın Moskvadan qayıtdıqdan sonra dərhal Qarabağa gəlməsi və məhsul bayramında iştirak etmək adı altında qondarma qurumun rəhbəri Bako Saakyanla görüşməsi təsadüfi deyil:“Siyasi müşahidəçilər bu görüşün Moskvanın Dağlıq Qarabağla bağlı yeni təşəbbüslərlə əlaqəsinin olacağını istisna etmirlər. Moskva ABŞ-ın, bəzi Avropa ölkələrinin - Fransanın, Almaniyanın Dağlıq Qarabağ probleminin həllində fəallaşdığını görərək və vasitəçilik təşəbbüsünün əlindən çıxacağını düşünərək yenidən bütün ipləri əlində toplamağa, Ermənistanı tamamilə özünün nəzarəti altına almağa və danışıqlar prosesində əsas söz sahibi olmağa çalışır. Belə görünür, buna müəyyən dərəcədə nail ola bilib”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatları Rusiya Dövlət Dumasının sədri və digər komitələrə etiraz müraciəti göndərib (Modern.az). Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırladığı müraciət Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və digər komitələrə göndərilib. Müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan-Rus icmasının sədri Mixail Zabelin imzalayıb.
Maraqlıdır, ABŞ Qarabağla bağlı Azərbaycanı nisbətən qane edən mövqe nümayiş etdirməyə başlayıb. Bu təşəbbüs nə ilə nəticələnəcək, proqnoz vermək çox çətindir.
Şərhlər