"İstanbul bəyannaməsinin imzalanması İrəvan ilə Tehran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər"
01.11.2018 13:59 A-reaksiya 988
Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin 30 oktyabrın tarixində İstanbulda VI üçtərəfli görüşündə İstanbul bəyannaməsinin imzalanıb. Qəbul olunan bəyannamə Ermənistan tərəfindən təəssüf hissə ilə qarşılanıb və erməni cəmiyyətində narahatlıq yaradıb.
Buna səbəb İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannaməni imzalaması Ermənistanın beynəlxalq arenada münaqişəyə dair mövqeyinin daha da zəifləməsi və getdikcə təklənməsi deməkdir. Cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bütün dünya ölkələri gec-tez Qarbağla bağlı həqiqətləri qəbul edirlər.
Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb.
İstanbulda belə bir bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Türkiyə hər zaman öz böyük qardaşlıq mövqeyini nümayiş etdirərək Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri edir.
Ermənistan KİV-ləri yazır ki, İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atması böyük narahatçılığa səbəbdir.
Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tutub.
"Lakin indi isə Tehranın bu sənədə qoşulması onu göstərir ki, İran Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edir” – Ermənistanın nüfuzlu 1in.am analitik portalında dərc olunan məqalədə belə yazılır.
Bu zaman belə bir sual ortaya çıxır ki, İran-Ermənistan münasibətlərində hər hansı bir soyuqluq varmı?
Bir neçə ay bundan öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır.
Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdülər. Bu isə səmərəli danışıqlar üçün uyğun format hesab edilmir.
Bundan əlavə, Qərbin sanksiyaları fonunda İranda iqtisadi durum heç də istənilən səviyyədə deyil. ABŞ bu kontekstdə Cənubi Qafqaz üzrə siyasi konsepsiyasını dəyişdirərək İrana qarşı diplomatik və siyasi təzyiqlərini gücləndirmək niyyətindədir.
ABŞ prezidenti Donald Trumpın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya, Azərbaycana və Ermənistana səfəri də elə bu amilin reallaşdırılması üçün atılmış ilk addım olaraq qiymətləndirilıməlidir.
Buna görə də İran regionda Amerika varlığından narahatdır, bu isə, sözsüz ki, daxili və xarici böhran içərisində olan Ermənistana da təsir edir. Çünki İran Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir.
Ermənistanda da iqtisadi vəziyyət olduqca acınacaqlıdır və regionda olan bütün qlobal layihələrdən təcrid olunub.
Bütün bu siyasi proseslər timsalında isə Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib ki, bu da İranın maraqlarına cavab vermir. Paşinyanın Qərbə meylliliyi Rusiyanı da qıcıqlandırır. Fikrəmcə, Paşinyan və onun komandasının Rusiya ilə olan münasibətlərdəki gərginlik və ardınca İranla da belə bir gərginliyin yaşaması onların hakimiyyətinin sonu deməkdir.
İstanbul bəyannaməsinin İran tərəfindən də imzalanması düşünürəm ki, rəsmi İrəvan ilə Tehran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər.
Şərhlər