Ağ Evin Ermənistan planı...
01.11.2018 14:00 A-reaksiya 1311
ABŞ-ın mövqelərinin işğalçı ölkədə güclənməsinin Qarabağla bağlı dəyişəcəyi bir şey olacaqsa, o da Ermənistanın bir superdövlətin təsirindən çıxıb digərinin forpostuna çevrilməsidir
Son vaxtlar Qarabağ probleminin həlli ilə bağlı yeni situasiyanın yarandığı, Rusiyanın daha Ermənistanda marağının olmadığı, ABŞ-ın, həmçinin Kremlin münaqişəni Azərbaycanın xeyrinə həll etməkdə maraqlı olduğu haqda informasiyalar yayılmaqdadır. Maraqlıdır ki, istər ABŞ, istər Rusiya rəsmiləri, ideoloqları və siyasətçilərinin bəyanatları və açıqlamaları yerli politoloqlarımız tərəfindən problemin həllinin çox yaxında olması kimi şərh edilir. Guya Birləşmiş Ştatların Ermənistana tam nəzarəti ələ alması status-kvonun dəyişməsi, torpaqlarımızın azadlığı ilə nəticələnəcəkdir. Amma belə yanlış təhlillərin, fikir və düşüncələrin vaxtaşırı dövriyyəyə buraxılması Azərbaycan cəmiyyətində boşuna arxayınçılıq yaradır.
Əlbəttə, Birləşmiş Ştatların Ermənistanda maraqları ola bilər və var. Amma bu marağın yaranması Qarabağ probleminin Vaşinqton tərəfindən ədalətli həll ediləcəyi anlamına gəlmir. Söhbət sadəcə Ermənistanı Rusiyanın təsir dairəsindən tamamilə çıxarmaq və ABŞ-ın nəzarəti altına salmaq istəyindən gedir. Başqa niyyəti də yoxdur. Daha doğrusu, sonrakı istəklərini ilk istəyinin ardınca növbəyə düzmək planı var.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Ermənistana xitabən öz silahının Rusiyanınkından daha yaxşı, daha müasir olduğu mesajını verdi. Hələlik bu faktın özü göstərir ki, Vaşinqton Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsini, ya da ümumiyyətlə həll olunmamasını heç də Rusiyadan az istəmir. Və bundan ötrü İrəvana ən müasir silahlarını verməyə hazırdır. Bu əlbəttə Rusiyadan imtina üçün bir şirnikləndirmədir, həvəsləndirmədir. Amma həm də boş yerə yox. Ortada getdikcə regional gücdən qlobal güçə çevrilməyə doğru irəliləyən Türkiyə faktoru və bunun qarşısını almaq niyyəti var. İran faktoru da həmçinin. Bu baxımdan Ermənistan kimi forpost ölkədən istifadə ediləcəyi şübhəsizdir.
Digər tərəfdən, Ermənistanın Rusiyanın əlindən çıxması və bu səbəbdən Qarabağ probleminə nəzarətinin əhəmiyyətli şəkildə zəifləməsi, gələcəkdə Moskvanın Azərbaycana təsir imkanların da minimuma enməsinə və ya tam aradan qalxmasına gətirib çıxara bilər. Və beləliklə ölkəmizə təzyiq də bir qütbdən – ABŞ-dan gəlmiş olar. Bu halda Vaşinqtonun haqsız, ədalətsiz tələblərindən Bakının imtina etməsinin Birləşmiş Ştatları qəzəbləndirəcəyini söyləmək artıq olardı.
Amerikanın müsəlman dünyasının tərkib hissəsi olan Azərbaycana, onun Qarabağ probleminə ədalətli yanaşmayacağını, bu istiqamətdə son vaxtlar verdiyi gəlişigözəl bəyanatları və açıqlamalarının sadəcə Ermənistandan istifadə etməklə çirkin niyyətlərini gerçəkləşdirməyə hesablandığını isbatlayan fakt-nümunələrdən biri də onun PKK-ya münasibətidir. Bu terror təşkilatını maliyyələşdirdiyi, Suriya və İraqda onlara qarşı mübarizənin aparıldığı çox yaxın tarixdə (və elə indi də) terrorçuların mühasirədən çıxarılmasını təmin etdiyi dəfələrlə təsdiqlənən ABŞ-ın, Ermənistana tam nəzarət etdikdən sonra Qarabağ məsələsində işğalçı ölkəni, separatçı “DQR” rejimini, həmçinin ASALA və digər erməni terror təşkilatlarını, həmçinin PKK-nı dəstəkləməyəcəyinə hansı əsasla zəmanət vermək olar?
Yeri gəlmişkən, Türkiyənin “Yeni Şəfəq” nəşrinin İŞİD-ə silah-sursat tədarükünün əldə etdiyi möhürlü sənədlərdə göstərilir ki, Türkiyə Suriyanın şimalında İŞİD terror təşkilatına qarşı əməliyyatlar keçirdiyi dövrdə Amerika silahları PKK tərəfindən İŞİD-ə çatdırılıb. Həmin vaxt Əl-Babın şimali-şərqində yerləşən Ümmü Cülud kəndi ərazisində 7 ayrı təslimat həyata keçirilib. Bunlardan bəzilərində PKK-çılar İŞİD-dən pul alıblar və təslimatın həyata keçirildiyini göstərən sənədləri imzalayıblar. Belə faktlar yetərincədir.
İndi biz nə KTMT-yə, nə də NATO-ya girmək istəmirik (Hazırkı situasiyada düz də edirik). Heç NATO da bizi qəbul etməyə tələsmir. İndiki reallıqlar şəraitində Ermənistanı da həmçinin. Amma kim zəmanət verə bilər ki, nə vaxtsa Ermənistanı tam olaraq özünün təsir dairəsinə salan Amerika öz maraqları, gələcək planları üçün Ermənistanı NATO-nun üzvlüyünə qəbul etməyəcək? Yəni sabah Birləşmiş Ştatların Rusiya kimi öz hərbi bazalarını Ermənistanda yerləşdirəcəyi təqdirdə (şübhəsiz ki, elə hədəf də budur), onun Ermənistanın müdafiəsinə yönəlik siyasət aparacağını, daha doğrusu, bunu daha sərt şəkildə davam etdirəcəyini indidən proqnozlaşdırmaq bu qədərmi çətindir? Əlbəttə yox. ABŞ-ın mövqelərinin Ermənistanda güclənməsinin Qarabağla bağlı dəyişəcəyi bir şey olacaqsa, o da işğalçı ölkənin bir superdövlətin təsirindən çıxıb digərinin forpostuna çevrilməsidir.
Şərhlər