Paşınyan bu tarixdə İKİQAT ZƏRBƏ ALACAQ - Putindən İrəvana qarşı ÖLÜMCÜL GEDİŞ
15.11.2018 15:18 A-reaksiya 1085
Dünən Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom Ermənistan" şirkətini böyük ölçülərdə vergi öhdəliklərinin yerinə yetirilməməsində ittiham edən hesabat yaydı.
Bəyanata görə, Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə strukturları ilə əlaqədar olaraq ölkədə yoxlamalardan sonra Dövlət Gəlirləri Komitəsi şirkətə qarşı iş başladıb.
"Qazprom Ermənistan"da aparılan audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük məbləğdə vergi ödənilməsindən yayınıb və bir sıra pozuntu hallarına yol verib" – deyə komitənin məlumatında bildirilib.
Hesabatda qeyd edilir ki, vergi pozuntusu 2016-2017-ci illərdə əlavə dəyər vergisi və gəlir vergisi hesablamalarında təsbit edilib. Belə ki, şirkət göstəriciləri bilərəkdən sadələşdirib və nəticədə vergi daxilolmaları azalıb.
Bundan əlavə, şirkət boru kəmərlərinə qaz ötürülməsinin azaldılması və kəmərlərdə itkilərin süni şəkildə artırılmasında da ittiham edilir. Belə ki, 2018-ci ilin əvvəlində itkinin ölçüsü, ilin ortası ilə müqayisədə 3 dəfə çox olub. Təftişin nəticələrinə görə, cinayət işi başlanıb. Dəyən zərər haqqında hələ ki, heç bir məlumat verilmir.
“Qazprom Ermənistan” hesabatın açıqlanmasından dərhal sonra təkzib yaydı və bildirdi ki, yoxlamalar hələ davam edir.
Maraqlı məqam ondan ibarətdir ki, hesabat Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın dekabrın 6-da keçirilməsi gözlənilən görüşündən təxminən 3 həftə əvvəl açıqlanmasıdır. Ermənistanın “Joxovurd” nəşri bu baxımdan, iki versiya irəli sürür: təxribat və Ermənistana çatdırılan Rusiya qazının qiyməti ilə bağlı danışıqlar öncəsi “Qazprom”u küncə sıxışdırmaq cəhdi.
“Bu mübahisədə kimin haqlı olduğunu vaxt göstərəcək. Dövlət Gəlirləri Komitəsi səsləndirilmiş ittihamları sübut etməyi bacarmalıdır. Amma burada başqa məsələ diqqət çəkir: Ermənistanın Dövlət Gəlirləri Komitəsi məhz bu anda niyə bu addıma getdi? Məlum olduğu kimi, Ermənistanda təbii qazın tariflərinin azaldılması haqqında məsələ gündəmə gətirilib. Güman edilir ki, bu məsələ dekabrın 6-da Putin-Paşinyan görüşü (Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçiriləcək – red.) zamanı müzakirə ediləcək. Və bu görüşdən əvvəl atılan belə bir addım Rusiya hakimiyyətinin qaz tariflərin azaldılmasından imtinaya və təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu, danışıqlardan əvvəl təxribatdır, yoxsa “Qazprom”u küncə sıxışdırmaq cəhdidir? Bu məsələlərdə hər halda həddən artıq ehtiyatlılıq pis olmazdı”, - nəşr qeyd edib.
Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndə sonra Rusiya qazının tariflərinin azaldılmasını əsas hədəflərindən biri elan edib. O, sentyabrın 8-də Vladimir Putinlə görüşündən sonra bildirdi ki, görüşdə Rusiya qazının qiymətləndirmə məsələləri üzərində işləməyə razılaşıblar.
“Faktiki olaraq, Ermənistan Rusiyadan qazı kifayət qədər aşağı qiymətlər alır. Amma problem ondadır ki, istehlakçılar bu qazı ikiqat qiymətlə alırlar. Bu haqda prezident Putinlə danışdıq ki, ikiqat qiymətin necə yaradıldığını anlamaq lazımdır. Baxmaq və anlamaq lazımdır ki, qiymətləndirmə prosesi necə gedir. Bu mexanizmi daha effektiv etmək lazımdır ki, şərtlər daha əlverişli olsun. Biz cənab Putinlə razılaşdıq ki, bu məsələnin üzərində birgə işləyək”, - Paşinyan deyib.
O izah edib ki, “Qazprom Ermənistan” qazı “Qazprom”un filialı olaraq əldə edir və ölkə daxilində tarifləri müəyyənləşdirir.
Daha əvvəl Paşinyan qeyd edib ki, Rusiya Ermənistana aşağı qiymətlərlə qaz satır, amma istehlakçı bunu hiss etmir. Putin erməni baş nazirlə görüşdən əvvəl jurnalistlərə xatırladıb ki, “Qazprom” Ermənistana dünyada ən aşağı qiymətlə - min kubmetri 150 dollara qaz çatdırır.
Oktyabrın əvvəlində isə Nikol Paşinyan yeni təyin etdiyi energetika naziri Qareqin Baqramyana Rusiya ilə təbii qazın yeni qiymətinə dair təkliflər paketinin təhlilini başa çatdırmağı tapşırıb.
Q.Baqramyan isə bildirib ki, Rusiyadan təbii qazın min kubmetrini 150 dollara almaq rəsmi Yerevana sərf etmir: “Ən sərfəli qiymət təbii qazın min kub metrini 140 dollara tədarük etməkdir. Bundan başqa, istehlakçılar üçün də tariflərə yenidən baxmaq lazımdır”.
Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi Putinlə görüşündə qazın tariflərinin aşağı salınması barədə istənilən razılaşma Paşinyana seçkilərdə yüksək xal qazandırardı. Lakin bunun əksinin baş verməsi, yəni, Putinin "Qazprom Ermənistan" şirkətində aparılan “yoxlamalar” şantajını qəbul etməməsi də tamamilə gözləniləndir. Çox güman ki, yoxlamalar Kremldə xoş qarşılanmayıb.
Əlavə edək ki, Putin-Paşinyan görüşünün Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulub. Sammitdə KTMT-nin yeni baş katibinin kimliyinə böyük ölçüdə aydınlıq gələcək. Ermənistan KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəsə də, bunun baş tutmayacağı artıq təşkilatın noyabrın 7-də keçirilən Astana sammitində məlum oldu. “Putinin NATO-su” adlandırılan hərbi bloka Belarusun nümayəndəsinin seçiləcəyi şübhə doğurmur. Beləliklə, Paşinyanın seçkilərdən 3 gün əvvəl alacağı ikiqat zərbə siyasi karyerası üçün ölümcül nəticələrə gətirib çıxara bilər.(publika)
Şərhlər