Britaniyada radikalizmə qarşı “radikal beşillik” - TƏHLİL
11.08.2015 10:39 A-reaksiya 1750
Ötən ay Böyük Britaniyanın baş naziri David Kameronun İslam ekstremizminə qarşı “beşillik müharibə” elan etməsi bir çox ekspertlərin diqqətini çəkdi və dünya mətbuatında müzakirələrə səbəb oldu.
Belə ki, indiyə kimi eşitməyə öyrəşdiyimiz, Qərb siyasətçilərinin dilindən “terror və ekstremizmin pisləndiyi” bəyanatlardan fərqli olaraq, D.Kameronun bu bəyatında passiv radikalizm də hədəf götürülüb. O, Britaniya cəmiyyətində birləşmiş krallığın liberal dəyərlərinin möhkəmlənməsinə önəm verdiyini vurğulayaraq, radikalizmin hər formasına “müharibə” elan edib.
Digər tərəfdən SSRİ dövrünü xatırladan “beşillik” anlayışı bəzi ekspertlərin tənqid və ironiyasına səbəb olub.
Məlumdur ki, İŞİD-ə Avropadan minlərlə könüllü qoşulub, bunların arasında isə Britaniya təbəələri üstünlük təşkil edir. Hətta, edam həyata keçirən və əsirlərə nəzarət edən şəxslərin Britaniya əsilli döyüşçülər olduğu məlum olduqda, bu xəbər Birləşmiş Krallıq cəmiyyətində narahatlıqla qarşılanmışdı.
Görünür ki, Kameron kabinetinin bu tip bəyanatları və “müharibə” anonsları cəmiyyətdə sakitliyi və sabitliyi bərqərar etmək, narahatlığı aradan qaldırmaq xarakteri daşıyır. Lakin bu “müharibə” necə aparılacaq? Adından da göründüyü kimi, baş nazirin yeni “beşillik müharibə” kampaniyası sərt və xoşagəlməz addımlarla müşahidə olunacaqmı? Böyük Britaniyada müxtəlif Şərq ölkələrindən toplaşan çox sayda müsəlman ailələri yaşayır və onların heç də hamısı potensial terrorçu və ya ekstremist hesab oluna bilməz. Burada müsəlman icmaları fəaliyyət göstərir, müxtəlif dini tədbirlər keçirilir.
Bəzi ekspertlətin fikrinə görə, Britaniya hökuməti hətta yumşaq inteqrasiya tədbirləri həyata keçirərsə belə, radikalizmi ləğv etmək əvəzinə, əksinə, öz ərazisində yeni radikalizm ocaqları yarada bilər.
Kameronu dəstəkləyənlər də az deyil. Məsələn, Bredford Universitetinin professoru Con Rassel BBC-yə bildirib ki, Böyük Britaniya dünyəvi cəmiyyətdir və burda ingilislər özlərini məzhəb və təriqətə görə təqdim etmirlər: “Müsəlmanlarda isə məsələ başqa cürdür. Gənc müsəlmanların bir çoxu özünü ilk növbədə müsəlman, sonra isə britaniyalı sayır. Dünyəvi cəmiyyətin qızıl qaydası dünyəvi qanunların dini qanunlar üzərində üstünlüyündən ibarətdir. Gənc müsəlmanlar üçün bununla barışmaq bir qədər çətindir”.
Bu “müharibə” və “inteqrasiya” məsələləri həm də Avropa ölkələrində müsəlmanların çoxalması ilə bağlıdır. Artıq uzun illərdir ki, müxtəlif dairələr və şəxslər “həyəcan təbili” çalır, hökumətləri ciddi addımlar atmağa çağırır.
Birinci Dünya Müharibəsi zamanı Yaxın Şərqdə möhkəmlənmək və Osmanlını sıxışdırmaq üçün radikal islamdan və ərəb ekstremistlərindən faydalanan Böyük Britaniyanın 100 il sonra öz ərazisində də “sıxışdırılmaq”dan narahat olması, həqiqətən də, diqqətə layiqdir.
Şərhlər