Kremlin emissarları İrəvanda - Moskva “qum saatı”nı işə salır
03.12.2018 12:56 A-reaksiya 1098
Ermənistan kritik həftəyə girdi; seçki günü yaxınlaşdıqca işğalçı ölkədə anti-Rusiya ovqatı güclənir; Paşinyan İrəvanda Putinin adamlarını “iqnor” elədi - səbəb
Ermənistanda növbədənkənar parlament seçkilərinə sayılı günlər qaldı. Qarşıdakı seçkilərin nəticələri şübhəsiz, ən çox Rusiyanı maraqlandırır. Çünki işğalçı ölkə şimal qonşumuzun Güney Qafqazda yeganə və legitim hərbi qalası, daha dəqiqi, bölgədəki əsas “görən gözü”dür. O səbəbə satellit Ermənistanın sükanı arxasında hansı siyasi qüvvənin durması Kreml üçün prinsipial əhəmiyyət kəsb edir.
Lakin gerçək belədir ki, bu il mayın 8-də baş verən “məxməri inqilab” nəticəsində Ermənistan rəhbərliyi Rusiyanın adamlarından təmizlənib. Yüksək vəzifə tutan irili-xırdalı “Rusiya kadrları”nın hamısı, o cümlədən generallar (Movses Akoyan, Yuri Xaçaturov və s.) qısa zamanda öz postlarından kənarlaşdırılıb. Ən önəmlisi, hazırkı baş nazir əvəzi, qərbyönlü Nikol Paşinyanın komandası bütünlüklə Amerika və Soros “uşaqları”ndan, Rusiyaya antipatiyası olan kadrlardan təşkil edilib.
Qarşıdakı seçkilər böyük ehtimalla, bu gerçəyin legitimləşməsi ilə yadda qalacaq. Odur ki, Rusiya narahatdır. Narahatdır ki, 9 dekabr seçkilərində xalqdan mandat alan qərbpərəst hökumət ölkənin yönünü tədricən Avropaya, ABŞ-a sarı çevirə bilər...
*****
Hələliksə İrəvana təşrif buyuran Avropa və MDB-dən olan müşahidəçilər seçkilərin monitorinqi ilə məşğuldurlar. Onların arasında Rusiya nümayəndə heyəti xüsusi seçilir. Nümayəndə heyətinə Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, Qarabağ məsələsində qatı ermənipərəst mövqe tutan, Azərbaycana girişi yasaqlanmış bədnam Konstantin Zatulin başçılıq edir. Digər bir tanınmış şəxs - Kremlin ruporlarından olan “Regnum” agentliyinin eksperti, erməni yanlısı Stanislav Tarasovdur. Lakin gələn xəbərlərə görə, rusların niyyəti təkcə seçkiləri monitorinq eləmək deyil.
“Rusiya narahatdır ki, Ermənistanın yeni parlamentində qərbyönlü və Soros qüvvələri üstünlükdə olacaq. Bu günlərdə Rusiyadan olan emissarlar ”situasiyanı yerində öyrənmək" üçün Ermənistana gəliblər". “Yeni Müsavat”ın məlumatına görə, bunu “Qraparak” erməni nəşri yazıb.
“Rusiya təlaşlıdır ki, qərbyönlü və Soros qüvvələri, ilk növbədə də, əlbəttə ki, ”Sasna Tsrer" (Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını tələb edən radikal-terrorçu qruplaşma - “YM”) və Avropa yönümlü qüvvələr yeni parlamentdə dominantlıq edəcək. Moskva bunu özünə qarşı təhdid hesab edir", - qəzet əlavə edib.
Erməni KİV-ləri onu da yazır ki, ötən həftəsonu İrəvanda “Rusiya-erməni Lazerev klubu” adlanan, iki ölkənin daha da yaxınlaşmasına xidmət edən təzə bir qurumun ilk toplantısı start götürüb. Yeni ideyanın müəllifi Zatulindir. Onun sözlərinə görə, əsas hədəf “Rusiya-Ermənistan münasibətlərini təzədən format eləmək üçün mexanizmlər tapmaqdır”. Əslində isə məqsəd, əlbəttə ki, işğalçı ölkəni Rusiyanın orbitində saxlamağa yardımçı olmaqdır. Ancaq maraqlıdır ki, həmin tədbirə Ermənistan yeni rəhbərliyindən heç kim həvəs göstərməyib və ona qatılmayıb.
“Biz başa düşürük ki, Ermənistan prezidenti hazırda xaricdədir (Avropada - ”YM"). Ancaq bildiyim qədər, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkədədir və seçicilərlə görüşlər keçirir. Biz onlardan incimirik. İlk iclasa Ermənistan və Rusiyadan çoxlu sayda adamlar dəvət etmişik. Ancaq belə başa düşürəm ki, onların heç də hamısı iştirak etməyəcək". Bu gileyi Zatulin İrəvanda jurnalistlərə açıqlamasında bildirib.
*****
Göründüyü kimi, Rusiyanın təzə təşəbbüsü Paşinyanın ürəyincə olmayıb. Ona görə də Qarabağ məsələsində hətta qatı ermənipərəst mövqe tutan, ermənilərin Rusiyadakı əsas lobbistlərindən biri Zatulini belə, saya salmayıb. Çünki o, Qərbin, Amerikanın, Sorosun, ən başlıcası, onu hakimiyyətə gətirmiş inqilabçı kütlənin gözündə sələfləri kimi rusiyayönlü qismində görünmək istəmir - xüsusən də səsverməyə bir neçə gün qalmış. İstənilən halda, bu, Kremlin emissarlarını iqnor eləmək anlamına gəlir.
Beləcə, seçkiöncəsi Nikol Paşinyan Rusiyanın “bostanı”na daş atmaqda davam edir. Sanki cəmiyyətdəki anti-Rusiya ovqatını yaxşı bildiyi üçün və bu ovqatı körükləmək, nəticə etibarilə daha çox səs almaq naminə bu addımlara gedir.
Onlardan növbəti birisi yenə ötən həftəsonu qeydə alınıb. Putinin emissarlarını boykot etməyin ardınca Paşinyan KTMT-də baş katiblik problemi ilə bağlı danışarkən, bunu “xırda məsələ” adlandırıb, “daha vacibi Ermənistanın milli maraqlarının qorunmasıdır” söyləyib, ardınca isə Rusiya daxil, müttəfiqlərə ünvanlı hədə dilində danışıb.
Sitat: “Ermənistanın milli maraqlarının qorunması bir sıra məsələlərdən daha önəmlidir. Lakin münasibətlərdəki problemlər nəzərə alınmasa, vəziyyət daha da pisləşəcək. Bu baxımdan, KTMT-yə üzv dövlətlərin öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi olduqca vacibdir. Buna görə də, KTMT-yə yeni baş katibin təyin edilməməsi kiçik və əhəmiyyətsiz mövzudur”.
*****
Paşinyan, sözsüz ki, baş katiblik məsələsində blef edir. Bu, ondan ötrü, əlbəttə ki, prinsipial önəm daşıyır - xüsusən də seçkilərə bir neçə gün qalmış. Görünür, o, müxalifətin bu uğursuzluqdan ictimai rəydə istifadəsini önləmək üçün məsələni kiçiltməyə çalışıb. Əks halda, “münasibətlərdəki problemlər nəzərə alınmasa, vəziyyət daha da pisləşəcək” deməzdi.
Fakt budur ki, “Rus NATO-su”nda Paşinyan baş katib Yuri Xaçatorova qarşı cinayət işi açması, bir qədər sonra isə onu geri çağırmasından sonra bir növ yad kimi qəbul olunur, ona etimad bəslənilmir. Eyni səbəbdən onun KTMT baş katibi qismində başqa ermənini təsdiqləmək tələb-təklifi Astana sammitində fiasko olub (KTMT-nin növbəti toplantısında bu fiaskonun rəsmiləşməsi gözlənilir).
Xatırladaq ki, az öncə Paşinyan digər bir rayonda öz seçiciləri ilə görüş zamanı Rusiya başda olmaqla, KTMT üzrə “müttəfiqləri” nəzərdə tutaraq, “gec-tez hamı bizimlə hesablaşmalı olacaq”, - deyə özündənrazı şəkildə bəyan eləmişdi.
Rəsmi İrəvanın bütün bu demarşlarını Moskvada təbii ki, “yığır” və fiksə edirlər. Ona da şübhə yox ki, Kreml artıq Ermənistan üçün “qum saat”ını işə salıb...
Reaksiya.az
Şərhlər