Ermənilər Rusiyadan uzaqlaşmağa səs verdilər - Qarabağda müharibə yaxınlaşır?

11.12.2018 13:26     A-reaksiya     1038

Paşinyan kursu dəyişmək üçün xalqdan mandat aldı: yeni parlamentdə konstitusion çoxluq qərbpərəstlərdə olacaq, erməni lider “iki stul”da otura bilməyəcək; Azərbaycanla böyük sülh, yoxsa müharibə ehtimalı artır? Politoloqlar deyirlər ki...

Ermənistanda 9 dekabr parlament seçkilərində möcüzə baş vermədi. “Məxməri inqilab” nəticəsində 7 aydır hakimiyyətdə olan Nikol Paşinyanın “Mənim addımım” bloku, proqnozlaşdırıldığı kimi, seçkilərdən mütləq qalib kimi ayrıldı - 70.43%.  Bu, Ermənistanın müstəqillik dönəmində seçicilərin ən az iştirak etdiyi (48%) seçkilər kimi tarixə düşsə də, hər millətin “nüvə”sini təşkil edən ictimai-siyasi fəal kəsim düşmən ölkədə də öz sözünü dedi. Yəni bu, əslində elə xalqın iradəsidir ki var. 

Paşinyan tərəfdarlarının qələbəsi öncədən şübhə doğurmasa da, 9 dekabr səsverməsinin yekunu bir neçə mühüm qənaətə gəlməyə imkan yaradır. Biri odur ki, Ermənistanda Qarabağ klanının 20 illik hakimiyyətinə rəsmən son qoyuldu. İkincisi, Paşinyanın rəhbərlik elədiyi blok (70.43%) və onunla siyasi baxışları üst-üstə düşən qərbpərəst “İşıqlı Ermənistan” Partiyası (6,37%) səslərin 77%-nə sahib oldular. Bu, o deməkdir ki, yeni parlamentdə nəinki sadə, konstitusion (2/3) çoxluq da qərbpərəst qüvvələrə məxsus olacaq. Nikol Paşinyan təkbaşına öz hökumətini formalaşdıracaq, lazım gəlsə konstitusiyaya əlavə və düzəlişlər ediləcək.

Üçüncü mühüm məqam: parlamentə yalnız üç siyasi qüvvə düşdü - qərbpərəstlər və bir də Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası (8.37%). Hətta Ermənistanın qədim və köklü siyasi təşkilatı sayılan, Rusiyaya isti münasibətdə olmayan Daşnaksütyun da parlamentdə təmsil olunmaq hüququ verən 5%-lik həddi aşa bilmədi (3.89%). Həmçinin Rusiya bazalarını ölkədən çıxarmağı tələb edən radikal-terrorçu qruplaşma - “Sasna tsrer” partiyası barajı keçmədi - 1,82%.

paşinyan ile ilgili görsel sonucu

Bunlar Rusiya üçün müəyyən mənada təsəlliverici nəticələr olsa da, artıq qeyd olunduğu kimi, bütövlükdə yeni parlament qərbpərəst qüvvələrin nəzarətində olacaq. Demək, yeri gələndə Rusiya ilə imzalanmış hanısasa sənəd asanca ratifikasiya olunmaya və rədd də edilə bilər. Paşinyanın anti-Rusiya ovqatı isə seçkilərə cəmi 2 gün qalmış Putinin sadiq dostlarından olan eks-prezident Robert Köçəryanın təzədən həbs edilməsində bir daha özünü büruzə verdi. 

*****

Seçkilərin nəticələri əlbəttə ki, bir yandan artıq legitim ölkə rəhbəri kimi Paşinyanın əl-qolunu açırsa, o biri yandan onun üzərinə konkret, tarixi məsuliyyət qoyur. Xüsusən də iki məsələdə: 1. Rusiya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək. Məsələ ondadır ki, 9 dekabrda xalq, əsasən qərbyönlüləri dəstəkləməklə, faktiki, Rusiyadan uzaqlaşmağa səs verib; Paşinyan daha “iki stul”da otura bilməyəcək. 2. Qarabağ məsələsində “nala-mıxa” vurmağa son verib qəti mövqe sərgiləmək. Bu isə Rusiya amili nəzərə alınmaqla, Qarabağda sülhü  də yaxınlaşdıra bilər, müharibəni də.

Söz düşmüşkən, rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, əgər Ermənistandakı yeni hakimiyyət əvvəlki xunta rejiminin səhvlərini təkrarlayıb onun yolunu getsə, onda müharibə qaçılmaz olacaq.

Politoloq Elxan Şahinoğluna görə isə qarşıda N.Paşinyanı 3 çətin vəzifə gözləyir: 1. Qarabağ münaqişəsinin həllində addım atmazsa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl, Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək; 2. İqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri yandan isə Ermənistanın artan xarici borc problemini həll etməlidir; 3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir - Rusiya və Qərb arasında vurnuxmaq Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir.

paşinyan ile ilgili görsel sonucu

Məsələ də ondadır ki, sadalanan vəzifələrin hamısı (Qarabağ, islahatlar, xarici siyasət kursu) hamısı bir-biri ilə sıx surətdə bağlıdır. Rusiyanın hərbi-siyasi ağuşunda olan bir ölkədə xüsusən də köklü iqtisadi-siyasi islahatlar həyata keçirmək asan olmayacaq. Çünki digər iki amil, o cümlədən sərhədlərin və kommunikasiyaların bağlı olması, blokada rejimi əngəl olacaq.

Xalq isə Paşinyana mandatı uzun müddətə verməyib və çox tezliklə öz həyatında, dolanışığında ciddi və müsbət dəyişikliklər görmək istəyəcək. Necə deyərlər, Nikol Paşinyan və komandası üçün “qum saatı” artıq işə düşüb. Müxalifət indi heç vaxt olmadığı qədər pusquda olacaq. Bir sözlə, Paşinyan tələsməli olacaq. Siyasətdə, xüsusən də xarici siyasətdə təcrübəli olmayan erməni lideri üçün isə bu, həm də xətalar vəd edir. 

*****

kreml ile ilgili görsel sonucu

“Paşinyan və partiyası belə bir legitimliklə və sosial-siyasi kapitalla təbii ki, öz partiyasını formalaşdırmağa çalışacaq. Odur ki, ardınca onun yaxın zamanda söykənəcəyi yeni hökumət proqramını açıqlamasını gözləyək”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Rusiyadakı MDB İnstitutunun erməni filialının direktoru Aleksandr Markarov Ermənistandakı son seçkilərin nəticələrini “Vestnik Kavkaza”ya şərh edərkən deyib.

Onun sözlərinə görə, qarşıdakı bir neçə ayda Nikol Paşinyandan ötrü əsas vəzifə özünün əhali arasında yüksək reytinqini saxlamaqla bağlı olacaq: “70-80%-lik reytinq - həqiqətən Paşinyanın şəxsi reytinqidir. ”Mənim addımım" blokunda o, aşağıdır. İqtisadiyyatda və siyasətdə mümkün dəyişikliklər eləmək üçün bu reytinqin saxlanması vacibdir. Əgər buna nail olunarsa, nəticələr vətəndaşlar üçün müsbət olarsa, o zaman reytinq də yüksək olacaq".

Paşinyanın ən böyük problemi də elə odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini belə, rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkənin qərbpərəst liderinin çoxməchullu “tənliyi” necə həll edəcəyi olduqca maraqlıdır. Ancaq bu tənliyin daha asan həll yolu var - Azərbaycanla, Türkiyə ilə tezliklə anlaşmaq. Əks halda, Paşinyan Qarabağda Rusiyanın da maraqlı olacağı istisna edilməyən müharibədən yayına bilməyəcək...   

Reaksiya.az

Şərhlər