"ERMƏNİSTAN İQTİSADİ, SİYASİ VƏ HƏRBİ CƏHƏTDƏN ÇÖKÜR" - İFLAS ƏRƏFƏSİNDƏDİR

20.12.2018 17:35     A-reaksiya     1117

"Nikol Paşinyan və bütün Ermənistan xalqı çox gözəl anlayır ki, düşdükləri ağır vəziyyətin tək səbəbi Dağlıq Qarabağ məsələsidir”.
 
Bu barədə "Sherg.az"a Ermənistandakı sosial, iqtisadi və siyasi vəziyyəti şərh edərkən politoloq Cümşüd Nuriyev bildirib.
 
Onun sözlərinə görə, illər keçdikcə Ermənistanın vəziyyəti daha da çətinləşir:
 
"Əslində, Nikol Paşinyan Ermənistanı müvcud şəraitdən xilas etmək istəyir. Hazırkı hadisələrin gedişi də məhz bunu göstərir. Çünki son 30 ildə Ermənistanı bir dövlət kimi məhvə aparan Dağlıq Qarabağ münaqişəsi və "Qarabağ Klanı” olub. Artıq işğalçı ölkə iflas ərəfəsindədir. Ermənistan iqtisadi, siyasi və hərbi cəhətdən çöküb. Belə bir şəraitdə Ermənistanın yeganə çıxış yolu Dağlıq Qarbağdan imtina etməkdir. Bunun üçün də separatçı ölkə "Qarabağ Klanı”ndan imtina etməlidir. Çünki 30 ildir "Böyük Ermənistan” xülyasından çıxış edənlər belə bir addım ata bilmirdi. Amma indi görürülər ki, onların bu xülyası Ermənistanı məhvə aparır. Buna görə də, N.Paşinyan "Qarabağ Klanı”nı hakimiyyətdən uzaqlaşdırıb, həbs etməyə çalışır ki, gələcəkdə ona mane olmasınlar".
 
 
Ekspertin fikrincə, qondarma rejimin rəhbəri Bako Saakyanla N.Paşinyan arasındakı gərginlik də məhz buna görə baş verib:
 
"B.Saakyan çox gözlə başa düşür ki, N.Paşinyan Ermənistanı mövcud şəraitdən xilas etmək üçün Dağlıq Qarabağdan imtina etməlidir. Ermənistanın heç bir maddi resursu yoxdur. Artıq ölkədə əhali də qalmayıb. Böyük dövlətlərin də Ermənistana yardımları çox cüzi olduğundan mövcud şərait düzəlmir. Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Çünki işğalçı ölkənin dəmir və avtomobil yolları, enerji sektoru bütövlüklə Rusiyaya məxsusdur. Atom Elektrik Stansiyasının ruslara aid olması və 102-ci hərbi hissənin orada yerləşməsi Ermənistanı Rusiya ilə siyasi "boşanmaq" mərhələsində ondan ayrılmağa məcbur edir. Artıq iki ölkə "boşanmaq" mərhələsindədir. N.Paşinyan və Rusiya bunu çox gözəl başa düşür. Yəni işğalçı ölkə çıxılmaz vəziyyətdədir. Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün Qarabağdan əl çəkməlidir. Bunun üçün öncə Rusiyadan imtina etməlidir. Rusiyadan imtina etməyin yeganə yolu isə Qərbin tapşırıqlarını yerinə yetirməkdən keçir. Elə Ermənistan da bunu edir. Hazırda Azərbaycan Respublikasının Prezidentinin və medianın Ermənistan haqqında bildirdiyi fikirlər öz təsdiqini tapır".
 
C.Nuriyev onu da əlavə edib ki, ermənilərin Balkanlardan qovulması təqvimindən bu yana onlar yalnız satqınlıqla məşğul olurlar:
 
"Necə ki, əvvəllər Ermənistan İran və Türkiyəni satdı, indi də Rusiyanı satacaq. Bunun ikinci açıqlaması yoxdur. Ermənistan Qərbin və ABŞ-ın tapşırıqlarını yerinə yetirməyə məcburdur. Lakin bu da onların məhvini sürətləndirir. Çünki rus ayısının ayılması Ermənistanı qısa müddətdə param-parça edə bilər. Fikrimcə, Rusiya imkan versə, N.Paşinyan Qarabağdan əl çəkməklə Ermənistanın vəziyyətini nisbətən yaxşılaşdıra bilər. 2019-cu ildə Ermənistanın ağır vəziyyətdən çıxmaq üçün yeganə şansı budur”.
 

Şərhlər