İrəvanın İran ümidi basdırılır - Bakının şansı

15.01.2019 12:31     A-reaksiya     1261

Ermənistanın yeni baş naziri təsdiqləndi: problemlərlə yola davam; erməni politoloq: “Son aylar ərzində izolə edilmiş ölkəyə çevrilmişik...”

Dünən Ermənistanın yeni parlamenti öz işinə başlayıb. Eyni gündə prezident Armen Sərkisyan Nikol Paşinyanın baş nazir təyin edilməsi haqda fərman imzalayıb. Paşinyan 15 gün ərzində hökuməti formalaşdırmalıdır. Böyük ehtimalla, onun komandasında ciddi dəyişiklik baş verməyəcək.  

Xatırladaq ki, budəfəki parlamentdə Nikol Paşnyan və tərəfdarları, bütövlükdə qərbpərəstlər 2/3 çoxluqdadır. Ermənistanın təzə konstitusiyasına görə, baş naziri parlament seçmir, parlament çoxluğunun təklifi əsasında prezident təsdiqləyir. Bu ərəfədə Paşinyanın “Mənim addımım” bloku onun namizədliyini prezidentə təqdim eləmişdi.

*****

Beləliklə, Ermənistan, erməni xalqı Paşinyanla və ölkənin ağır problemləri ilə yola davam edəcək. Problemlər isə təkcə sosial-iqtisadi yox, eyni zamanda geosiyasi xarakterlidir və təhlükəsizlik sahəsini əhatə edir. Bəs təzə-köhnə hökumət bu problemlərin öhdəsindən gələ biləcəkmi? Sualın cavabı yəqin ki, xeyli dərəcədə hökumətin elan edəcəyi proqramdan məlum olacaq. Ancaq yerli ekspertlər bu yöndə nikbin deyillər.       

Qrant Melik-Şahnazaryan ile ilgili görsel sonucu

“Bu hökumət ölkə qarşısında duran problemlərin çoxunu həll edə bilməyəcək”. “Yeni Müsavat”ın məlumatına görə, tert.am saytına açıqlamasında erməni politoloq Qrant Melik-Şahnazaryan belə deyib. Xarici siyasətdən danışan erməni şərhçi bu sahədə böyük kadr potensialı görmədiyini deyib.

“Bütövlükdə xarici siyasəti qiymətləndirərkən deməliyəm ki, Ermənistan son aylar ərzində izolə edilmiş ölkəyə çevrilib. İnqilab nəticəsində biz strateji müttəfiqlərimiz və tərəfdaşlarımızla münasibətləri korlamışıq. Mahiyyət etibarilə Avropa Birliyi ilə əlaqələrdə heç bir inkişaf yoxdur, əksinə, onunla imzalanmış müqavilənin Avropa ölkələrinin parlamentində ratifikasiyası dayanıb, Ermənistan isə götürdüyü öhdəliklərə əməl eləmir, ABŞ-la heç bir əlaqə yoxdur. Yəni hər şey artıq qırılıb”, - deyə o qeyd edib.

Melik-Şahnazaryana görə, burada fiaskodan daha çox, reabilitasiya mümkünlüyündən danışmaq lazım gəlir: “Ancaq əgər biz eyni yanaşmalara üstünlük verməyə davam eləsək, o zaman heç bu da mümkün olmayacaq”. Erməni politoloqun qənaətincə, xarici siyasət sahəsində hamıda sanki gözləməyə mövqeyi yaranıb, yəni hamı bilmək istəyir ki, ölkə hansı istiqamətə gedəcək.

*****

Ermənistan hökumətinin ən ciddi problemlərindən biri isə Rusiyadan alınan qazla bağlıdır. Çünki qaz əsas ərzaq məhsullarının qiymətinə, demək, həm də Paşinyanın əhaliyə rifahla bağlı verdiyi vədin aqibətinə birbaşa təsir edən faktordur.

“Ermənistan İran qazının idxalı ilə bağlı məsələnin müzakirəsini davam etdirir. İran qazı mövzusu müzakirə edilib, edilir və həmişə də ediləcək, çünki konkret sərfəli qərara gələ bilməmişik”. “Yeni Müsavat” xəbər verir ki, dünən bunu dünən jurnalistlərə açıqlamasında artıq baş nazir qismində olan Paşinyan söyləyib və əhalini sakitləşdirmək üçün onu da əlavə edib ki, Rusiya ilə əlverişli qiymətlə bağlı müzakirələr davam edir.

Lakin energetika və təhlükəsizlik sahəsi üzrə ekspert Vaqe Davtyan mövcud şərtlər daxilində İranın Ermənistana təbii qaz ixracını artıracağını və İrəvana Rusiya qazı ilə müqayisədə daha sərfəli qiymət təklif edəcəyini az ehtimallı sayır. O, bunun bir səbəbini sanksiyalar və neft hasilatının azalması, habelə neftin ucuzlaşması üzündən Tehranın özünün pula ehtiyacının artması ilə izah edib.     

Paşinyan iran ile ilgili görsel sonucu

Məsələnin geosiyasi aspektlərinə gəlincə, erməni şərhçi deyib: “İran və Rusiya Suriya məsələsində ortaq hərbi-siyasi alyansdadır. Necə deyərlər, onlar eyni ”sanksiya klubu"nun üzvləridir və xüsusilə də energetik sektorda olduqca iri layihələrin reallaşmasına başlayıblar. O cümlədən söhbət İran-Azərbaycan-Rusiya energetik dəhlizinin yaradılması təşəbbüsündən, Rusiya tərəfindən İranda “Buşehr-2" AES-in inşasından gedir. Bundan əlavə, bu ilin avqustunda imzalanan Xəzər konvensiyası İran-Rusiya əməkdaşlığının daha da dərinləşməsi üçün əlavə platformaya çevrilib və iki ölkə arasında Xəzər hövzəsi resurslarından istifadə ilə bağlı bütün problemləri aradan qaldırıb. Bu isə o deməkdir ki, əgər biz qaz məsələsinin iqtisadi və geosiyasi komponentlərini işə salsaq, o zaman belə bir situasiya ilə üzləşəcəyik ki, İran öz qazını yaxın zamanlarda Ermənistan kimi kiçik bazarda Rusiya təbii qazına rəqib edib, bununla da Moskva ilə münasibətləri pisləşdirmək istəməyəcək”.

*****

Beləliklə, qənaət hasil olur ki, Paşinyan hökumətinin ölkəsinə əlverişli qaz almaq istəyi və bu məqsədlə İrandan alternativ kimi istifadə cəhdi Rusiya-İran münasibətləri və İranın öz daxili ağır iqtisadi durumu səbəbindən daşa dirənəcək. Bu isə o anlama gəlir ki, soyuq qış günlərində Moskvanın İrəvana qarşı qaz şantajı davam edəcək.

Ermənistan-Rusiya əlaqələrində yaşanan gərginlik isə Azərbaycanın xeyrinədir. Ən azından, ona görə ki, geosiyasi planda ölkəmiz Moskva üçün daha böyük önəm kəsb etməyə başlayacaq. Üstəgəl, qeyd edildiyi kimi, strateji əhəmiyyətli Azərbaycan-İran-Rusiya ortaq enerji və Şimal-Cənub nəqliyyat layihələri var.

 

“Rusiya-Ermənistan münasibətlərinin belə davam etməsi bizim xeyrimizədir”. Bunu hüquq elmləri professoru, siyasi şərhçi Rüstəm Məmmədov teleqaraf.com-a müsahibəsində deyib. “Ermənistan yanlış yoldadır. Ermənilər ABŞ və NATO-dan dəstək umurlar. Bu, faktiki, Rusiyanı çox qıcıqlandırır. Sonunda da nə ABŞ, nə də NATO Ermənistana dəstək verəcək”, - deyə politoloq qeyd edib.

Onun fikrincə, münasibətlər Ermənistanın əleyhinə işləyən istiqamətdə inkişaf edəcək. “Əslində rus-erməni münasibətlərinin belə davam etməsi bizim xeyrimizədir. Azərbaycanın Rusiya ilə münasibətləri düzgündür, yaxınlaşma və inkişaf var. Bu münasibətlər davamlıdır. Ona görə də hazırkı mərhələdə Ermənistan-Rusiya münasibətlərində yaranan problemlər Azərbaycanın nəfinədir” - politoloq əlavə edib.

*****

Buna Bakının şansı da demək mümkündür. Çünki belə görünür, Nikol Paşinyan sələfləri kimi Rusiyaya həddən ziyadə bağlanmağa da hazırlaşmır. Əks halda, “məxməri inqilab”ın anlamı qalmazdı - hansı inqilab ki, hələ də ermənilərin durumunu yaxşılaşdırmayıb...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar