Qarabağ klanı HƏRƏKƏTƏ KEÇİR - Paşinyan bunu etməsə, vəziyyəti acınacaqlı olacaq

22.01.2019 12:51     A-reaksiya     1079

Ermənistanın daxili siyasi mübarizəsində Dağlıq Qarabağ faktorundan gözlənildiyi kimi daha da aktiv şəkildə istifadə olunur. “Daşnaksütyun” partiyası qurultayını Azərbaycanın işğal edilmiş ərazilərində keçirib və bununla Ermənistandakı inqilabın onlara yad olduğunu və Qarabağdakı “hakimiyyətə” dəstəyini nümayiş etdirib.

“Sasna çrer” partiyasının rəhbəri Jirayr Sefilyan isə Qarabağda “hakimiyyət” dəyişikliyinin vaxtının çatması haqqında çağırış edib. O, “Özbaşınalığa son qoymağın vaxtı çatdı, Qarabağda dəyişikliklər olmalıdır, biz ümid edirik ki, İrəvan hakimiyyəti bu məsələdə bizi dəstəkləyəcək” deyə bildirib. S.Artsruni qeyd edib ki, bu təhlükəli nəticələrə gətirib çıxara bilər.

Bu təhlükəli vəziyyət nədən ibarətdir?

Sualın cavabını -a politoloq Fikrət Sadıqov verib.

Politoloq bildirib ki, Nikol Paşinyanın vəziyyəti bundan sonra mürəkkəb və acınacaqlı olacaq:

“Nikol Paşinyan hakimiyyətə gələndə bir çox vədlər verdi və çalışdı Ermənistan cəmiyyətini inandırsın ki, bir sıra məsələlər yaxın gələcəkdə öz həllini tapacaq. Sosial-iqtisadi problemlər, qonşularla bütün problemlərin həlli, Dağlıq Qarabağla bağlı bir sıra yeni ideyalar, təşəbbüslər və s. Lakin cəmiyyət görür ki, heç bir irəliləyiş, dəyişiklik yoxdur. Təbii ki, Qarabağ klanı da bu sabitlikdən səmərəli şəkildə istifadə edir. Doğrudur, Qarabağ klanı hazırda o qədər də gücdə sahib bir tərəf deyil. Nəzərə alsaq ki, onlar növbədənkənar parlament seçkiləri zamanı heç 5 faiz də səs toplaya bilməmişdilər. Bu, o demək deyil ki, Qarabağ klanı yaxın gələcəkdə Paşinyanı devirəcək. Amma hər halda, Paşinyanın nüfuzuna zərbə dəyir. Paşinyan və onun ətrafını gözdən salır. Çünki Qarabağ klanı Paşinyanı tənqid hədəfinə qoyublar. Paşinyandan tələb edirlər ki, vədlərinə əməl etsin. Ondan özünü qəhrəman kimi aparmamasını istəyirlər.

Paşinyan hələ ki, hemç hökumətin siyasi prioritetlərini belə cızmayıb. Yeni hökumətinin hələ proqramı yoxdur. Hökumət nədən başlayacaq, nə il məşğul olacaq. Hansı yollarla gedəcək, xarici siyasətdə hansı addımlar atılacaq? Bunların heç biri yoxdur. Düşünürəm ki, Qarabağ klanının zəngin təcrübəsi var və bu təcrübədən yararlanacaq. Onlar əllərindən gələni edir ki, Paşinyanı gözdən salsınlar. Cəmiyyətdə də ona qarşı narazılıq sezilir. Əgər Paşinyan konkret istiqamət götürməsə, bəzi problemlərin həllini tapmasa, onun vəziyyəti mürəkkəb və acınacaqlı olacaq”.

Şərhlər