Gürcüstan Ermənistanı blokadadan çıxarır - Tiflis Bakıya qarşı xain projenin içində
06.02.2019 12:06 A-reaksiya 1465
Xocalı canisinə abidə qoyulmasının ardınca işğalçı ölkəyə dəhliz açılması reallaşmaq üzrədir; İsrail Azərbaycan ordusunu gücləndirirkən qərb qonşumuz Ermənistanın dərdini çəkir; politoloq: “Bu, İrəvanın köhnə arzusudur...”
İsrailin “Aeronautics Defense Systems” LTD şirkəti Azərbaycana təzədən pilotsuz uçan aparatlar (PUA) - kamikadzelər tədarük edəcək. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “The Times og İsrael” nəşri yazıb. Nəşr bildirir ki, İsrailin Müdafiə Nazirliyi şirkət tərəfindən “Orbiter 1K” PUA-ların satışına qadağanı artıq götürüb.
Xatırladaq ki, adı çəkilən kampaniya ilə bağlı qalmaqal 2017-ci ilin yayında yaranmışdı. O zaman yeni PUA-lar almağa hazırlaşan Azərbaycan nümayəndələri guya şirkətin ölkəmizə gələn əməkdaşlarından xahiş ediblər ki, bu dronların imkanlarını əyani nümayiş etdirsinlər və bundan ötrü də guya operatorlara Qarabağdakı erməni mövqelərinə zərbə endirməyi təklif ediblər. O vaxt bu haqda erməni tərəfi də süni hay-küy qaldırmışdı.
Ancaq bununla belə, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq heç vaxt dayanmayıb. Özü də bu əməkdaşlıq İsraildən ötrü yalnız kommersiya maraqları baxımından önəmli deyil. Məsələ ondadır ki, rəsmi Təl-Əviv Qarabağ məsələsində ədalətli mövqe tutur, ölkəmizin ərazi bütövlüyünü tanıyır, Azərbaycan torpaqlarının işğalını qəbul eləmir. İki ölkə arasında energetika, iqtisadi-ticari, təhlükəsizlik sahələri üzrə də əlaqələr kifayət qədər dərindir...
*****
Qəribədir ki, İsrail öz torpaqlarını erməni işğalından azad eləməyə çalışan Azərbaycanın ordusunu gücləndirməkdə qərarlı ikən qərb qonşumuz və “strateji tərəfdaşımız” Gürcüstanın Ermənistana öz ərazisindən dəhliz açmaq niyyətinin ciddi olması üzə çıxıb. Axalkalakidə Xocalı canisinə abidə qoyuluşu azmış kimi, indi də rəsmi Tiflisin təcavüzkar ölkənin iqtisadi durumunu yaxşılaşdıracaq bir projenin içində yerdə aldığı məlum olur. Özü də projenin müəllifi Gürcüstan torpaqlarını işğal altında saxlayan, 2008-ci ildə onun iki regionunu (Abxaziya və Cənubi Osetiya) zorla özünə birləşdirib onları dövlət kimi tanıyan və hərbi qalalara çevirən Rusiyadır. Maraqlıdır ki, Tiflis rəsmilərinin özləri Rusiyanı daima işğalçı adlandırırlar.
Ermənistana aşılacaq dəhlizə gəlincə, xəbər verilir ki, Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır. Bu haqda “Kommersant” nəşrinə Rusiya hökumətindəki mənbə bildirib (virtualaz.org).
“Əslində sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanısın”, - nəşrin həmsöhbəti bildirib. Mənbənin sözlərinə görə, müqavilənin əsas məğzi ondan ibarətdir ki, 2008-ci ildən sonra “Gürcüstanın yeni gömrük sərhədləri çəkilib”. Tbilisidə buna belə baxış bucağından baxmağı qəbul etmirlər.
“Siyasi debatlara daxil olmuruq və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır” - Rusiya ilə münasibətlər üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze belə deyib.
*****
Məlumat üçün bildirək ki, Gürcüstanla Rusiya arasında ikisinin sözügedən ərazilərdən keçdiyi üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş 2011-ci ildən hazırlanır. Eyni zamanda, sənəd sərt şəkildə yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir və dəhlizlərin avtomatik açılmasını ehtiva etmir. Yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin “Societe Generale de Surveillance” (SGS) şirkəti məşğul olacaq. Əvvəlcədən hər iki tərəf inadla Abxaziya və Cənubi Osetiyanın qanuni şəkildə təsbit edilmiş statusunun əks olunmasına çalışırdı: Rusiyada bu ərazilər müstəqil, Gürcüstanda isə Rusiya tərəfindən işğal edilmiş hesab olunur. Lakin nəticədə, bu maddə sazişə daxil edilmədi.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açmasında ən çox maraqlı olan tərəflərdən biri də təbii ki, Ermənistandır. Çünki Ermənistanla Rusiya arasında quru əlaqəsi və nəticədə yükdaşımalar asanlaşacaq. İşğalçı ölkə Rusiya ilə Gürcüstan üzərindən ancaq Hərbi Gürcüstan Yolu ilə əlaqə saxlaya bilirdi və bu yolun Yuxarı Lars keçidi qış aylarında tez-tez bağlanır, habelə yaz-yay aylarında daşqınlar nəticəsində yolda hərəkət dayanır. Bu baxımdan Gürcüstanın ərazi bütövlüyü prinsipini şübhə altına qoymaqla Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açması Ermənistanın faktiki blokada vəziyyətindən çıxmasına xidmət edir və demək, Azərbaycana qarşı xain bir addımdır.
*****
“Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Danışıqlar yekunlaşmağa yaxındır”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyərdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edərdi. “Biz buna heç zaman razılaşmarıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə ”yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu işğalçı Ermənistanın köhnə arzusudur", - deyə o qeyd edib.
Politoloq da xatırladıb ki, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən “Böyük Lars”dır: “Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil. Ermənistan bu yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılsa isə Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti ”mesajı" olacaq".
*****
Rəsmi Bakı təbii ki, bu mesajı adekvat şəkildə qəbul edəcək və ona reaksiya verəcək. Həmçinin qardaş Türkiyə bu faktı görməzlikdən gəlməyəcək. Azərbaycan və Türkiyə isə Gürcüstan dövlətinin əsas iqtisadi-ticari tərəfdaşı və maliyyə sponsorudur. Eyni zamanda, bu ölkənin energetik və digər təhlükəsizliyi xeyli dərəcədə Bakı və Ankaradan asılıdır.
Əlavə edək ki, ötən ilin noyabrında Gürcüstanda ermənilərə simpatiyası olan Salome Zurabişvilinin prezident seçilməsindən sonra Azərbaycana münasibətdə gizli rusiyapərəst gürcü hakimiyyətinin qeyri-dost gedişlər edəcəyini istisna etməmişdik. Az sonra Axalkalaiidə Xocalı canisinə abidə qoyuldu və aydın oldu ki, Tiflis Bakının sərt etirazlarına rəğmən, həmin abidəni sökdürmək üçün əlini ağdan-qaraya vurmaq fikrində deyil. İndi isə Gürcüstan Ermənistanı dardan qurtarmaq üçün ona yeni dəhliz açır. Təsadüfmü?..
Reaksiya.az
Şərhlər