Həmsədrlərin regiona turu başladı: Nəsə gözlənilirmi?
20.02.2019 14:23 A-reaksiya 1037
ATƏT-in Minsk Qrupunun mandatı mövcud olduqca həmsədrlərin bölgəyə səfərləri davam edəcək.
Bu sözləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, həmsədrlər öncədən müəyyənləşdirilmiş illik plan üzrə hərəkət edir:
“Bu planda da mütəmadi olaraq regiona səfərlərin təşkil olunması, ayrı-ayrı görüşlərin keçirilməsi, rəylərin öyrənilməsi və bununla bağlı həm xarici işlər nazirləri, həm də ehtiyac duyularsa, dövlət və hökumət başçıları səviyyəsində görüşlərin keçirilməsi nəzərdə tutulub. Proses aydındır. Bunlar planlaşdırılmış səfərlərdir. Amma bu səfərlərin hansısa effektiv nəticə verib-verməyəcəyi bəlli deyil. Əslində real mənzərə ortalıqdadır. Doğrudur, bu gün münaqişənin həlli istiqamətində biz beynəlxalq sənədlərin artdığını və Azərbaycanın mövqelərinin kifayət qədər gücləndiyini görürük. Amma bu konteksdə Ermənistanın yeni hakimiyyətinin qərar qəbul etmək gücündə, potensialında olmadığının, yaxud istəmədiyinin də şahidi oluruq. Belə olan halda şübhəsiz ki, “sülhə məcburetmə” termini gündəmə gəlməlidir. Bu da bir neçə konteksdən dəyərləndirilə bilər. Təbii ki, bu, diplomatik müstəvidə sülhə məcburetmə və yaxud da hansısa iqtisadi mexanizmlərlə aparıla bilər. Azərbaycan uzun müddətdir ki, ikincini müttəfiq dövlətlərlə birlikdə həyata keçirir. Bu konteksdən prosesin davam etdirilməsi, yaxud daha da gücləndirilməsi baş verə bilər”.
Analitik qeyd edib ki, Ermənistan buna uyğun olaraq hər hansı kompromis mövqeyə gəlsə, o zaman təbii ki, sülh danışıqlarının intensivləşməsi istiqamətində addımlar atılar:
“Əgər bu baş verməsə, sülhə məcburetmə özünün daha aktiv-hərbi mərhələsinə keçəcək. Hərbi mərhələ lokal, ya da geniş müstəvidə aparıla bilər. Bu gün münaqişənin həlli perspektivləri bundan ibarətdir. Reallıq onu göstərir ki, Azərbaycan məsələ ilə bağlı mövqelərini konkret şəkildə ortaya qoyub. Bu gün hər kəsə bəllidir ki, Azərbaycan ərazi bütövlüyü prinsipindən hər hansı bir formada geri çəkilməyəcək. Ermənistan hakimiyyəti isə manipulyasiya ilə məşğuldur. Guya ölkədəki ictimai rəyin danışıqlar prosesinə mənfi təsir etdiyini önə çəkməyə çalışırlar və bildirirlər ki, Ermənistan cəmiyyəti işğal etdiyi torpaqların azad edilməsi ilə razı deyil. Bu manipulyativ davranışlar indiki şəraitdə Paşinyanın daha çox vaxt udmağa çalışdığını göstərir. Paşinyan tərəfdarları ona vaxtın ölkəyə investisiyalar cəlb etmək, sosial durumu müəyyən qədər müsbət məcraya yönəltmək, sosial müstəvidə aparılan hansısa addımların Ermənistan cəmiyyətinə müsbət impuls verərək onu Qarabağ danışıqları istiqamətində müəyyən qədər loyal hala gətirmək üçün lazım olduğu fikri ilə əsaslandırmağa çalışır. Bu absurd iddiadır. Çünki münaqişə həll olunmadan Ermənistanın indiki vəziyyətdən çıxması mümkün deyil. Yəni yenə də ortalıqda Ermənistanın vaxt udma və münaqişənin həllini uzatmaq üçün ənənəvi manevrləri nəzərə çarpır”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir.
Vasitəçilər İrəvandan sonra Bakıya gələcəklər.(axar)
Şərhlər