Lukaşenko Qərbin caynaqlarına düşəcəkmi? - TƏHLİL
11.08.2015 18:27 A-reaksiya 2663
Rusiya bir il əvvəl Qərbə qarşı “ərzaq” sanksiyalar tətbiq edərkən, Belarusun kənd təsərrüfatçıları və ərzaq istehsalçıları sözün əsl mənasında varlanacaqlarına ümid edirdilər. Çünki Rusiya istehlakçıları üçün bir çox Qərb təchizatçılarını əvəzləmək şansı yaranmışdı.
Amma bu ümidlər özünü doğrulda bilmədi: belaruslu qida təchizatçıları sanksiyalardan yaxşı qazana bilmədilər. Halbuki, çoxları bu proseslərdən uduşla çıxdı.
Boşa çıxan ümidlər
Belarusda kənd təsərrüfatı və qida sənayesi yaxşı inkişaf edib və ixracat üçün də potensial yetərincə yaxşı görünürdü. 2014-cü ilin avqust ayı boyunca müxtəlif səviyyəli Belarus rəsmiləri ancaq və ancaq mənfəətdən və Belarus iqtisadiyyatının bu sanksiyalardan qazanc götürəcəyindən danışırdılar.
İstər baş nazirin müavini, istərsə də baş nazir səviyyəsində müxtəlif rəqəmlər dilə gətirilir, bir rəqəm digərindən daha fantastik olurdu. Beləliklə, Rusiyanın ABŞ və Aİ ölkələrinə qarşı tətbiq etdiyi sanksiyalar Belarus üçün az qala xilasedici bir vasitə sayılırdı.
Həmin ay bir-birinin ardınca belaurslu nümayəndə heyətləri Moskvada məhsulların, xüsusilə də süd məhsullarının nəqlində həcmin artırılması, kvota ölçülərinin dəyişdirilməsi barədə danışıqlar apardılar.
Gözlənilirdi ki, ən çox gəlir pendir, tərəvəz və meyvələrdən gələcək. Lakin bu gözləntilər statistikada tamam fərqli mənzərə ilə müşaiyət olundu. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin 215-ci ilin yanvar-mart aylarına olan göstəricilərinə görə, Rusiyanın qida məhsulları və kənd təsərrüfatı xammalı idxalatını həcmdə 29,9 faiz qalxıb, dollarla qiymətdə isə 27,5 faiz düşüb.
Təcrübədə real qazanc götürmək ancaq dəniz məhsulları istehsalçılarına müyəssər oldu. Belarusda fəaliyyət göstərən “Santa-Bremor” və “Belrıba” müəssisələri Avropada bu sahə üzrə ən iri şirkətlərdən hesab olunur. Hər iki müəssisəsinin yüzlərlə adda məhsulları var. Bu müəssisələr müxtəlif ölkələrdən, xüsusən də Norveçdən dəniz məhsulları alıb emal edirlər. Belarusun ixrac etdiyi məhsullar Polşa, Litva, Ukrayna və Rusiyada “Belarusda istehsal olunub” markası ilə satılır.
Digər sahələrdə isə belarusluların bəxti gətirmədi. Hələ 2014-cü ilin sentyabrında “Rosselxoznadzor” sözün əsl mənasında belaruslu qida təchizatçılarına müharibə elan etdi. Sərhəddə malların saxlanılması ilə bağlı xəbərlər az qala hər gün yayılır. İyulun 28-də “Belrosmoreprodukt”un 4 tonluq azduzlu forel yükü tərkibində listerium olduğuna görə saxlanılıb.
Həmin “Krasnaya qorka” məntəqəsində Belarusdan gətirilən 10 tonluq dondurulmuş quş ətinin, eləcə də 1,5 ton xiyar, 600 kq giləmeyvə və 500 kq yerkökünün Rusiyaya buraxılması qadağan olundu. Tranzit qaydalarının pozulmasına görə isə, Belarusdan Qazaxıstana fitosanitar yoxlama olmadan aparılan 20 ton yunan əriyi geri qaytarılıb.
Yuxarıdakı bütün nümunələr təkcə 1 gündə – iyulun 28-də baş verib.”Rosselxoznadzor”un bəlasına ən çox Belarusun ət və ət məhsulları istehsal edən müəssisələri tuş gəlir.
Bunda isə daha çox Belarus tərəfinin günahı nəzərə çarpır. Çünki “müjdə” xarakterli sanksiyalar xəbərindən sonra, bir çox Belarus müəssisələri fürsətdən istifadə etməyə, qalaqlanmış keyfiyyətsiz məhsulları Rusiyaya “sırımağa” çalışdılar. Artıq payız aylarında az qala hər gün iylənmiş ət məhsulları sərhəd-keçid məntəqələrindən geri qaytarılırdı.
Həmçinin Belarusdan gətirilən donuz ətinin tərkibində də xəstəlik izləri aşkarlanırdı. Beləliklə, Belarus müəssisələrinin birdən-birə varlanmaq arzusu puç oldu.
Belarusun pendir istehsalçıları keyfiyyətsiz məhsullar məsələsində nisbətən üzüağ çıxdılar. Lakin onlar da Rusiyaya pendir nəqlini “inqilabi” səviyyədə artıra bilmədilər. Səbəb isə assortimentdədir. 2014-cü ilin avqustunda belaruslu iş adamları Belarusda Avropa brendləri ilə pendir istehsal etməyə ümid edirdilər. Ən çox da danışıqlar Avstriyanın “Moosbaxer” və “Şlosskeze” ilə gedirdi. Lakin xarici şirkətlər öz brendlərinin istifadə haqqını Belarus şirkətlərinə vermədilər. Çünki Belarusdakı istehsal şəraiti, müəssisələrin texniki vəziyyəti və pendirin keyfiyyəti onları qane etmədi.
2015-ci ilin ilk üç ayında Belarusdan Rusiyaya 198,3 milyon ABŞ dolları dəyərində pendir ixrac edilmişdi. 2014-cü ilin analoji dövründə isə bu göstərici 193,3 milyon dollar olmuşdu ki, sanksiyalardan sonra elə də böyük fərqin yaranmadığı aydın görünür.
Belarus meyvə ixracatında müəyyən irəliləyişə nail olub, o da “reeksport” vasitəsi ilə. Polşadan və Moldovadan alınan meyvə və tərəvəzlər sonradan Rusiyaya satılır, bu isə Belarusun öz istehsalından dəfələrlə çoxdur. Bu məsələ Moskvada xoş qarşılanmadı, Rusiya-Belarus münasibətlərində gərginləşməyə səbəb oldu.
Amma yenə də, belaruslu meyvə-tərəvəz ixracatçıları digərlərindən daha uduşlu çıxdılar. 2014-cü ilin avqustundan 2015-ci ilin mayına qədər Belarusdan Rusiyaya 129 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub. 2013-cü ildən 2014-cü ilə qədər isə bu göstərici 106 milyon ABŞ dollar olmuşdu.
Daxildəki vəziyyət
Belarusun hazırkı iqtisadi potensialı ekspertlər tərəfindən heç də yüksək qiymətləndirilmir. Belarusun dövlət borcu ötən il24 faiz artaraq 197,5 trilyon rubl təşkil edib.
Belarus Maliyyə Nazirliyinin bu ilin ilk yarısına açıqladığı məlumatlara görə isə, dövlət borcu daha 52,4 trilyon rubl, yəni, 26,5 faiz artıb. 2015-ci ilin yanvarından iyuna qədər Belarusun dövlət borcundakı artım 679,1 milyon dollar artaraq 12,7 milyard dollara qalxıb.
Eyni zamanda Belarusda ÜDM ilin ilk yarısında 3,3 faiz azalıb. İnflyasiya 13,2 faiz təşkil edir və ötən ilin dekabrında qəfil devalvasiyaya uğrayan Belarus rublu avqustun ilk həftəsində tarixi minimumu yeniləyib – 1 dollara 15707 rubl)
Belarus yenidən Beynəlxalq Valyuta Fondu (BVF) və Rusiyaya müraciət edərək, daha 3 milyard ABŞ dolları həcmində kredit istəyib.
BVF missiyası 8-15 iyun tarixlərində Belarusda səgərdə olub və məlumata görə, Belarus Hökuməti ilə Dünya Bankının (DB) birgə hazırladığı yol xəritəsi kreditorları qane edib.
Sənədə görə, Belarus kiçik ölçüdə özəlləşdirmə, struktur dəyişiklikləri həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin Belarus hökuməti iri dövlət müəssisələrinin özəlləşdirilməsini şərait yaratmalı, qiymətlərə nəzarətdən imtina etməlidir. Bu addımları Minsk 3-5 il ərzində atmağı planlaşdırır, lakin BVF bunun 6-18 ay ərzində reallaşdırılmasına üstünlük verir.
Lakin həm DB, həm BVF nümayəndələri istisna etmirlər ki, bu islahatlar işsizliyin artması və əhalinin yoxsullaşması ilə müşahidə olunacaq.
Oktyabrın 11-də Belarusda prezident seçkilərinin keçirilməsi gözlənilir. Hətta müxalifət nümayəndələri belə etiraf edir ki, seçkilərdə “Batko” ləqəbli Lukaşenko qalib gələcək. Lakin proseslər onu göstərir ki, qərbli kreditorların səyləri seçkilərdən sonra “Batko” hakimiyyətinin laxlamasına gətirib çıxaracaq. Burda ekspertlər ya “Ukrayna variantı”, ya da “Moldova variantı”nı proqnozlaşdırırlar.
Belarus iqtisadiyyatı hazırda Rusiyadan asılı vəziyyətdədir və Minskə gələn ixracat pullarının da böyük hissəsi məhz “böyük qardaş”dan gəlir. Rusiyada iqtisadi vəziyyətin pisləşməsi özünü Belarusda dəfələrlə artıq göstərir.
Əgər Belarus iqtisadi islahatları uğurlu apara bilməsə və böhranın dərinləşməsi fonunda sosial etirazlar başlasa, Rusiya da öz müttəfiqinə kömək edə bilməyəcək. Lakin Lukaşenkonun da müəyyən risklərə getməsi başa düşüləndir, çünki Belarusdakı “sabit avtokratiya” hazırda vətəndaşları qane edir və onun hakimiyyətdə qalmasını təmin edir.
Rusiya tərəfi isə düşünməyə vadar olur: ya Belarusu BVF-nin və Qərb kapitalizminin “əlinə vermək”, ya da Rusiya ilə Belarusun iqtisadi və sosial inteqrasiyasını sürətləndirərək bu ölkədə rus rublunu tətbiq etmək... Moskvanın Lukaşenkoya davamlı sponsorluq etməsi belə, “Batko”nun tez-tez yada saldığı “Ukrayna variantı”nını çox uzaqda saxlamır.
Rusiya Belarusa kredit ayırmaqda davam edir. İyul ayında Rusiya Bankı 760 milyard ABŞ dolları dəyərində krediti təsdiqləyib. 2015-ci ildə Belarus ümumilikdə 4 milyard ABŞ dolları dəyərində borc qaytarmalıdır.
Lukaşenko və Qərb siyasətçiləri
Aleksandr Lukaşenko öz hakimiyyətini qorumaq üçün müəyyən “oyunlar oynamağı” bacarıb. Qərb siyasətçiləri artıq Lukaşenko barəsində o qədər sərt danışmırlar. Onun Ukraynanın ərazi bütövlüyü barədə səsləndirdiyi pozitiv fikirlər və danışıqlarda vasitəçiliyi dünyada Minskə qarşı olan gərginliyi bir qədər azaltmış oldu. Bu yaxında Belarusun 24 vətəndaşı ABŞ-ın sanksiya siyahısından çıxarılıb, bir neçə ABŞ konresmeni də Minskə qonaq gələrək prezidentlə “demokratikləşmə və insan haqları” ilə bağlı müzakirələr aparıblar. Oktyabr seçkilərində qan tökülməsi, repressiyaların olması gözlənilmir. Və görünür ki, Qərb də, Belarus xalqı da “sabitlik” variantına üstünlük verir.
Həmçinin Minsk Avropa ölkələri ilə iqtisadi münasibətləri də normal saxlamağa çalışır, bu ölkələrdən aldığı məhsulları “reeksport” üsulu ilə Rusiyaya satır. Rusiya da bilərəkdən və ya bilməyərəkdən bəzi addımları “görməzdən gəlir”.
Əslində isə Putin Lukaşenkonun bu “münasibətlər”ində heç nə itirmir. Əksinə, Belarusa təzyiqlərin azalması və müxalifətin həm daxildən, həm də xaricdən zəif dəstək görməsi Kremli qane edir.
Vladimir Putin yaxşı bilir ki, tamamilə itirilmiş Ukraynadansa “var-gəl” edən Belarus indiki vəziyyətdə daha əlverişlidir.
Lakin növbəti suallar da ortaya çıxır. Belarus seçkilərdən sonra istisna olmayan dərin böhranın öhdəsindən necə gələcək? İstər xalq, istər Qərb, istərsə də Kreml – bu mövzuda dözümlülük göstərə biləcəkmi?
Şərhlər