Kremlin yeni gedişi: İslam dünyasına açılan qapı - TƏHLİL
11.08.2015 19:35 A-reaksiya 2164
Sentyabrın 23-də, Qurban Bayramı günündə İslam dünyasının müxtəlif liderləri əlamətdar bir hadisə üçün Moskvada toplaşacaq. Bu əlamətdar hadisə Avropanın ən böyük məscid kompleksi hesab olunan Moskva Mərkəz Məscidinin yeni binasının açılış mərasimidir. Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir çox müsəlman ölkələrinin dövlət başçıları da dəvət olunub. Təbii ki, Vladimir Putin bu tədbirə ciddi hazırlaşır və açılış mərasimi müəyyən bir strategiyanın tərkib hissəsi olaraq hesablanıb. Bu strategiya və hesablanan hədəflər barədə az sonra danışacağıq, lakin əvvəlcə məscid kompleksindən söz açaq. 1904-cü ildən bəri fəaliyyət göstərən Moskva Mərkəzi Məscidi rekonstruksiyadan 20 dəfə böyüyüb, sahəsi 500 kvadrat metrdən 19 min kvadrat metrə qədər artırılmış məsciddə 10-12 min arası inanclının eyni zamanda namaz qılması mümkün olacaq. Məscid kompleksinin inşaat-rekonstruksiya işlərinin 120 minlyon ABŞ dollarına başa gəldiyi bildirilir. 2 milyondan çox müsəlmanın yaşadığı Moskvada belə bir məscid kompleksinin tikilməsi əlamətdar bir hadisə sayıla bilər. Rusiyanın strateji maraqlarına gəldikdə isə, Kreml bir neçə məqamda divident əldə edir: – Müsəlman ölkələrinin dövlət başçılarını Moskvada toplamaqla, bu dövlətlərlə münasibətləri daha da yaxşılaşdırmaq və istiləşdirmək üçün münbir şərait yaradır; – İslam dünyasındakı siyasi dairələrin Putinə münasibəti loyallaşır; – Rusiyada mövcud olan və həm yerli, həm də xarici müsəlman xadimlərini narahat edən, müsəlman xalqlarında ruslara qarşı antipatiyanı dərinləşdirən ksenofobiyanı səngitmiş olur, həm daxili publikaya, həm də dünya ictimaiyyətinə pozitiv mesaj verir; – Qərb ölkələrində İslamofobiyanın “çiçəkləndiyi” bir zamanda Rusiyada bu cür böyük və əlamətdar bir tədbirin keçirilməsi Pravoslav Rusiyası ilə İslam dünyası arasında tolerantlıq və dialoqun formalaşmasını nümayiş etdirir və Moskvanın bu dialoq məsələsində Qərbdən daha irəlidə olduğunu göstərir. – Rusiyada ksenofobiya və islamofobiya təhdidlərindən başqa, radikal islamizm və esktremizm təhdidləri də “yoxdur” deyə sayılmaz. Bu baxımdan, müsəlman icmalarında, radikal əhval-ruhiyyəli dairələrdə yumşalmanın olacağı istisna deyil. Bütün yuxarıda qeyd olunan hədəflərlə yanaşı, hadisələrin gedişatından da çox şey asılıdır. Moskva bu kursu hansı müddətə və hansı səviyyədə hesablayıb, demək çətindir. Lakin Rusiyada müsəlman amili var və bu amil nəzərə alınmalıdır. Nəzərə alınmayacağı təqdirdə, qarşıdurma və münaqişələr istisna olunmur. Qərbin sanksiyaları fonunda isə sabit və tolerant Rusiya cəmiyyəti isə Kremlin əsas prioritetlərindən biri kimi ortaya çıxır. Beləliklə, Moskva görüşünə ümidlərin böyük olması anlaşılandır.
Şərhlər