Ermənilərin Tehran təxribatının hədəfi - Eks-nazirdən sensasiya
28.02.2019 13:02 A-reaksiya 1071
İranda baş verən hadisələr ermənilərin Azərbaycana qarşı növbəti məkrli təxribatıdır.
Bu sözləri İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşdə çəkdirdiyi selfidə əksini tapan plakatda “Qarabağ Ermənistandır və Son” yazılmasına münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir ilk növbədə məsələyə ciddi yanaşmağı və bir qədər diqqətli olmağı lazım bilib:
“Tehranın mərkəzində yerləşən “Ararat” klubu bəzi imtiyazlara malikdir, ona görə də ermənilərə bu cür işlərdə icazə verirlər. Bu baxımdan İranda baş verən hadisələr ermənilərin Azərbaycana qarşı növbəti məkrli təxribatıdır. Təbii ki, düşmənin məqsədi mümkün qədər Azərbaycan-İran əlaqələrinə ziyan gətirməkdir. O üzdən də hesab edirəm ki, Azərbaycan buna ciddi diqqət yetirməli və bu faktı İran tərəfinin nəzərinə çatdırmalıdır”.
T.Zülfüqarov ermənilərin Azərbaycana qarşı törətdiyi təxribatın İranın dövlət orqanları ilə razılaşdırıldığını düşünmür:
“Təbii ki, İranın dövlət orqanları belə bir hadisənin baş verəcəyindən məlumatlı idi. Ancaq Paşinyanın erməni icması ilə görüşündə təxribat xarakterli şüarın qaldırılması birbaşa Azərbaycana qarşı yönəlib. Birincisi, Azərbaycan bu məsələyə ciddi diqqət yetirməli, səfirlik vasitəsilə ya diplomatik nota verilməli, ya da İranın Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və hadisə barədə müzakirələr başladılmalıdır. Bu işin bəlli və ənənəvi yoludur. İkincisi, aydın məsələdir ki, Ermənistan Azərbaycanın qonşuları ilə əlaqələrini bu və ya digər şəkildə təxribatlar vasitəsilə pozmağı hədəfə alıb. Ona görə də məsələyə məhz bu kontekstdən yanaşıb, qərar verməliyik”.
Təxribatın İran Prezidenti Həsən Ruhaninin Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış etdiyi bir vaxta düşməsinə gəlincə, sabiq nazir maraqlı məqamlara işıq salıb:
“Sözügedən iddialar ilk növbədə Ermənistana aid idi. Çünki bu ərazilər Türkmənçay müqaviləsindən əvvəl İranın bir hissəsi idi. Nəinki bu iddia, hətta son zamanlar baş verən bir sıra silsilə hadisələr birbaşa İran-Azərbaycan əlaqələrinin pozulmasına hesablanıb. Bu xoşagəlməz və Bakı-Tehran əlaqələrini hədəfə alan oyunlara gözlənilməz reaksiya verilməsinin tərəfdarı deyiləm və bu yöndə səsləndirilən fikirlərlə razılaşmıram. Azərbaycan təmkinli və diplomatik cavab addımları atmalıdır”.
Qeyd edək ki, İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb.
Görüşdə Paşinyan tribunadan icma üzvləri ilə birgə çəkdirdiyi selfidə əksini tapan plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” yazılıb.
Şərhlər