Bakının qəfil hücum taktikası - cəbhə xəttinə böyük qüvvə yeridildi

11.03.2019 14:01     A-reaksiya     1555

Ordumuzun bu gün başlayan genişmiqyaslı təlimlərində baş hədəf; Azərbaycan sülh prosesini torpedalayan düşmənlə güc dilində danışığa keçir - İrəvanda həyəcan...

Bu gün - martın 11-dən etibarən 15-dək müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayır. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

*****

Göründüyü kimi, bu, sırf hücum taktikasına hesablanmış təlimdir və şübhə yox ki, son günlər Qarabağla bağlı radikal mövqe sərgiləyən, konstruktiv danışıqlarla bir araya sığmayan və nizamlama prosesini iflic edən bəyanatlar səsləndirən işğalçı ölkə rəhbərliyinə ayıldıcı təsir eləmək niyyəti güdür. O səbəbə budəfəki təlimlər Azərbaycanın hərbi gücünün bir daha düşmənə praktik nümayişi baxımından böyük önəm daşıyır.

Картинки по запросу Martın 11-də Hərbi Təlimlər

Təlimlər həm də rəsmi Bakının Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Paşinyan hökumətinə sərt ismarışlar göndərməsi və xəbərdarlıq eləməsindən dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Belə ki, ötən həftə ATƏT sədri ilə Bakıdakı görüş zamanı Azərbaycan prezident İlham Əliyev Qarabağa dair sülh prosesinin pozulmasına görə bütün məsuliyyəti İrəvanın üzərinə qoyub. Ardınca Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edən zaman rəsmi Bakı mövqeyini bir daha xatırladıb və Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişdirməklə bağlı cəhdlərinə birdəfəlik nöqtə qoyub. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz”, - Azərbaycan prezidenti bildirib.

Картинки по запросу Martın 11-də Hərbi Təlimlər

Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb. O, həmçinin Ermənistan tərəfinin ziddiyyətli açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da keçən həftə düşmən tərəfə analoji xəbərdarlıqla çıxış edib. ATƏT sədrindən xahiş edib ki, İrəvana Bakıdan belə bir ismarış aparsın: “Biz indi xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə?”

Bunlar rəsmi Bakının Paşinyan iqtidarına müharibə xəbərdarlığıdır. Azərbaycan Ordusunun bu gün yüzlərlə hərbi texnika, aviasiya  maşınlarının cəlb olunduğu genişmiqyaslı təlimə başlamasını həmin xəbərdarlığın məntiqi davamı sayılmalıdır. Hərbi ekspertlər isə təlim adı ilə Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirmək niyyəti güddüyünə əmindirlər. Yəni hərbi təlimlər günün birində hərbi əməliyyatlara da keçə bilər.  

Похожее изображение

*****

Azərbaycan, təbii ki, öz sərhədləri daxilində silahlı qüvvələrinin yerini dəyişmək və ya ən əsası, işğal altındakı ərazilərinə yaxın yerlərdə böyük hərbi qüvvə cəmləmək kimi müstəsna hüquqa malikdir. Bu hüququ ona BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsi, habelə Avropa Şurasının (AŞ PA), Avropa Parlamentenin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının ərazi bütövlüyümüzü dəstəkləyən sənəd-qərarları verir.

Ermənistanın da təsdiqlədiyi BMT Nizamnaməsi isə hər bir ölkəyə öz ərazi bütövlüyünü bərpa eləmək üçün istənilən yola əl atmaq, o sırada antiterror əməliyyatları keçirmək haqqı tanıyır. Azərbaycan da özünün hərbi və döyüş potensialını artırmaq üçün gərəkəni edir, yeni və müasir silahlar, döyüş sistemləri əldə edir, öz hərbi-sənaye kompleksini yaradır və gücləndirir, vaxtaşırı həm fərdi şəkildə, həm də qardaş Türkiyə ilə birgə hərbi təlimlər, hərbi paradlar həyata keçirir. Ən əsası, Bakı torpaqlarını işğaldan qurtarmaq üçün əlverişli siyasi şərtlər fonunda qəfil hücum taktikasını cilalamaqdadır.

Diqqət çəkən həm də odur ki, Azərbaycan son illər özünün maliyyə potensialı hesabına qabaqcıl Qərb dövlətləri (ABŞ, Fransa) ilə də hərbi-texniki əməkdaşlığı gücləndirmək kursu götürüb. Bu da İrəvanda haqlı olaraq həyəcan və təlaşı artırıb...

*****

“ABŞ keçən ilin dekabrında Azərbaycana xeyli miqdarda, ümumi dəyəri 109 milyon dollar olan aviasiya-kosmik məhsullar ixrac edib. Bu məlumat ötən il üçün ABŞ-Azərbaycan ticarət statistikasında əksini tapıb. Mənbənin bildirdiyinə görə, Azərbaycan ABŞ-dan təyyarələr, kosmik texnologiyalar və peyklər alıb. Əlamətdardır ki, 2017-ci ildə ixracla bağlı belə bir maddə, sadəcə, mövcud olmayıb”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Spitnik Armenii” portalı yazıb. Portal bununla bağlı erməni politoloq-amerikaşünas Suren Sərksiyanın mövqeyini öyrənib. Erməni ekspert deyib: “Hərçənd bu məhsullar formal olaraq mülki təyinatlıdır, gələcəkdə Bakının ABŞ-dan ikili təyinatlı texnologiyalar alacağını istisna eləmək olmaz. Nümunə üçün uzağa getməyə lüzum yox. Keçən il Azərbaycan ABŞ-dan ”Bell -412" mülki vertolyotlar almışdı. Ancaq Bakı onları hərbi vertolyotlar kimi təzədən quraraq ordunun öhdəsinə verdi. Bütövlükdə son illər ABŞ kosmosun mənimsənilməsində Azərbaycanın əsas tərəfdaşına çevrilir. Azərbaycan ABŞ və Fransa ilə birgə bu yöndə bir sıra layihələr həyata keçirir. Son bir ildə Bakı orbitə bir neçə peyk buraxıb. Lazım gələrsə, bu peyklər Ermənistan əleyhinə istifadə oluna bilər. Rəsmi İrəvan belə şərtlər fonunda praktik olaraq, ABŞ-la Azərbaycanın aviasiya və kosmos sahəsində əməkdaşlığına mane olmaq gücündə deyil. Bundan ötrü bizim resurs və imkanlarımız olduqca azdır".

“Yeni Müsavat” yada salır ki, ötən il dekabrın əvvəlində Bakıda səfərdə olan ABŞ müdafiə naziri müavininin köməkçisi Laura Kuper Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüş zamanı Vaşinqtonun iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd etmişdi. Maraqlıdır ki, ölkəmizə 109 milyon dollar həcmində ABŞ istehsalı olan aviasiya-kosmik məhsullar da məhz həmin ayda idxal edilib...  


Reaksiya.az

Şərhlər

Çox oxunanlar