Hesablama Palatasını niyə hesaba almırlar? - hüquqşünas təklif verdi

11.04.2019 14:57     A-reaksiya     1169

Hüquqşünas: “Hər bir korrupsiya faktı ilə bağlı hüquq-mühafizə orqanları  araşdırmalara başlamalı, nəticələr barədə cəmiyyətə məlumat verilməlidir”

Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatının Milli Məclisdə müzakirəsi ciddi iradlarla müşayiət olundu. Deputatlar Palatanın apardığı audit tədbirləri zamanı əldə olunan nəticələrin lazımi səviyyədə nəzərə alınmamasından, maliyyə pozuntuları aşkarlanan dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinə qarşı ciddi cəza tədbirlərinin həyata keçirilməməsindən narazılıq ediblər.

Deputat Fəzail Ağamalı xüsusilə talanmış büdcə vəsaitlərinə diqqət çəkib: “Necə edək ki, büdcədən maliyyələşən qurumların büdcə vəsaitinin dağıdılmasına imkan verilməsin? Hələ də bu məntiqi başa düşə bilmirəm ki, ayrı-ayrı qurumların mənimsədiyi pullar hər il Palatanın illik hesabatında göstərilir, lakin bu ənənəyə son qoyulmur. Necə etmək lazımdır ki, buna imkan verilməsin? Bunun üçün Palata öz işini daha yüksək səviyyədə qurmaqla bərabər, qurumun müstəqilliyi təmin edilməlidir. Elə etmək lazımdır ki, Hesablama Palatasının işinə müdaxilə sıfra endirilsin”. F.Ağamalı bildirib ki, Palatanın hesabatında bir sıra qurumların rəhbərliyinin dövlət vəsaitini mənimsədiyi konkret faktlarla əksini tapıb: “Hesabatda qeyd olunur ki, Bakı şəhərində mənzil istismar sahəsi, eləcə də Bakıda fəaliyyət göstərən yaşıllaşdırma idarələri tərəfindən mənimsənilən vəsait büdcəyə geri qaytarılıb. Lakin bu qurumların heç birinin rəhbərliyinə ”gözün üstə qaşın var" deyən olmayıb".

Похожее изображение

Deputat hesab edir ki, vəzifədən gedən qurum rəhbərləri barədə vaxtında araşdırma aparılmalıdır: “Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında məlumatlara mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

Картинки по запросу Komitə sədri Siyavuş Novruzov

Komitə sədri Siyavuş Novruzov Hesablama Palatasının strukturunda ciddi dəyişikliklərin aparılmasını təklif edib. Eyni zamanda yoxlamaların keçirilmə vaxtına etirazını bildirib: “Belə çıxır biz gözləməliyik ki, bir insan lövbərini salsın, oranı dağıtsın, ondan sonra həmin qurumun dağıdıldığı barədə məlumat gələndən sonra yoxlama aparaq. Belə olan halda büdcəni talayan adam cəza çəkməyi daha üstün tutur, nəinki dövlət vəsaitini geri qaytarmağı. Ortada itirən dövlətdir. Bu mənada bəlkə də hesabat illik, yaxud altı aylıq olsa, daha yaxşıdır. Palata dövlət vəsaitinin necə xərclənməsinin monitorinqini aparmalıdır. Lazım olsa, əlavə kadrları da cəlb etmək lazımdır ki, kimsə korrupsiyaya meyllənərsə, onun qarşısı alınsın”.

Картинки по запросу Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev Palatanın hesabatında cinayət faktlarının əksini tapdığını bildirib: “Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün ”oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram" yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün".

Göründüyü kimi, Hesablama Palatasının aşkarladığı mənimsəmələrlə bağlı ciddi faktların faktiki olaraq nəticəsiz qalması Milli Məclis üzvlərini də narahat etməyə başlayıb. Bu vəziyyət nədən qaynaqlanır?

Palatanın dəfələrlə eyni problemlər aşkarladığı qurumlarda vəziyyətin dəyişməməsi, hüquq-mühafizə orqanlarına göndərilən işlər üzrə ciddi addımların atılmamasının səbəbi nədir?

Картинки по запросу Ələsgər Məmmədli

Sualları cavablandıran hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Hesablama Palatası ilə bərabər, son vaxtlar dövlət vəsaitlərinin mənimsənilməsi, məmurların müxtəlif ölkələrdə biznes qurmasına dair KİV-lərdə məlumatların sayı artmağa başlayıb: “Prosessual hüquq baxımından yanaşsaq, ictimailəşən hər bir korrupsiya faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başladılmalı, nəticələri barədə cəmiyyətə məlumat verilməlidir. Yəni qanunvericilikdə buna imkan verən müddəalar mövcuddur. Lakin həmin müddəaların tətbiqində ciddi problemlər var. Hesablama Palatası da ciddi maliyyə pozuntuları ilə bağlı məlumatlar açıqlayır. Bu qurum dövlət vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət edən bir strukturdur. Dövlət onu formalaşdırmağa, fəaliyyətini təmin etməyə vəsait sərf edir ki, dövlət maliyyəsi sahəsində proseslərə effektiv nəzarəti təmin etsin. Palatanın açıqladığı hər bir məlumat reallıqda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmaların başlanması üçün ən mötəbər əsasdır. Hətta Palata rəsmi olaraq nəticələri hüquq-mühafizə orqanlarına göndərməsə belə, onun audit fəaliyyəti nəticəsində aşkarlanan faktların əksəriyyəti cinayət işinin başlanması üçün yetərlidir. ”Nöqsan" adlandırılan maliyyə pozuntularının məbləği fərq etmədən, hər bir kənaraçıxma barədə xüsusi araşdırma aparılmalıdır. Bu zaman kənara çıxarılan vəsaitin büdcəyə bərpa olunub-olunmaması da önəmli deyil. Önəmli olan dövlət vəsaitinin mənimsənilməsi faktının olmasıdır".

Hüquqşünasın sözlərinə görə, bir çox hallarda hüquq-mühafizə orqanları dövlət vəsaitlərinin mənimsənilməsi faktları üzrə apardıqları araşdırmalar barədə ictimaiyyətə heç bir məlumat vermirlər: “Bir də görürsən, məlumat açıqlanır ki, 50 milyon manatdan yuxarı vəsaitin geri qaytarılması təmin olunub. Lakin açıqlanmır ki, bu, hansı dövlət qurumunda baş verib, vəsaitlər hansı formada oğurlanıb, günahkar kim olub, hansı cəzaya məhkum edilib və sair. Bu qeyri-şəffaflıq isə əksər hallarda eyni halların, pozuntuların təkrarlanmasına rəvac verir. Bu baxımdan, hesab edirəm ki, mövcud vəziyyətin aradan qaldırılması üçün qanunvericiliyin korrupsiya halları ilə bağlı müddəalarına əməl olunması, eyni zamanda bu proseslərdə şəffaflığın təmin edilməsi vacib şərtdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar