Bu gün Moskvada kritik Qarabağ görüşüdür - "Lavrov planı" yenə masada

15.04.2019 12:07     A-reaksiya     1306

Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrovun iştirakı ilə Rusiya paytaxtında nələri müzakirə edəcək?; Elmar Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” xəbərdarlığından sonra ilk dəfə Mnatsakanyanla qarşı-qarşıya gəlir; politoloq: “Nazirləri görüşdürürlər ki, heç olmasa payıza qədər toqquşma ehtimalını önləsinlər”

Bu gün, aprelin 15-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı növbəti görüşü olacaq. Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasındakı budəfəki görüş Rusiya paytaxtında keçiriləcək.

Martın 28-də Vyanada, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada bir araya gətirilməsi barədə razılıq əldə olunmuşdu. Rusiya paytaxtında keçiriləcək görüşün hansı zərurətdən irəli gəldiyi açıqlanmasa da, görünən budur ki, rəsmi Moskva prosesləri nəzarət altında saxlamağa çalışır. Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov ayrı-ayrılıqda həm ermənistanlı, həm də azərbaycanlı həmkarı ilə bir araya gəlmişdi və bu görüşlərin hər ikisi Rusiyada baş tutmuşdu. Maraqlısı bu idi ki, Zöhrab Mnatsakanyanın qəfildən “itməsi” barədə xəbərləri elə erməni mənbələri yaymışdı. Sonradan onun  Lavrovun hüzuruna getdiyi bəlli oldu. Ehtimal olunurdu ki, Ermənistan XİN rəhbəri liderlərin qarşıdakı görüşü ilə bağlı təlimat almaqdan ötrü Rusiyaya uçub. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov isə Lavrovla görüşdən sonra Ermənistana ünvanlı kifayət qədər sərt mesajları ilə diqqət çəkmişdi. Nazir bildirmişdi ki, Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünun Moskvada keçirilməsini və görüşdə iştirak etməsini istəyir.

Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ile ilgili görsel sonucu

Qeyd edək ki, həmsədrlərin təşəbbüsü ilə keçirilən Paris görüşündə nazirlər arasında dörd saatlıq müzakirələr aparılmışdı və yekun sənədində tərəflərin xalqları sülhə hazırlamaqla bağlı razılaşma əldə etdikləri açıqlanmışdı. Bunun ardınca liderlərin bir dəfə qeyri-rəsmi, bir dəfə isə rəsmi səviyyədə Qarabağ məsələsini müzakirə etməsi və bütün bu görüşlərin Avropada baş tutması Rusiyanı narahat etməyə bilməzdi. Kreml Qarabağ məsələsinə bölgədə qalmağın vacib elementi kimi baxdığından prosesə təsir imkanlarını daim saxlamağa çalışır. Bu mənada Lavrovun təşəbbüsləri əbəs deyil. Şimal qonşumuz əvvəlcə xalqların sülhə hazırlanması, növbəti görüşdə isə humanitar əlaqələrin qurulması barədə anlaşmanın əldə olunmasını sakit qarşılaya bilməzdi. Düzdür, hər görüşdən və razılaşmadan sonra Ermənistanın destruktiv fəaliyyəti müşahidə olunub və bu da danışıqların perspektivinə ümidləri heçə endirib. Ancaq istisna deyil ki, Rusiya Ermənistana etibar etmədiyi üçün onu Qərb dairələri ilə baş-başa buraxmaq istəmir. “Soros uşaqları”ndan ibarət olan Nikol Paşinyan hökumətinin Qərbin diktəsi ilə oturub-durması şəraitində Moskva narahat olmaya bilməz. Odur ki, Rusiyanın yenidən “Lavrpov planı”nı masaya çıxara biləcəyi də səslənən gümanlar sırasındadır.

“Lavrov planı” prezidentlərin 2012-ci ildə, Kazan şəhərindəki görüşündən sonra  gündəmə gəlib. Bu planda vurğulanırdı ki, 5 rayonun qaytarılması üçün prinsipial olaraq razılaşdırılıb. Ancaq hesab olunur ki, bu plan Azərbaycanın tələyə salınmasından başqa bir şey deyil. 2016-cı ilin aprel döyüşlərindən sonra xarici ölkə rəsmiləri arasında ilk olaraq özünü İrəvana yetirən Rusiya XİN rəhbərinin  sonrakı dönəmlərdə açıq-aşkar ermənipərəst siyasət yürütməsinin hamılıqla şahidi olmuşuq. Bu mənada Lavrovun hazırladığı tənzimləmə variantının Azərbaycanın milli maraqlarına uyğun olduğuna ancaq sadəlövhlər inana bilər. O da istisna deyil ki, Rusiya XİN rəhbəri hərtərəfli tellərlə bağlandığı Ermənistanı müharibə riskindən xilas etmək üçün növbəti görüşə təşəbbüs göstərib. Reallıq budur ki, Ermənistan rəhbərliyinin son davranışları, Azərbaycanın yeni ərazilərini işğal edə biləcəyi ilə bağlı sərsəm bəyanatlar verən müdafiə naziri David Tonoyanın dedikləri, N.Paşinyanın onu açıq müdafiə etməsi rəsmi Bakının kəskin reaksiyalarına səbəb olub. Qeyd edək ki, Tonoyan “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” deməklə müdafiə naziri Zakir Həsənovun “İrəvanda görüşəcəyik” xəbərdarlığını aldı. Münasibətlərin çox kəskin olduğu göz önündədir. İş o yerə çatıb ki, proseslərə kifayət qədər soyuqqanlı reaksiya verən E.Məmmədyarov da düşmən ölkəyə “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” mesajını verib. Belə olan şəraitdə aprel döyüşlərinin hər an təkrarlana biləcəyi heç kimdə şübhə doğurmur. S.Lavrov istəməz ki, yenidən ermənilərin vayına şahidlik etsin. Azərbaycan ordusunun budəfəki zərbələrinin daha dəhşətli olacağına ermənilər də əmindir.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya, xüsusən xarici işlər naziri Sergey Lavrov çalışacaq ki, müzakirələr üçün predmetli məsələni ortaya çıxarsın: “Rusiyanın bu məsələdə əlində olan əsas variantı 5 rayonla bağlıdır. Rusiya mətbuatı görüş öncəsi işğal olunmuş 5 rayonun geri qaytarılması müqabilində Dağlıq Qarabağın statusu məsələsinin razılaşdırılması və bölgəyə sülhməramlı qüvvələr gətirilməsi və bu kimi məsələləri gündəmə gətirir. Ancaq hesab edirəm ki, bu, ağlabatan variant deyil. Rusiya moderator kimi imitasiya edəcək və danışıqları irəlilətməyə çalışdığını göstərəcək. Hesab edirəm ki, budəfəki danışıqlarda da irəliyə doğru addım atmaq mümkün olmayacaq”.  Politoloq azvision.az-a bildirib ki, nədənsə Moskvanın təşəbbüsü ilə məsələlər qaldırılanda həmişə cəbhədə gərginlik yaranır. “Görünür, cəbhə xəttində gərginliyi artırmaq ermənilərin məqsədi imiş. Ona görə də bir-birinin ardınca Tonoyan və Paşinyan bəyanatlar verdi. Görünən budur ki, danışıqlar prosesində ermənilər tamamilə pozucu rol oynayır və imkan vermir ki, nə isə əldə edilsin”, - deyə Q.Hüseynli vurğulayıb.

Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moskva görüşündə müsbət nəticənin əldə olunacağını gözləmir. “Əgər liderlərin görüşündə ümumi razılaşma yoxdursa, xarici işlər nazirlərinin danışıqlarda irəli gedəcəyini düşünmək sadəlövhlük olardı. Bunu Paşinyanın Strasburqdakı çıxışında yeni heç nəyin olmaması da təsdiq edir. Çünki Paşinyan daha çox mənasız detallar üzərində düşünür. Münaqişənin konseptual həlli haqqında heç nə demir. Bir ifadəsində deyir ki, ”Münaqişənin istənilən həll variantı Ermənistan xalqının, “Dağlıq Qarabağ xalqının” və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır". Göründüyü kimi, o, münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu, əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Amma Paşinyan hiyləgərliyə gedərək “Azərbaycan xalqı” ifadəsini işlədir ki, guya güzəştə getdiyini göstərsin. Amma təfərrüat haqqında heç bir irəliləyiş yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da etiraf edir".

Bu baxımdan ekspert Moskva görüşündən real nəticə gözləmir: “Sadəcə, danışıqlar imitativ xarakter daşıyır və bu danışıqlarda real nəticə əldə olunmayanadək, atəşkəs kövrək qalacaq, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ehtimalı da yüksəkdir”. Politoloq deyir ki, həmsədrlər çox hiyləgər gedişlər edirlər: “Onlar bilirlər ki, yay aylarına doğru toqquşma ehtimalları artır. Həqiqətən yay aylarında bu versiya var. Bunu bilərəkdən əvvəlcə liderlərin görüşünü təşkil etdilər. İndi də nazirləri görüşdürürlər ki, heç olmasa payız aylarına qədər toqquşma ehtimalını önləyə bilsinlər. Payızdan sonra hansısa xırda məsələlərdə uzlaşmanın əldə olunacağına ümid edirlər. Həmsədrlərin əsas fikri atəşkəsin pozulmasının və cəbhə bölgəsində gərginliyin qarşısının alınmasıdır, nəinki danışıqlarda real irəliləyişin əldə olunması, Ermənistana təsir edilməsi və s.

Başqa bir məsələyə diqqət edək".

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

“Lavrov planı” ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli isə fərqli fikirdə olduğunu vurğuladı: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində heç vaxt ”Lavrov planı" adlı mərhələ olmayıb. Danışıqlar prosesində Rusiyanın müəyyən qədər fəallığının artdığı dönəmdə də Madrid prosesi davam etdirilib. “Madrid prinsipləri”nin, yaxud yenilənmiş “Madrid prinsipləri”nin bü və ya digər istiqamətlərinin Rusiyanın xarici işlər nazirinin iştirakı ilə müzakirə olunması bu istiqamətlərin “Lavrov planı” olduğu anlamına gəlmir və gəlməməlidir də". Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-nə planlaşdırılan görüşünə gəldikdə, siyasi təhlilçi bildirdi ki, bu görüşdə Sergey Lavrovla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcəklər: “Bu isə o deməkdir ki, danışıqlar zamanı Lavrovun hansısa ”eksklüziv" təkliflərlə çıxış edəcəyi gözlənilmir. Rusiya xarici işlər nazirinin bir müddət öncə humanitar tədbirlər, o cümlədən jurnalistlərin qarşılıqlı səfəri ilə bağlı mülahizələrini nəzərə alsaq, Lavrovun görüş çərçivəsində çox güman ki, bu istiqamətdə müəyyən razılaşmaların əldə edilməsinə çalışacağı gözlənilir".

E.Mirzəbəyli qeyd etdi ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının əsas istiqamətlərindən biri də Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin keçirilməsinə, o cümlədən icmalar və cəmiyyətlər arasında dialoqun təşkil edilməsindən ibarət idi: “Rusiya həmin dövrdə də təşəbbüsü ələ almağa və prosesi pozmağa çalışdı və buna da nail oldu. İndi yenə də Vyanada humanitar tədbirlərin keçirilməsi ilə bağlı əldə olunan razılaşmaya Moskvanın müdaxiləsi baş verir. Doğrusu, Sergey Lavrovun iştirak etdiyi hər hansı bir prosesdən nəticə gözləmirəm. İndiki şəraitdə yenə də danışıqlar prosesinin nəzarətdə saxlanılması cəhdləri nəzərə çarpır. Ola bilsin ki, yenidən prosesin pozulması üçün müəyyən aldadıcı və görüntü xarakterli tədbirlərin keçirilməsi ilə bağlı hansısa bəyanatlar verilsin. Amma bütün bunlar konkret nəticənin əldə olunmasına pozitiv təsir göstərməyəcək”.

Beləliklə, bu gün Rusiya paytaxtında kritik Qarabağ danışıqları keçiriləcək. Ona görə kritik ki, Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” xəbərdarlığından sonra ilk olaraq Mnatsakanyanla bir araya gələcək. S.Lavrov isə çalışacaq ki, moderatorluq etdiyi danışıqlarda hansısa anlaşmanın əldə olunmasına nail olsun. Ən azı görüşlə bağlı yekun bəyanatda “irəliləyiş”dən bəhs olunması üçün... Amma rəsmi Bakı bəyan edib ki, Azərbaycan danışıq görüntüsü naminə danışıqları sonsuzadək davam etdirməyəcək...(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar