Azərbaycandan Ermənistanı DİZ ÇÖKDÜRƏCƏK GEDİŞ: 2019-cu ildə üç ölkə... - İrəvanın planı İFLAS OLDU

24.04.2019 12:47     A-reaksiya     1321

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasına "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcıları yerləşdirəcək. Onlar bazada mövcud olan "MiQ-29" təyyarələrini əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək. Təyyarələrin yerləşdirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək.

"Su-30SM" Rusiyanın “4++” nəslinə aid ağır çoxhədəfli qırıcısı, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir. Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir. Əlavə yanacaq doldurmadan uçuş müddəti 3,5 saatdır. Çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilə bilər.

Hərbi ekspert Üzeyir Cəfərli Publika.az-a açıqlamasında bildirir ki, “Su-30 SM” sırf Rusiyanın Ermənistandakı hərbi bazası üçün nəzərdə tutulan qırıcılardır və bu qırıcıların Erebuniyə göndərilməsinin Ermənistana heç bir aidiyyəti yoxdur:

“Ermənistan ondan heç bir şəkildə istifadə etmək hüququna malik deyil. İstifadə edə də bilməz. Bu, sırf Rusiyanın öz bazasında yerləşdirəcəyi təyyarələr olacaq. “Su-30SM” yeni nəsil qırıcılardır və Rusiya zaman-zaman bu təyyarələri öz hərbi bazalarına göndərir və sursatlarını yeniləyir. Doğrudur, bazalarda yenilədiyi texnikanı müttəfiqlərinə verdiyi vaxtlar da olur. Lakin onun Azərbaycana hər hansı bir təhlükəsi ola bilməz. Çünki Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemləri son illər kifayət qədər yenilənib. Düşünmürəm ki, Ermənistan və yaxud elə Rusiya da hər hansı bir ciddi təxribata əl atsın. Həmin texnikanın Qarabağda peydə olması da mümkün deyil. Çünki bu, sırf Rusiyanındır”.

Hərbi ekspertin fikrincə, Ermənistan bu məsələdən öz xeyrinə istifadə etmək niyyətindədir:

“Su-30SM”in bütün texniki xarakteristikası yenilənib. Texniki göstəriciləri, manevr imkanları, eyni zamanda bir neçə hədəfi sıradan çıxarması xüsusiyyətləri nəzərdən keçirilib. Son zamanlar Rusiyanın Qafqazla və Xəzər dənizi ilə bağlı ciddi planları var. Bu planlar müdafiə naziri Sergey Şoyqunun diqqətinə çatdırılıb və göstəriş verilib ki, ən müasir texnika və silah-sursatlar Dağıstandakı Hərbi Dəniz Qüvvələrinin yerləşdiyi bazaya, həm Ermənistandakı 102-ci bazaya, həm də Erebunidəki aerodroma yerləşdirilsin. Ermənilər də sözsüz ki, bu fürsətdən özlərinin təbliğatı üçün istifadə etmək niyyətindədirlər. Onlar belə bir təəssürat yaratmaq istəyirlər ki, istənilən zamanda Rusiyanın ən müasir silahlarından istifadə edə bilərlər. Lakin bu mümkün deyil. Baxmayaraq ki, Rusiya Ermənistanla müttəfiqdir, lakin belə ağır silahları münaqişə olan ocaqlarda olan müttəfiqinə verməsi ağlabatan deyil. Şəxsən mən düşünmürəm ki, Moskva bu addımı atacaq. Çünki ermənilər bir müddət əvvəl “İsgəndər M” raketləri ilə bağlı çox böyük səs-küy qaldırmışlar ki, guya Rusiya onlara bu raketlərdən verib. Halbuki, “İsgəndər M” heç zaman Ermənistana verilməyib, verilə də bilməz. Ermənistanda olan bu raketin başqa bir versiyasıdır. Hardasa, 280 km məsafəni vura biləcək raketlər idi. “İsgəndər M” isə 300-dən də artıq km məsafədə yerləşən hədəfləri vurmaq imkanına sahibdir. Arada xeyli fərq var”.

Üzeyir Cəfərli bildirir ki, Azərbaycanın hər ehtimala qarşı “Su-30SM” qırıcılarına qarşı alternativi mövcuddur:

“Elə bu yaxınlarda təlim-döyüş təyyarələri alınıb ki, bunlar da elə-belə texnika deyil. Bizim öz şahinlərimiz artıq həmin təyyarələrlə uçuşlar həyata keçirəcəklər. Bundan başqa, bu il həm İtaliyadan, həm də Fransadan, o cümlədən, Pakistandan da yeni texnika almağımız gündəmdədir. Hətta bu gün məsələsidir. Ola bilsin ki, bu ay olsun, ola bilsin bir ay sonra olsun. Amma 2019-cu ildə həmin hərbi texnikalar Azərbaycan şahinlərinin xidmətinə veriləcək”.

Reaksiya.az

Şərhlər