Brüsseldə kritik danışıqlar - Bakı və Qarabağ üçün mühüm həftə

13.05.2019 13:33     A-reaksiya     1428

Bu gün Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti başlayır; Azərbaycan prezidentinin də dəvət aldığı toplantıdan əsas gözlənti; politoloq: “Təşkilatla bağlanacaq saziş Rusiyaya qarşı yönəlməyib...”

Bu gün - mayın 13-də Brüsseldə Avropa Birliyinin (AB) 2009-cu ildə əsası qoyulmuş “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayır. 2 gün çəkəcək toplantıya 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun rəhbərləri dəvətlidir. İlk yubiley sammitində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir (Yazı hazırlanarkən səfərlə bağlı rəsmi açıqlama verilməmişdi).

Azərbaycan üçün bu mötəbər tədbir, şübhəsiz, öncəliklə təşkilatla ölkəmiz arasında müzakirəsi yekunlaşmaq üzrə olan “Strateji tərəfdaşlıq haqda” sazişin taleyi ilə bağlı önəm kəsb edir. “Yeni Müsavat” xatırladır ki, bir neçə gün öncə Milli Məclis sədri Oqtay Əsədov sənədin imzalanmağa hazır olduğunu və mayın 13-də imzalanacağını bildirsə də, Azərbaycan Xarici İşlər Nazirliyi onu təkzib etmişdi. İstənilən halda, bu həftə sənədlə bağlı mühüm, hətta tarixi bir gəlişmənin şahidi ola bilərik.

*****

Rəsmi qaynaqlara əsasən qeyd edək ki, ermənilərin və onların havadarlarının ciddi cəhdlərinə rəğmən, imzalanması nəzərdə tutulan sənəd layihəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə dəstək yer alıb. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün erməni işğalçı qüvvələri tərəfindən pozulduğu aydın şəkildə əks edilib.

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti ile ilgili görsel sonucu

“Bu, çox mühüm məsələdir. Biz bunun üzərində uzun müddət işlədik və ölkəmizin ərazi bütövlüyü ilə bağlı maddənin sazişə daxil edilməsinə nail olduq. Bir qayda olaraq, dövlətlər belə sənədi Avropa Birliyindən kömək almaq üçün imzalayır. Ancaq bizim buna ehtiyacımız yoxdur. Bizim əsas hədəflərmiz Azərbaycan-Ermənistan konfliktinin nizamlanması və beynəlxalq iqtisadi-ticari əlaqələrimizin inkişafıdır”, - deyə Əsədov vurğulamışdı...

*****

Sammitdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir. Bu barədə mətbuata Paşinyanın özü deyib. Erməni KİV-nin məlumatına görə, o, Brüsseldə İlham Əliyevlə görüşünü mümkün sayıb. “İlham Əliyevlə rəsmi görüş nəzərdə tutulmayıb. Ancaq əgər üz-üzə gəlsək, aramızda söz mübadiləsini istisna eləmirəm”, - deyə erməni lider jurnalistlərə deyib.

Əliyevlə Paşinyan arasında ile ilgili görsel sonucu

Yada salaq ki, Əliyevlə Paşinyan arasında indiyədək 4 görüş keçirilib. Onlardan axırıncısı - mart  ayındakı Vyana görüşü yeganə rəsmi görüş sayılır. Bu xüsusda çox əlamətdar olardı ki, Nikol Paşinyanın Brüssel səfəri AB-nin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini təsdiqləyən sənədin imzalanma gününə təsadüf edəydi. Bu, işğalçı Ermənistanın ədalətli sülhdən yayınan və bir az da inqilab eyforiyasında olan hazırkı rəhbərliyinə yetərincə ayıldıcı bir mesaj olardı.

Yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında atəşkəs haqda Bişkek protokolunun imzalanmasının dünən - mayın 12-də 25 ili tamam oldu. Bu 25 ilin ən böyük nəticəsi isə təəssüf ki, nəticəsizlik və artan müharibə riskidir. Səbəb də işğalçı Ermənistanın öz havadarlarına arxalanaraq, beynəlxalq hüquqa, onun əsas prinsipi olan ölkələrin ərazi bütövlüyü prinsipinə məhəl qoymamasıdır.        

Şübhəsiz ki, bu gün başlayan Brüssel toplantısının yekun bəyannaməsində AB bir daha tərəfdaş dövlətlərin ərazi bütövlüyünü və suverenliyini öz dəstəyini ifadə edəcək. Daha bir səbəbə: separatçılıq artıq Avropa Birliyinin öz daxilində də (Fransa, İspaniya) ciddi problemə və təşkilat üçün təhdidə çevrilib...

*****

“Şərq tərəfdaşlığı” sammitinin Rusiyanın da diqqətində olacağı şəksizdir. Çünki söhbət Rusiya ilə həmsərhəd 6 postsovet ölkəsinin qurumla əməkdaşlığı getdikcə dərinləşdirməsindən gedir. Ancaq konkret olaraq Azərbaycana gəlincə, AB ilə imzalanacaq sənəd heç bir halda nə Rusiyanın, nə də digər hər hansı üçüncü ölkənin əleyhinə yönəlməyib, yönələ bilməz. Ən azı o səbəbə ki, sənəd rəsmi Bakının balanslı xarici siyasət kursuna uyğun hazırlanıb. Vurğulandığı kimi, Azərbaycanın əsas hədəfi isə Qarabağ probleminin həllində AB-nin daha sanballı dəstəyinə nail olmaq və beynəlxalq iqtisadi-ticari əlaqələri inkişaf etdirməkdir.

Ä°lgili resim

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə də hesab edir ki, AB ilə bağlanacaq saziş Rusiya əleyhinə deyil. “Yeni Müsavat”a açıqlamasında o deyib: “Açığı, sazişdə Rusiyaya qarşı ola biləcək bütün hissələr yığışdırılıb. Həmin hal Ermənistanla saziş bağlananda da olmuşdu. Ermənilər saziş üçün danışıqlar aparırdılar. Rusiyanın təpkisindən sonra Kremlə xoş gəlməyən bəndlər oradan yığışdırıldı. Bizim sazişdə də bunlar olmadığı üçün Rusiya o qədər də təzyiq etmir”.

Ancaq onu da qeyd eləməyə gərək var ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın dominantlıq elədiyi birliklərin - Avrasiya Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) üzvü deyil, tarazlı xarici siyasətə üstünlük verən ölkədir. Yəni Bakı İrəvan kimi Kremlə hansısa əlavə öhdəliklərlə bağlanmayıb. Bu mənada Azərbaycanın AB ilə tərəfdaşlıq sazişinin Ermənistanla imzalanan sənədlə müqayisədə daha məzmunlu və sanballı, daha işlək olacağını gözləməyə dəyər...       

Reaksiya.az

Şərhlər

Çox oxunanlar