"Şərəfli" olmaqla "Şərəfsiz" olmağın mənası

27.08.2019 15:17     A-reaksiya     4000

İnsanların ictimai həyatını mənəvi tarazlığa, qeyri-narahatlığa və nisbətən hesablanabilərliyə dartan bəzi anlayışlar var. Bunlardan biri "Şərəf" anlayışıdır.
Şərəf ərəb dilində, etimoloji olaraq, "önə çıxış", "seçkin", "yüksəlmə" deməkdir. Yəni şərəfli olmaq, önə çıxmaq, seçilməyənlərdən seçilmək, onlardan uca olmaq deməkdir.
İngilis dilində bu sözün qarşılığı "honor" olub, etimoloji olaraq, fransız, ondan da öncə latın dilindən keçmişdir. Latın dilində bu söz daha çox "hörmətə layiq", "ehtiram göstərilən" kimi ifadə olunur. 

Rus dilində qarşılığı "честь"dir. Etimoloji mənası hörmət etmək, ehtiram göstərmək, qədim sanskitcəyə qədər ensək,(:çintana:) "sakit, sükut içində düşüncə" deməkdir. Yəni, şərəf, sükut içində, ehtirassız, nəfsə qalib gələn düşüncənin təzahürü olaraq var olur.

Dilin ortaya çıxdığı, sakral-mifik dönəmlərdə "şərəf" anlayışı Tanrı və ya Tanrılarla, yuxarıda olanla, təmiz olanla, müqəddəs olanla sıx bağlı anlayışdır.
Şərəfin ictimai münasibətlər üçün əhəmiyyəti "reputasiya", "sayğınlıq", "tanınmışlıq" kimi anlayışlarla daha rahat başa düşülür.

Material münasibətlərin, şəhərləşmənin inkişafı ilə bu anlayış öz abstraktlığından, xəyaliliyindən, elitarçılığından çıxdı. Ticarət münasibətlərinin həll edici faktora çevrilməsindən sonra reputasiya və sayğınlıq yuxarı canatmada əsas prinsipə çevrilsə də, onun "şərəf" anlayışından törənməsi, bu anlayışları bir-birinə bağlayan halqalar geniş kütlələrin ya ümumiyyətlə görüş bucağından çıxmış oldu, ya da heç vaxt girmədi. İctimai şüuru formalaşdıran insanların (əsasən müəllimlər, fəlsəfəçilər, QİSMƏN siyasətçilər, toyda-yasda başda oturanlar, axundlar və axundkalar, yazıçı və şairlər, sənət adamları və s.) bu halqaların bərpasında müstəsna vəzifəsi var. 

Ancaq, qəribə bir hal peyda olub ki, ölkə kontekstində bəzi insanlar 2-ci müəllim-hökmdar, "2-ci Elçibəy" axtarışındadır. Bunun çox ağır nəticələri olur, istənilən cəmiyyət üçün. Bu hal o zaman ortaya çıxır ki, kütlələr üçün anlayışlar şüuraltı və şüurüstü səviyyələrdə oturuşmamış olur. Kütlələrin mənəvi, intellektual tərbiyyələnməsi siyasi liderlər tərəfindən həyata keçirilməməlidir. Bu həm xalq üçün, həm siyasətçi üçün zərərli haldır. Siyasətçinin vəzifəsi daxili siyasətdə onu dəstəkləyən maraq qrupunun, xarici siyasətdə ümumölkə maraqlarının qorunmasını və reallaşdırılmasını təmin etməkdir. İdeoloji, intellektual, əxlaqi-mənəvi kontekstə özünün yox, azad, uyğun və mədəni şərait yaratmaqla həmin sahə adamlarının xalqın aydınladılmasına iştirakına yol açmalıdır. Belə hal daha demokratikdir və hökmü əlində saxlayının avtokratlaşmasına ciddi maneədir.

Səid Əlizadə

Reaksiya.az

Şərhlər

Çox oxunanlar