Parəsiz diasporun üzü qarədir - Vüqar Abbasov yazır
27.08.2019 16:30 A-reaksiya 1594
Adəmi1 adəm eyləyən parədir,
Parasız adamın üzü qarədir,
M.Ə.Sabir
Bir gün bir məclisdə xörəkdən söhbət düşür. Hərə öz sevdiyi xörək haqqında danışır. Bir tərəfdə əyləşən Molla Nəsrəddin də söhbətə qarışıb deyir:
- Dünyada ən yeməli olan halvadır. Ancaq, zəmanənin üzü qara olsun, neçə vaxtdır elə ha əlləşirəm, bişirtdirib yeyə bilmirəm.
Məclisdə oturanlardan biri Mollanın sözünü eşidib deyir:
- Ay Molla, halva da çətin şey deyil ki... Bir az yağdı, bir az bal, bir az da un, çaldır ye də.
Molla deyir:
- Dildə demək asandı. Ancaq unun, yağın, balın üçünü də bir yerdə görmək çox çətin şeydi. Yağ olanda un olmur, un olanda bal olmur...
***
Yazıma lətifə ilə başladım, onsuz da günümüzdə çox şey lətifə kimidir; kimi bu lətifələrə aşkar gülür, kimi gizlində. Bəzi lətifələr var ki, üzdə gülüş, qəlbdə ağrı yaradır...
Bu dəfəki yazımın mövzusu diaspor fəaliyyətindəndir. Vətəndə oturanların əksəriyyəti xaricdə yaşayan hər kəsdən fəaliyyət, daspor fəaliyyəti gözləyir və bir ucdan da tənqid edirlər. "Bizim diaspor heç nə etmir,” "Əşşi, diaspor var?” və.s. bu kimi ittihamlara rast gəlmək adi hal alıb. "Əşşi, diaspor var?” deyındə isə fəaliyyəti, diaspor fəaliyyətini nəzərdə tuturlar. Hələ bir də Xocalı soyqrımının anımı ərəfəsində və digər bu kimi vaxtlarda ittihamların, ittiham edənlərin sayı daha da artır. İnsafnan desək, həmən ərəfədə diaspor təşkilat rəhbərlərinin bir çoxunda da canlanma hiss olunur. Fəaliyyət göstərmiş kimi olurlar. Kimi mitinq təşkil edir, kimi petisiya imzalatmaq hayına düşür, kimi ora-bura müraciət edir və.s. Niyə "fəaliyyət” deyil, "fəaliyyət göstərmiş kimi?” yazdığıma aydınlıq gətirim. Yox, kimsənin zəhmətini, əməyini görməzdən gəlmək istəmirəm. Ürəkdən edilmiş hər bir işi, bu işləri edən hər bir kəsi alqışlayıram. Ona görə elə yazdım ki, illərdir ki, eyni şeylər edilir; mitinqlər keçirdilir, petisiyalar imzalanır, ora-bura müraciətlər olunur və.s. Təbii ki, də bunların faydası da olmur və etdikləri müraciətlər də kağızda olursa zibil yerinə, elektron poçtla olursa "delete” düyməsi ilə başqa zibil qabına gedir. Yəni illərdir eyni hərəkətlər və eyni nəticə, yəni nəticəsizlik. Eyni hərəkəti edib fərqli nəticə gözləmək də ağıl məhsulu deyil. Ancaq yenə də bunları edirlər, edirik. Niyə? Çünki "sınanmış” yolla gedirlər və bu yol rəsmi Bakını, aidiyyatı qrumu qane edir. Bəlkə də bunlar elə onların istəkləri üzərinə edilir. Bəzilərinin isə bacardığı budur. Bəziləri qəzetlərə (Azərbaycan mətbuatına) düşmək üçün nəsə etmiş kimi görsənmək istəyir. Bəziləri səmimidir, yəni elə bunu fəaliyyət bilir və.s. Əlbətdə ki, istisnalar hər zaman var; universitetlərdə, digər bu kimi önəmli yerlərdə tədbir keçirdən təşkilatlarımız da var.
Diaspor fəaliyyəti çoxşahəlidir; milli bayramlarımızı keçirtmək, soydaşlarımızı bir yerə yığmaq, məktəblər təşkil etmək, yerli siyasət adamları və mətbuatla əlaqələr yaratmaq və.s. Bunların hamısı çox vacib məqamlardır. Sonuncu, və.s.- dən öncə olan, yəni siyasət adamları və mətbuatla əlaqələr isə həssas yerimizdir.
1 Beytdə "Adəm” sözlərini "diaspor” kimi oxuyun
Gerçək fəaliyyətlə məşğul olmaq üçün bir neçə şərtləri var:
1. İstək, qəlbən istəmək
2. Bilik
3. Bacarıq (təşkilatçılıq və.s.)
4. Maliyyə, yəni pul və.s.
Bu yerdə yuxarıda yazdığım lətifə yada düşür; bizdə də yuxarıda sadaladığım bu dörd ardıcıllığı bir yerdə tapmaq çox çətin məsələdir. Kimində istək var, bilik yox. Kimində bilik, bacarıq, pul var, istək yox. Kimində bilik, istək var, pul yox. Kimində pul, istək var, başqa şey yoxdur. Bir sözlə, hamısını bir yerdə görmək olmur.
Bizdə fəaliyyət deyiləndə tədbir başa düşülür və sual olunur ki, nə tədbir keçirdəcəksən?! Sanki fəaliyyət ancaq mitinq keçirtməkdən, özümüzünküləri zala yığıb kino göstərməkdən, bir-iki idamançının döyüşünü təşkil etməkdən və.s. bu kimi tədbirlərdən (tədbir bunlara deyirlər) ibarətdir... Bu da biliksizlikdən irəli gəlir. Tarixi bilmirlər, qarşıdakı düşənin kimliyini bilmirlər. Yəni bilmirlər ki, düşmən hansı mərhələləri və necə keçib. Bilmirlər ki, bu fəaliyyətlə, Ü.Hacıbəyovun dili ilə desək, ancaq siçan boyda işlər görərlər ki, kənardan da bir pişik çıxıb bizi yeyə bilər.
***
...Gələk mətbuatla, siyasət adamları ilə işləməyə. Kiməsəyə toxunmadan özümdən yazacam, təvazökarlıqdan kənar çıxa biləcək məqamlar varsa bu başdan üzr istəyirəm. Zaman-zaman üzvü olduğum yerli (Niderland) Jurnalistlər Birliyinin tədbirlərinə dəvət alır və çoxlarına da qatılırdım. Əlaqələr yaratdım. Bu əlaqələrdən istifadə edib dəfələrlə Niderland paramentində görüşlər keçirtdim. Digər siyasət, iş adamları ilə çoxsaylı görüşlərim oldu. Yerli qəzetlərə müsahibələr, yazılar verdim, raidolarda çıxışlar etdim və.s. Niderlandlı dostum Vim van Embdenlə (Wim van Embden) birlikdə yaratdığım "Connect” təşkilatına niderlandlı dostlarımı cəlb etdim ki, onların arasında yerli jurnalistlər, siyasət adamları və hətta yerli qəetlərdən birinin baş redaktoru da daxildir. Əlbətdə ki, onlar məndən, necə deyərlər, hərəkət gözləyirdilər. Adları təşkilatda olsun deyə təşkilata gəlməmişdilər. Bir neçə dəfə onların müsahibələrini yerli Niderland mətbuatında təşkil etdim, onlar dilə gətirdilər bizim problemləri, Qarabağ ağrımızı. Bütün bunları öz gücümə etmişdim. Ancaq daha çox etmək istəyirdim, niderlandlı dostlarım da bunu istəyirdilər. Niderlandlı dostlarım istədilər ki, bizim üçün nəsə etsinlər, ancaq mənim imkanlarım da bir yerə kimi imkan verir. Bu yerdə isə növbə gəlib çatdı yuxarıda sadaladığım dördüncü bəndə, yəni maliyyə məsələsinə. İstədim ki, yerli jurnalistlərin də çalışacağı bir sayt yaradım, alınmadı. İstədim ki... alınmadı və nəhayət istədim ki, yerli jurnalistləri Azərbaycana gətirim, yenə alınmadı. Buna görə kimisə qınayıram? Yox!!! Kimsəni qınamıram. Öz maliyyəm çatmadı, bundan kimə nə? Əvvəllər bir neçə dəfə bu və digər bu kimi təkliflərlə yazılı və şifahi müraciətlərim olub olub, dostların israrlı xahişləri ilə. "Sən deməyəndən sonra kim nə bilsin ki, nə lazımdır?”- deyiblər və mən də haqlı olduqlarını düşünüb müraciət etmişəm. Cavaba gəlincə, ya cavab verilməyib, ya da "yox” deyilib. Sonra uzun müddət heç yerə müraciət etmədim. Nəhayət, yenə də dostların dəfələrlə israrından sonra, iş adamlarımızdan birinə çox (lap çox) həssas məsələ ilə bağlı müraciət etdim, "layihəni yaz göndər” dedi. Yazdım və göndərdim. Kaş göndərməyəydim, cavabı alınca, necə deyərlər, mənimki mənə dəydi. Cavab "yox” idi, əvvəldən də belə olacağını təxmin edirdim. Qınadımmı?! Yox, layihəmə kömək etmədiyi üçün qınamadım. Pul onundur, nə deyə bilərəm? Qınadığım bir məqam oldu, cavabı gec, dostlarım məndən üz döndərəndən sonar verdilər ki, bu mövzuya ayrı bir yazı həsr edərəm, bəlkə də də bu yaxın günlərdə.
***
"Ordan (Niderlanddan) bura jurnalistləri dəvət edə bilərsən?” deyə mənə dəfələrlə müraciətlər oldu. "Edərəm” dedim və xüsusi xahişlərdən sonra burdakı tanıdığım jurnalistlərlə danışdım və... və aldadıldım və mən də öz növbəmdə burdakıları aldatmış oldum. Hanısını deyəsən?
Beləcə də ətrafıma yığdığım niderlandlı dostlarım, jurnalistlər və.s. zamanla, fəaliyyət onları qane etmədiyi üçün və digər bu kimi səbəblərdən uzaqlaşırlar. Sonra yenə də eyni əziyyətlər, müxtəlif tədbirlərə qatılmaq, yollara pul xərləmək və.s. hesabına yeni dostlar qazanıram və sonra onlar da uzaqlaşırlar. Dolayısı ilə özüm də eyni hərəkətləri dəfələrlə təkrar edirəm, ancaq heç deyilsə hər dəfəsində müəyyən qədər yazılar verdirmək, radio proqramlar hazırlamaq üçün dostlarımı inandıra bilirəm...
Demək istədiyim odur ki, əziz millət, əziz oxucu, diaspor fəaliyyəti üçün maliyyə çox önəmlidir. O da özündə olmayınca, kiməsə möhtac olduğun müddətcə çətin məsələdir, ən azından bizim durumuzda. Biz hələ ümumi iş üçün, təmənna gözləmədən pul xərcləməyə alışmamışıq. Biz hələ pərdə arxasında qalıb böyük işlər görməyi bilmirik. Yuxarıda sadladıqlarımın ilk üçü ilə bir yerə qədər iş görərsən, dördüncü olmazsa çətindir, yalandan asıb-kəsməklə deyil, vallah deyil, billah deyil. Sonuncu olsa, diğərlərindən biri olmazsa yenə də mümkün deyil. İstəyin, bacarığın, pulun olsa, biliyin olmazsa yenə mümkün deyil. Etdiklərin sadəcə hay-küy olacaq, onun bunun əlində alət olacaqsan.
Xahiş edirəm, ermənini filanı misal gətiməyin. Söz, gələn yazılarımdan birində mütləq bu barədə də yazmağa çalışacam.
Sonda bir məqamı xüsusi qeyd etmək istəyirəm, həm də tam səmimi. Bir neçə il öncə, 2016 – cı ildə Bakıda keçrilən Dünya Azərbaycanlılarının dördüncü Qrultayında mən və təşkilatdakı həmkarım Vim də iştirak edirdik və yeri gəlmişkən, dəvət edənlərə bir daha təşəkkürlər. Qrultayda çıxış edən Azərbaycanın dövlət başçısı diasporun necə olması barədə həqiqətən də çox gözəl çıxış etdi və tövsiyyələr verdi. Elə onun dediklərinin yarısına əməl edilsə, şübhə etmirəm ki, diasporumuz indikindən çox yüksəkdə olar və daha səmərəli fəaliyyət göstərərdi. Müqayisə etməyi sevməsəm də Y.Tarle özünün "Napaleon" əsərindən bu cümlə yadıma düşdü. Kitabda yazır: "Napaleon dövlət idarəçiliyində əmrlərin yerinə yetrilməsinin yoxlanılmasını heç də onların verilməsindən az vacib məsələ saymırdı.” Görünür ölkə başçısı tövsiyyələrinin yerinə yetrilib- yetrilməməsini yoxladı deyə diaspora məsul komitənin rəhbərliyində dəyişiklik etdi. Ümid edirəm ki, yeni rəhbərliyə yeni tövsiyyələr verməyə ehtiyac olmayacaq. Ancaq nəzarət isə hər zaman lazımdır.
Hə, yuxarıdakı lətifə belə bitirdi:
... Soruşurlar ki:
- Canım, niyə bu vaxta qədər heç elə bir gün olmayıb ki, bu un, yağ, bal üçü də birdən yığılsın?
Molla bir ah çəkib deyir:
- Mənim bəxtimə nə deyim? İş burasınadı ki, un, yağ, bal olanda da mən olmuram.
Hə, mən gedim dördüncünü qazanım, çalışım ki, yuaxrıdakı dördünü bir araya gətirə bilim. Sizsə, arada, vaxt tapanda, oxuduğunuz lətifələri təkrar oxuyun; həm də gülərsiniz.(ədalət.az)
Vüqar Abbasov. Niderland.
Şərhlər