Yunanıstandan sonra Moldova? - Yeni həyəcan

12.08.2015 13:08     A-reaksiya     2737

Avropanın Yunanıstan və Ukraynadakı böhranlardan sonra Avropa siyasi dairələrinin diqqəti defolt və maliyyə böhranı ilə üz-üzə qalan Moldovaya yönəlib. Bu istiqamətdə ilk həyəcan siqnalı Avropa Şurasının baş katibi Tyorborn Yaqlanddan gəlib.

Onun  “The New York Times” “ qəzetində dərc etdiyi “Moldovanı uçurumdan qaytarmaq” başlıqlı yazısı geniş müzakirələrə yol açıb.

Həmçinin bu məqalədə Avropa siyasi dairələrinin Yunanıstan böhranından sonra keçirdiyi narahatlıq və Avropa məkanındakı növbəti problem gözləntilərinə qarşı həssaslıq nəzərə çarpır.

Əsas fikir ilk abzasdaca aydın olur: “Moldova Respublikası – 3,5 milyon əhalisi olan bu kiçik ölkə Avropada növbəti təhlükəsizlik böhranına çevrilmək riski ilə üz-üzədir və bu risk ölkənin sərhədlərindən çox uzağa çıxmaq potensialı daşıyır”.

Yaqlandın sonrakı qeydləri bir Avropa rəsmisi üçün gözlənilməz görünə bilər, lakin o da nəzərə alınmalıdır ki, Avropanın siyasi dairələri nə Yunanıstan, nə də Ukraynada yaşananları üçüncü bir Avropa ölkəsində seyr etməyə hazır deyil.

Moldovanın “post-sovet ölkəsi” kimi uzun müddət Rusiyaya bağlı olduğunu qeyd edən Yaqland vurğulayıb ki, 2009-cu ildə Avropa yönümlü qüvvələrin hakimiyyətə gəlməsindən sonra, bu ölkənin Avropa İttifaqı ilə yaxınlaşma səyləri güclənib.

Assosasiya Sazişindən sonra Moldovada iqtisadiyyatın nisbətən böyüməsi və moldovalıların Aİ ərazisinə vizasız səfərinin mümkünlüyünü qeyd edən müəllif əlavə edib ki, bütün bu irəliləyişlərə baxmayaraq, ölkədə durum o qədər nikbin görünmür.

Yaqland korrupsiya və cəmiyyətdəki ümumi narazı əhval-ruhiyyəni Moldova üçün təhlükəli hesab edir.

“Avropa yönümlü hökumət artıq 6 ildir ölkəni idarə edir, respublika vətəndaşları ukraynalıların ancaq arzuladığı bir şeyə malikdirlər – Aİ-yə vizasız rejim, amma iqtisadiyyat və  institutlar hələ də qapalı vəziyyətdədir. Korrupsiya hələ də varlığını qoruyur, dövlət də hələ dövlət oliqarxların əlində qalmaqdadır, gəlirin azlığı üzündən isə yüz minlərlə insanın xaricə üz tutur”, - deyə AŞ baş katibi vurğulayıb.

Yaqland daha sonra qeyd edir: “Heç vaxt unutmamalıyıq ki, Ukrayna böhranı vətəndaşların dövlət institutlarından tam məyusluğundan başlayıb”.

Onun sözlərinə görə, uzun illər boyu sürən məyusluğa baxmayaraq, moldovalılar hələ də öz ölkələrinə böyük ümidlər bəsləyirlər: “Onlar inanırlar ki, ölkə korrupsiyadan azad olsa, yenidən qurula bilər. Lakin bu zəbt olunmuş dövlət öz vətəndaşlarına qaytarılmalıdır”.

Ötən il Moldovanın 3 bankından 1 milyard ABŞ dollarının “yoxa çıxması”na diqqət çəkən müəllif ölkənin defolt və maliyyə böhranı ilə üz-üzə qaldığını dilə gətirib. O,  məhkəmə və qanunvericilik oqranlarında da durumun yaxşı olmadığını deyib və məsuliyyətsizliyin aradan qalxması yönündə çağırışlar edib.

Eyni zamanda, müəllif Rusiya ilə də kompromisə getməyin (xüsusilə də Dnestryanı münaqişəsində) dil tapmağın vacibliyini qeyd edib.

Bu məqalə həm Moldova hökuməti üçün, həm də Moldova vətəndaşları üçün xəbərdarlıq xarakteri daşıyır. Digər tərəfdən, Yaqland nisbətən yumşaq şəkildə diqqətə çatdırır ki, Avropanın siyasi dairələri Moldova oliqarxları və məmurlarının şəxsi maraqları üzündən əlavə problemlərlə üzləşmək istəmirlər.

Şərhlər

Çox oxunanlar