NATO üzrə ekspert: Almaniyada İŞİD təhlükəsi get-gedə güclənir - TƏHLİL
12.08.2015 13:17 A-reaksiya 3688
“Merkel hökumətinin terrora münasibətindəki qeyri-müəyyənlik onun üçün yeni təhdidlər yaradır”
İŞİD Almaniya rəhbərliyini təhdid edib və federativ dövlətin kansleri Angela Merkeli peşmərgələri dəstəkləməkdən əl çəkməyə çağırıb. Əks təqdirdə İŞİD Almaniyada müxtəlif terror aktları törədəcəyini bildirib.
Bu təhdidlər, eyni zamanda peşmərgələr və PKK mövzusunda son zamanlar Almaniyanın sərgilədiyi mövqe də diqqəti çəkir. Türkiyənin İŞİD və PKK-ya qarşı apardığı əməliyyatlarda Angela Merkel Türkiyəni PKK-ya qarşı hücumları dayandırmağa və PKK ilə danışıqlar aparmağa çağırıb. Belə olduğu zaman isə Almaniyanın terrora münasibətində qeyri-müəyyənlik nəzərə çarpır.
Almaniya həm də NATO və anti-İŞİD koalisiyasının üzvüdür. Terror təhdidlərinin gücləndiyi bir zamanda, ikinci mərhələ olaraq NATO-nun daha fəal və daha qətiyyətli bir anti-terorr mübarizəsini görə biləcəyikmi? Bu və digər suallarımızı NATO üzrə ekspert, NATO Əməkdaşlıq İnstitutunun direktoru Fərrux Məmmədov cavablandırıb.
O bildirib ki, Avropa və Amerikada terror təhlükəsi bundan əvvəl də güclü olub və bu təhlükəyə qarşı istər Avropa ölkələri, istərsə də Amerika öz təhlükəsizlik xidmətləri vasitəsi ilə mübarizə aparıblar: “Bu günə qədər, bəlkə də cəmiyyətə bəlli olmayan yüzlərlə terror aktının qarşısı alınıb, bir çox terrorçu ya həbs edilib, ya da zərərsizləşdirilib. Son zamanlarda ən ciddi terror təhlükəsi kimi İŞİD ortaya çıxıb və Qərb ölkələri üçün bu təhlükə ilə mübarizə böyük əhəmiyyət daşıyır. Avropada daha çox İŞİD təhlükəsi var, çünki Avropada, xüsusilə də miqrant siyasəti nisbətən yumşaq olan Almaniyada miqrantların sayı get-gedə artır. İŞİD-ə və digər ekstremist qruplara simpatizanlıq edən bəzi şəxslərin orada möhkəmlənməsi, təbliğat aparması gələcəkdə terror aktlarının və qarşıdurmaların olması ehtimalını da qabarda bilər. Lakin bir nüans da var ki, terror aktlarını törətmək üçün partlayıcı və silahlar əldə etmək lazımdır, bunun üçün də Qərbin xüsusi xidmətləri, daxili güc strukturları ciddi nəzarət tətbiq edirlər”.
Onun sözlərinə görə, digər tərəfdən də Avropa rəsmiləri bu təhlükəni istisna da etmirlər. Almaniyaya gəldikdə isə, Angela Merkelin hökuməti bugünədək kürd peşmərgələrinə, hətta bilərəkdən və ya bilməyərəkdən PKK döyüşçülərinə dəstək verib. Və bu məqamda Merkel hökuməti özünün İŞİD-peşmərgə-PKK siyasətinə diqqətlə baxmalıdır. Bu siyasət özü-özlüyündə müəyyən yanlış nüanslar ortaya çıxarır”.
Ekspert vurğulayıb ki, Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatların Angela Merkel tərəfindən pislənməsi də bir qədər düşündürücüdür və aydın deyil: “Almaniya rəhbərliyi üçün vacib məqam sivil kürdlər olmalıdır, PKK yox. Mən inanıram ki, istər Avropa, istərsə NATO ölkələri, istərsə də ABŞ terror mövzusunda ciddi düşünürlər. NATO-da xüsusi bir büro var ki, Avropanın təhlükəsizliyi ilə məşğuldur və Avropa ölkələrinin milli təhlükəsizliyinə qarant durur. Lakin bir daha deyirəm ki, Avropada, xüsusilə Almaniyada terror təhlükəsi daha güclüdür, buna da əsas səbəblərdən biri Almaniyanın terrora qarşı mübarizədə, xarici siyasətində qeyri-müəyyən nüanslara, yanlışlara yol verməsidir. Bu qeyri-müəyyənlik Almaniya üçün yeni təhdidlər yaradır”.
Fərrux Məmmədov əlavə edib ki, terrora qarşı mübarizədə ABŞ tərəfindən xüsusi bir birlik və ya beynəlxalq təşkilat yaradılması təklif olunub, Fransadakı terror hadisələri və son proseslərdən sonra da bu birliyin yaradılması daha aktual və səmərəli görünür: “Ümid edirəm ki, kəşfiyyat sahəsində belə bir xüsusi təşkilatın yaradılması bir çox təhdidlərin qarşısını almağa yardımçı olacaq”.
Şərhlər