Ermənistanı xaosa sürükləyən “qızıl müharibəsi” və... - Paşinyan üçün ölüm dilemması

12.09.2019 15:33     A-reaksiya     1412

Ermənistanda Amulsar qızıl mədəninin istismarı ilə bağlı hakimiyyətlə erməni xalqı arasında yaranmış uçurum getdikcə böyüyür. Böyük iqtisadi vədlərlə hakimiyyətə gələn Nikol Paşinyan üçün bu yatağın istismarı siyasi-iqtisadi perspektiv baxımından əhəmiyyətlidir, lakin erməni ekoloqların həyəcan təbili çalmasından sonra baş nazir xalqın ciddi etirazı ilə qarşılaşdı. Hazırda Paşinyan Qərb investisiyası ilə xalqın iradəsi arasındakı dilemmada sıxışıb qalıb, hərçənd, “demokrat lider”in etirazlara sərt reaksiyası və əlindəki rıçaqlardan aktiv şəkildə istifadə etməyə başlaması xalqın iradəsini heçə saymaqda israrlı olduğunu göstərir. Lakin Paşinyan ilişib qaldığı dilemmanı da xarabaya çevrilmiş Ermənistan kimi devirdiyi Sarkisyandan miras olaraq alıb və Amulsar yatağının erməni cəmiyyətində qarşıdurmaya çevrilməsi yeni deyil.

Yataqda qızıl ehtiyatı 2006-cı ildə tapılıb. Amulsarda, həmçinin Cermuk bölgəsinin ətrafında yerləşən Arpa və Vorotan çaylarının arasındakı vadidə təxminən 31 milyon ton qiymətli filiz və 40 min ton qızılın olduğu ehtimal edilir. İşğal altında olan Kəlbəcər rayonunun yaxınlığında yerləşən Amulsar və Cermuk əraziləri tarixən Azərbaycana məxsus olub, Çar Rusiyası tərəfindən ermənilərə verilib.

Sarkisyan hakimiyyəti yatağın istismarını Böyük Britaniyanın “Lydian İnternational” şirkətinə həvalə etdi və şirkət 2016-cı ilin avqust ayında axtarışlara başladı. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə yardımı ilə də dəstəklənirdi. Maraqlı məqam 2013-cü ildə Böyük Britaniya taxt-tacının vəliəhdi Çarlzın Ermənistana səfəri zamanı Amulsar yatağı ilə tanış olmasıdır. İddialara görə, Çarlzın mədəndə payı var.

Yataqda axtarışlar başlayanda Sarkisyan hökuməti xalqa “sevincli” xəbəri verdi: yatağın istismara verilməsindən sonra ölkə düşdüyü acınacaqlı vəziyyətdən xilas olacaq. Ermənistanın İqtisadiyyat Nazirliyi rəsmi məlumatında qeyd edirdi ki, “yataqdan ilk qızıl külçələri 2018-ci ildə çıxarılacaq”. İrəvanda hökumət binasının dəhlizlərində “xoşbəxt gələcəyin” şərəfinə badələr qaldırıldı. Yatağın istismara verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak edən o vaxtı baş nazir Ovik Abramyan da “Ermənistan böyük iqtisadi dividentlər qazanacaq” deyə bəyan edirdi. Lakin hökumətin sevinci boğazında qaldı, çünki ekoloqların həyəcan siqnalı ermənilərin yatağın istismarına qarşı etirazına səbəb olmuşdu. 2016-cı ilin oktyabrında İrəvanda hökumət binasının önündə Amulsarda işlərin dayandırılması tələbi ilə etiraz aksiyası keçirildi. Aksiyada iştirak edən ekoloq Levon Qalstyan bildirirdi ki, qızılın çıxarılması üçün hər il təxminən 100 ton natrium sianidi istifadə olunacaq ki, bu da yerli ekologiyanın ölümünə səbəb olacaq.

Erməni ekoloqlar qeyd edirdilər ki, Cermuk və Amulsarda qızıl yatağında aparılan işlər Arpa, Vorotan, Keçutsk və Spandaryan çaylarını məhv edəcək. Ən böyük zərbə isə Göyçə gölünə dəyəcək. Hesablamalara görə, bu işlərdən sonra Göyçə gölü tarixin arxivinə qovuşa bilər.

Burada Göyçə gölü ilə bağlı diqqətçəkən detal elə həmin illərdə Ermənistan Milli Elmlər Akademiyasının ekologiya mərkəzinin direktoru Armen Saqatelyanın dilə gətirdiyi etirafları yada salır.

“Rəqibə hərbi güclə qalib gələ bilməyəndə, müharibənin başqa elementləri işə salınır. Misal üçün, “ekosid” adlanan vasitə. Bu vasitə ilə rəqibin həyat təminatının mərkəzləri məhv edilir. Sevan (ermənilər Göyçə gölünə belə deyirlər – red.) gölü də belə mərkəzlərdəndir”, - Armen deyirdi.

Şübhəsiz ki, Ermənistan zəbt etdiyi, həmçinin, nökərlik etdikləri ağaları tərəfindən onlara bəxşiş kimi verilən Azərbaycanın tarixi torpaqlarını bir gün qaytarmaq məcburiyyətində qalacağını bilir və bu, qaçılmaz gələcək fonunda istisna deyil ki, Armen Saqatelyanın etiraf etdiyi kimi Qafqazın incisi sayılan Göyçə gölünün məhvi hesabına “qızıl ehtirasını” söndürmək planları var. Son dövrlər Göyçə gölünün üzləşdiyi ekofəlakət də diqqəti belə planlara çəkir.

Lakin 2018-ci ildə devrilən Sarkisyan hakimiyyəti Amulsarda “qızıl ehtirası”nı söndürə bilmədi. Mümkündür ki, Serjin devrilməsində və hakimiyyətə qərbyönümlü kimi tanınan Nikol Paşinyanın gəlişində Amulsar yatağı, xüsusilə yatağın istismarı işini həyata keçirən transmilli qüvvələrin maraqları da rol oynayan amillərdən biridir. Paşinyanın “demokrat” maskasını cıraraq, yatağın istismarında xalqın etirazını qulaqardına vurması da bu kontekstdə təsadüfi deyil. Görünür, Nikol siyasi Olimpə yüksəldiyi vaxt onun qarşısında qoyulan şərtlərdən biri də Amalsur yatağının istismarının davam etdirilməsi olub. Hazırda “Lydian Armenia” (“Lydian İnternational”ın törəməsi) şirkətinin qızıl mədənində işləri davam etdirməsinə qarşı etirazlar davam edir.

Ermənistan hakimiyyəti bu yatağın istismarında ona görə israr edir ki:

- Ölkəyə investisiya axını olacaq və bu, kasad büdcənin kəsirlərini düzəltmək şansı yarada bilər;

- Yeni hakimiyyət inqilabdan sonra vəd etdiyi iqtisadi irəliləyişə nail ola bilməyib, yatağın istismarı Paşinyanın komandası üçün təbliğat vasitəsi ola bilər;

- Və ən əsası Ermənistana Qərb investisiyasının ilk böyük axını başlanacaq;

Bu son müddəa proseslərdə əsas məqam hesab oluna bilər, xüsusilə son dövrlər Rusiya şirkətlərinin çıxarılması fonunda diqqət çəkir. Bu baxımdan, Amalsur məsələsi qızıl mədənindən daha çox, Ermənistanda Qərb-Rusiya qarşıdurmasının qaynayan yatağı kimi görünür.

Son 1 ayda baş verən hadisələr Azərbaycanın tarixi torpaqlarındakı qızıl mədənindən başlanan qarşıdurmanın İrəvanda siyasi çalxalanmalar yaratdığını və bunun davam edəcəyini, eləcə də Paşinyan hakimiyyətinin “iki od arasında” qaldığını göstərir.

Cermuk bölgəsinin sakinlərinin mədənlərə gedən yolu bağladığı, ekoloqların etirazlarının davam etdiyi vaxtda İrəvanda maraqlı proseslər baş verirdi.

13 avqust: Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolya Patruşevin Ermənistana səfərindən dərhal sonra Nikol Paşinyan xarici iqtisadi əlaqələr üzrə iki müşavirini - Arsen Qasparyan və Aram Qaribyanı işdən çıxardı. Detallar bəlli olmasa da, ehtimal olunur ki, Patruşev Ermənistanda Rusiya şirkətləri və investisiyasına qarşı aparılan “səssiz müharibə”dən narazı olduqlarını dilə gətirib, Paşinyanın xarici iqtisadi əlaqələr üzrə müşavir(lər)i də dolayısı yolla Patruşevin fikirlərini dəstəkləyib, Rusiya investisiyasının Qərb investisiyası ilə əvəzlənməsinin təhlükəli olduğunu əsaslandırmağa çalışıb və Amulsar məsələsində müəyyən qədər geri çəkilməyi təklif edib. Nəticədə Nikol onunla razılaşmayan köməkçilərini qovub. Qasparyanla bağlı müəmmalar davam etsə də, Qaribyanın Sarkisyan hakimiyyəti dövründə baş nazirin baş müşaviri işləməsi (2008-2011-ci illər) və Rusiyaya müəyyən yaxınlığının olması haqda informasiyalar var.

15 avqust: Ermənistanın İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan bildirdi ki, “Earth link&Advanced Resources Development” (ELARD) şirkətinin beynəlxalq ekspert qrupunun hazırladığı hesabatda Amulsarın istismarında ekoloji təhlükənin olmadığı, ehtimal edilən risklərə nəzarət etməklə mədəndə işləri həyata keçirməyin mümkünlüyü qeyd olunur. Bu, hökumətin və “Lydia Armenia”nın maraqlarına uyğun gəlirdi, lakin yerli ekoloqlar bununla yenə razılaşmadı.

19 avqust: Paşinyan etirazçılara 1,5 saatlıq müraciət ünvanladı və onları mədənin istismarına icazə verməyə çağırdı, əlavə etdi ki, ekspertiziya yatağın işlədilməsinin ekologiya üçün zərərsiz olacağını müəyyən edib. Nikol onu da qeyd etdi ki, “başqa mədən sahiblərinin etirazçılara dəstək verdiyi aşkarlanıb”. Bu mümkün ola bilər, lakin hakimiyyətin bu iddia üzərindən etirazçılara “sabotaj” damğası ilə təzyiq etmək istəyi də hiss olunur.

21 avqust: Ermənistan hökuməti yatağın istismarının ətraf mühitə zərər vurmaq ehtimalını araşdırmaq üçün yenidən ELARD şirkətinə müraciət etdi.

23 avqust: Paşinyan məsələni aydınlaşdırmaq və yerli sakinlərlə danışmaq üçün Cermuka getdi. Lakin sakinləri onu küçə aksiyaları ilə qarşıladı.

24 avqust: İrəvanda Amulsarın istismarının dayandırılması tələbi ilə təntənəli yürüş keçirildi.

27 avqust: həmin tarixdə diqqətçəkən hadisə qeydə alınmadı, lakin proseslərin axını məhz bu gündən sonra dəyişdi.

28 avqust: Paşinyan ELARD şirkətinin ekspertləri ilə video-konfrans keçirdi. Ekspert Rikardo Xuri bildirdi ki, “Lydian” şirkətinin ətraf mühitə zərər vurmamaq üçün təklif etdiyi tədbirlər qüsurludur, buna görə məsələ yenidən gözdən keçirməlidir. ELARD-ın 13 gün sonra əvvəlki rəyini təkzib etməsi təsadüf idimi?!

Bundan sonra baş verənlər yataq ətrafındakı qarşıdurmanın daha dərin köklərə getdiyi təsdiq edir.

30 avqust: Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sosial şəbəkədə ailəsi ilə Cermukdan olan fotosunu paylaşdı və qeyd etdi ki, “Cermuk kurortundan yaxşı təəssüratla ayrılıb”. Rusiya səfirinin bu paylaşımı Amulsarın istismarına qarşı etirazlara dəstək olaraq qəbul edildi. Hərçənd, ABŞ-ın da cavabı gecikmədi.

2 sentyabr: Ermənistanda ABŞ Ticarət Palatası bəyanat yaydı və qeyd etdi ki, “Biznesdə ədalətli və qərəzsiz yanaşma olmalıdır, “Lydian”a qarşı kampaniyanın konkret biznes maraqlarından qaynaqlandığı haqda məlumatlar var, biz ümid edirik ki, belə iddialar araşdırılacaq”. Palata “Amulsar layihəsinin dayanmasının işgüzar mühitə təsir edə və Ermənistanın investisiya cəzbediciliyini tamamilə sıfırlaşdıra bilər” sözləri ilə də Paşinyana mesaj göndərdi. Nikolun tələsik hərəkətə keçməsi mesajın ünvana çatdığını göstərirdi.

7 sentyabr: Paşinyan “Lydian” şirkətinin rəhbərliyi ilə görüşdü, ardınca məsələ ilə bağlı baş nazir aparatının nümayəndələri və “Lydian İnternational”ın rəhbərlərinin iştirakı ilə hökumətin iclası keçirildi.

9 sentyabr: Paşinyan “demokrat” maskasını kənara tulladı və son çarə kimi “gizli” məsələlərdən danışdı.

Cermuk sakinlərini Amulsara gedən yolu açmağa çağıran baş nazir bildirdi ki, yatağın istismarının dayandırılması Ermənistanın beynəlxalq reputasiyasını zədələyəcək. “Bütün nüansları açıqlaya bilmirəm” deyən Nikol güc tətbiq edəcəyinin də mesajını verdi.

“Əgər yolların bloklanması davam edəcəksə, risklərin idarə edilməsi vasitəsi işə düşəcək. Söhbət Ermənistanın müstəqilliyindən gedir”, - “demokrat” baş nazir xalqı təhdid edir.

Paşinyanın bu təhdidi yarım-hərbi “Sasna srer” qruplaşmasının lideri Jirayr Sefilyanla görüşdən sonra səsləndirməsi təsadüfi deyil. Sefilyan görüşdən sonra bəyan etdi ki, “beşinci kalon” insanları küçələrə çıxarmaq və prosesi toqquşmalara qədər aparmaq üçün baş nazirin Amulsarın istismarı ilə bağlı qərar qəbul etməsini gözləyir. O, dolayısı yolla proseslərdə hökumətin yanında olduqlarını bəyan etdi və bununla Paşinyanın onları Sarkisyanın saldığı həbsxanadan çıxarmasının müxalifət daxilində dəstək əldə etmək məqsədinə hesablandığını təsdiq etmiş oldu.

Sefilyan “beşinci kalon” deməklə keçmiş prezidentləri – Robet Koçaryan və Serj Sarkisyanı nəzərdə tutur, əslində bu, Paşinyanın sözləridir. Lakin Nikol bu ittihamı öz dilindən səsləndirməklə susqunluq nümayiş etdirən Sarkisyanı “oyandırmaq”, o cümlədən, həbs etdirdiyi Koçaryanın yeni məhkəmə prosesindən öncə yenidən Rusiya ilə qarşıdurmanı açıq müstəviyə keçirmək istəmir. Lakin Paşinyana yaxın erməni KİV-i yazır ki, kurort şəhəri olan Cermukda bütün sanatoriyalar, müalicə məkanları və otellər Sarkisyan və Koçaryanın nəzarətindədir. Onlar yerli sakinləri təşkilatlandırır və etiraz etmələri üçün ekoloqlara pul ödəyirlər. Bunu Paşinyan hökumətinin də iddiaları hesab etmək olar, hərçənd, keçmiş rejimin Amulsar məsələsindən siyasi mübarizədə istifadə etməyə çalışması da istisna deyil.

Amulsar məsələsində müxalifətin də etirazçıları dəstəkləməsi Paşinyanı daha çətin vəziyyətə salıb. “Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qagik Sarukyan hökuməti yatağın istismarını dərhal dayandırmağa çağırıb. “Daşnaksütyun” partiyası da eyni mövqedən çıxış edib. Ən maraqlı məqam Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun da mövqeyində parçalanmanın olmasıdır. Blokun əksər üzvü öz susqunluqları ilə baş nazirə qarşı çıxdı, bir çoxu isə açıq şəkildə yatağın istismarının dayandırılması mövqeyini müdafiə etdi.

“Qraparak” qəzeti yazır ki, “Nikol Paşinyan komandasının üzvlərinə çox hirslidir, xüsusilə Amulsar yatağının istismarı ilə bağlı ona qarşı çıxan deputatlara. Baş nazir komandasının üzvləri ilə görüşəndə onlarla sərt danışıb. “Bu, komanda işidir? Siz mənim arxamı belə qoruyursunuz? Hamı künc-bucağa dağılışdı, hətta səsiniz belə gəlmir” Paşinyan bildirib”.

Amulsar qarşıdurmasının “Mənim addımım” blokunun daxilində parçalanmaya səbəb olacağı proqnozlaşdırılır. Lakin Paşinyanı təkcə komandasının parçalanması təhlükəsi gözləmir. Mədən ətrafında yaranmış mənzərənin təhlili yatağın ciddi toqquşma mərkəzinə çevrilməsi ehtimalını güclənidirir, xüsusilə Rusiya və ABŞ-ın öz rıçaqlarını işə salması vəziyyəti daha da qəlizləşdirir.

Rusiya: Amulsarın istismara verilməsi Qərb investisiyasının Ermənistana girişi və Rusiya kapitalını əvəzləməsinin başlanğıcı deməkdir. Patruşevin İrəvan səfəri və sonra baş verənlər Moskvanın belə perspektivə qarşı sərt mövqe sərgilədiyini, səfir Kopırkinin mesajı isə rusların açıq mübarizədən çəkinmədiklərini göstərir. Rusiyanın əlindəki təsir imkanları:

- “Qarabağ klanı” – Sarkisyan və Koçaryan cütlüyünün iqtisadi-siyasi sferada hələ də qalan rıçaqları;
- Paşinyanın parlamentə buraxmadığı Daşnaksütyun partiyası;
- Parlamentdə ikinci ən böyük fraksiyanın rəhbəri, Moskvaya yaxınlığı ilə seçilən biznesmen Sarukyan;
- O cümlədən, erməni ekspert çevrəsində ictimai rəyə təsir edə bilən qruplar;

ABŞ: Vaşinqton üçün Amulsarın istismarı Ermənistanda hakimiyyət dəyişikliyindən sonra həyata keçirilməsi planlaşdırılan regional planlar baxımından əhəmiyyətlidir. Çünki siyasi hakimiyyət dəyişsə də, iqtisadi sferada, o cümlədən, hərbi-siyasi dairələrdə Rusiyanın təsir imkanları ilə mübarizədə geridə qalır. Son dövrlər Paşinyan rus kapitalını tədricən ölkədən çıxarmağa çalışır, lakin Amulsar kapital balansının Qərbin xeyrinə dəyişməsi baxımından vacibdir. ABŞ Rusiyadan fərqli olaraq erməni ictimaiyyətinə daha az təsir göstərə bilir, onun əlində əsas təsir imkanı hökumətə təzyiq etməkdir. Amerika Palatasının məlum bəyanatı və iqtisadi perspektivlərlə bağlı hökumətə ciddi xəbərdarlığı bunun nəticəsi idi.

Bu mübarizədə Ermənistan hökuməti küncə sıxılmış vəziyyətdədir:

- Paşinyan mədənin istismarı ilə bağlı qərar qəbul edərsə, etirazlar kütləvi hal alacaq və istisna deyil ki, Rusiya proseslərdən aktiv şəkildə istifadə edəcək;

- Etirazlar Paşinyanın da bildirdiyi kimi “güc yolu” ilə yatırılsa, əks-effekt yarada bilər, xüsusilə son bir neçə ayda bir sıra etirazların polis dəyənəyi ilə yatırılması buna zəmin yaradır;

- Mədənin istismarını dayandırsa, “kapital axını” planı baş tutmayacaq, hərçənd, əsas faktor bu da deyil;

- Paşinyanın üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməməsi onun iqtidara gəlişinə təşkil edən Qərbə qüvvələrinin dəstəyinin itirilməsi, beləliklə, hakimiyyətinin təhlükə altına düşməsi deməkdir;

- Bununla yanaşı, layihənin həyata keçirilməməsi Qərb şirkətlərinin gözündə Ermənistanın təhlükəli ölkə imicini gücləndirəcək və bu, gələcəkdə investisiya yatırımının qarşısında böyük əngəl olacaq;

Nikol Paşinyan faktiki olaraq, “iki od arasında” qalıb və baş verənlər Ermənistanın proseslərdən itkisiz çıxa bilməcəyini göstərir.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar