"Cavid ədəbsiz hərəkət etməyib" - Azər Həsrət

12.08.2015 16:21     A-reaksiya     1741

Azərbaycanda bəzi idmançılar müəyyən uğur əldə etdikdən sonra ulduz xəstəliyinə tutulur. Hətta, onların arasında elələri də tapılır ki, tez-tez ictimai davranış və etik qaydalarını pozur, insanlara bədən xəsarəti yetirir.  

Bu da haqlı olaraq cəmiyyətdə ciddi qınaq obyektinə çevrilir. Elə iki gün öncə baş verən bir olayda da bunun şahidi olduq. Jurnalist Rasim Əliyev Facebook sosial şəbəkəsində "Qəbələ" komandasının futbolçusu Cavid Hüseynov haqda yazdığı statusa görə bu həyatla vidalaşmalı oldu.

Bu qan donduran hadisə hazırda bütün kluarlarda geniş diskussiya edilir.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri, tanınmış jurnalist Azər Həsrətin fikrincə, insanların özlərini necə aparması əsasən nəslin soy kökü ilə bağlıdır: "Belə insanlar pillə-pillə yüksəldikcə, özünü itirmir, əksinə, daha da sadələşir. Bunun ən yaxşı örnəyi Prezident İlham Əliyevdir. Siz onun sadəliyini yəqin ki, fərq edirsiniz. Burda həm də cəmiyyətin belə adamlara layiq olduqlarından daha artıq qiymət verməsini qeyd edə bilərik. Konkret Cavidə gəlincə, onun hərəkətlərində hələ ki, qudurğanlıq elementinin olduğunu deyə bilmərik. Çünki məlum videoya baxmışam, ədəbsiz hərəkət olmadığına əminəm. O baxımdan istintaq araşdırmasını gözləməyin tərəfdarıyam”.

Azər Həsrət bu tip neqativ hadisələrin qarşısını almağın mümkünlüyünü də açıqlayıb: “Belə halların qarşısını almaq üçün maarifləndirmə işini, izahat işini genişləndirmək lazımdır. Necə deyərlər, o tip adamlara anlatmaq lazımdır ki, ağac bar verdikcə, başını aşağı salar”.

 

 

Şərhlər

Çox oxunanlar