İranın Avropaya çıxışında Azərbaycan amili - TƏHLİL

12.08.2015 17:37     A-reaksiya     2610

ABŞ 1979-cu ildə Tehran səfirliyinin işğal edilməsindən sonra İranın bütün maliyyə aktivlərini dondurmuş, 1995-ci ildə İranla hər cür ticarəti qadağan etmiş, 1996-ci ildə isə İrana qarşı sanksiyaları, İranla ticarət edən və ya İrana investisiya edən şirkətləri də əhatə edəcək şəkildə genişləndirmişdi. Avropa Birliyi də 2010-2012-ci illər arasında İrana qarşı ciddi sanksiyalar tətbiq etmişdi. Bu çərçivədə silah embarqosu və nüvə texnologiyası satışının qadağan edilməsiylə yanaşı, İrandan neft və təbii qaz alınması, daşınması, idxalı, hər cür bank və sığorta əməliyyatları də embarqoya məruz qalıb. Avropalı sığorta şirkətlərinin İran neftini daşıyan gəmiləri sığortalamaması səbəbiylə İranın digər ölkələrə neft ixracatı da ciddi nisbətdə düşmüşdü. Yaponiya və Koreya də İrana AB sanksiyalarına bənzər sanksiyalar tətbiq ediblər. İrana qarşı tətbiq olunan sanksiyaların ciddi iqtisadi nəticələri olub. Ölkənin neft gəlirlərinin yalnız 2012-ci ildən etibarən 160 milyard dollar azaldığı təxmin edilir. Həmçinin, İranın maliyyə, avtomobil, hava və dəniz nəqliyyatı sektorları də sanksiyalardan ciddi nisbətdə zərər görüb. İran, neft və təbii qaz ehtiyatları baxımından dünyanın ən zəngin ölkələrindən biri olduğu üçün ölkəyə qarşı tətbiq olunan maliyyə və iqtisadi sanksiyaların qaldırılması, başda dünya enerji bazarları olmaq üzrə, İran və digər dünya ölkələri üçün də əhəmiyyətli nəticələr doğuracaq. İrana tətbiq olunan sanksiyalar Qərb iş adamlarının yeni bazar və sərmayə meydanı qazanması ilə yanaşı, ərəb monarxiyalarının da iqtisadi cəhətdən laxlaması yönündə narahatlıqlar yaradıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgədəki əhəmiyyətini itirməkdən, İsrail isə anti-semit bəyanatlarla yadda qalan və “Hizbullah”ın sponsoru kimi tanınan İranın güclənməsindən və yeni təhdidlərdən narahat olur. Bu narahatlıq Türkiyədə nisbətən az hiss olunur. İranın dünyaya açılması yeniperspektiv layihələrdə Türkiyənin tranzit ərazi kimi gündəmə gəlməsinə zəmin yaradır. Digər tərəfdən, bu günlərdə başda “Koç Holding” olmaqla bir neçə iri Türkiyə şirkətləri İran iqtisadiyyatının müxtəlif sektorlarına sərmayə qoyacaqlarını açıqlayıblar. Qərblə əlaqələri yaxşı olan türkiyəli iş adamlarının İrana maraq göstərməsi özlüyündə çox şeyi deyir. Lakin bir məsələ də var ki, nə Qərb, nə də İran “qucaqlaşmağa hazır” vəziyyətdə dayanmayıb. Qərbin siyasi dairələri İranın dirçəlməsindən ehtiyatlandığı kimi, İranın da mühafizəkar dariələri Qərb kapitalının ölkədə üstün mövqelər qazanmasından ehtiyatlanırlar. Buna görə də, İranmünasibətləri nisbətən yaxşı və ya orta səviyyədə olan ölkələrdən, xüsusilə də Azərbaycan, Türkiyə, İtaliya, Yaponiya, Çin, Cənubi Afrika Respublikası və Cənubi Koreya kimi ölkərdən sərmayə yatırımında daha maraqlıdır və son proseslər, müxtəlif səviyyələrdə keçirilən görüşlər də bunu deməyə əsas verir. İranın enerji mənzərəsi İran dünyanın ən zəngin karbohidrogen ehtiyatlarına sahib ölkələrindən biridir. BP statistikalarına görə, İran 21,7 milyard ton sübut olunmuş neft ehtiyatları ilə Venesuela, Səudiyyə Ərəbistanı və Kanadadan sonra dünyanın ən böyük dördüncü neft ehtiyatına sahib ölkəsidir. Bu, dünyada sübut olnan neft ehtiyatlarının 9 faizdən çoxunu təşkil edir. Təbii qaz qaynaqları baxımından isə, İran dünyanın ən zəngin ölkəsi sayılır. İran 34 trilyon kubmetr ehtiyatı ilə dünyadakı təbii qaz qaynaqlarının 18,2 faizinə malikdir. 1971-79- cu illərdə hər il 300 milyon tondan çox neft ixrac edən İranın 2014-cü ildə neft ixracatı 169,2 milyon ton olub. 2014-cü ildə qaz istehsalı 170,2 milyard kubmetr olan İran bunun sadəcə 2,4 milyard kubmetrini ixrac edib. Lakin İran həm Türkmənistandan qaz alır, həm də Ermənistan və Türkiyəyə qaz ixrac edir. Azərbaycanla isə qaz idxalatı və ixracatı sahəsində mübadilə xarakterli, qarşılıqlı əməkdaşlıq olunur. Bir sıra beynəlxalq təşkilatlar və ekspertlər ehtimal edirlər ki, İran üzərindəki sanksiyalar aradan qalxdıqdan sonra, neftin qiymətində eniş sürətlənəcək və dünya bazarında mühüm dəyişikliklər başlayacaq. Lakin bir çox önəmli amillər nəzərdən qaçır. Sazişin enerji bazarlarına ola biləcək təsirləri İran nəhəng karbohidrogen ehtiyatlarına sahib olduğu üçün tətbiq olunmaqda olan sanksiyaların qaldırılmasının dünya enerji bazarlarına ciddi təsir etməsi gözlənilir. Hətta 5 + 1 qrupu ölkələrlə İranın razılaşmağa çatdığı tarixdən dərhal əvvəl barrel başına 58,7 dollar olan “Bren”t neft qiyməti, razılaşmanın elan edilməsi ilə 56,6 dollara qədər düşüb. Təbii olaraq, beynəlxalq əmtəə qiymətləri iqtisadi və siyasi inkişaflara qarşı çox həssasdır. Faktiki olaraq, saziş məsələsi ətrafındakı proseslər optimist hava neft qiymətlərinin da düşməsinə gətirib çıxarıb. Ancaq sanksiyalar tam qaldırıldıqdan sonra belə, İranın sahib olduğu istehsal potensialına çatması zaman alacaq. Sanksiyalar hələ tam qaldırılmır. ABŞ-ın terrorizmə dəstək, insan hüquqlarını pozan və mərmi fəaliyyətləri ilə əlaqədar olaraq tətbiq etdiyi sanksiyalara davam ediləcəkdir. Bu səbəbdən, sanksiyaların dərhal qaldırılması və İranın dünya enerji bazarlarına maneəsiz geri dönməsi gözlənilmir. Sanksiyaları, 2015-ci ilin sonu, 2016-ci ilin başına qədər qalxması nəzərdə tutulur. Məsələ ondadır ki, İran potensialında olan ixracat gücünü reallaşdıracaq boru xətlərinə və infrastrukturuna malik deyil. Bu infrastrukturun birdən-birə və qısa müddətdə yaradılması da mümkün deyil. Bu ölkə özünün karbohidrogen yataqlarını yetərincə inkişaf etdirməyib, yetərincə investisiyalar yatıra bilməyib. Neftdən fərqli olaraq, təbii qaz istehsalı və ixracatının artırılabilmesi üçün hasilat və istehsal tutumunun inkişaf etdirilməsi ilə yanaşı, ixrac həcminin də genişləndirilməsi son dərəcə əhəmiyyətlidir. Neft tankerlər vasitəsilə asanlıqla ixrac edilə bilər, amma qaz ixracatı üçün inşaatı uzun illər alan boru kəmərləri və maye-qaz emalı müəssisələri lazımdır. Bu səbəbdən İranın ixrac potensialına tam olaraq faydalana bilməsi üçün, yataqların inkişaf etdirilməsinə əlavə olaraq, təbii qaz ixrac həcmini də artırması lazımdır. İranın istismar etdiyi neft və qaz yataqlarının 70 faizi qurudadır və dənizdə neft hasilatının səviyyəsi zəifdir, həmçinin xarici sərmayəyə neft-qaz məsələsində İran qanunları ilə bir sıra məhdudiyyətlərin qoyulması bir sıra məqamlarda ya islahatlara, ya da əlavə dövlət yatırımlarına ehtiyac yaradır. İran neft ixracatını 2020-ci illərin başında iki qatına çıxarmağı hədəfləyir. Həmçinin, neft naziri Bijan Zəncani, təbii qaz istehsalının önümüzdəki üç il içində gündəlik 1 milyard kub metrə çıxarılacağını ifadə etmişdir. Ancaq bu hədəflərin reallaşdırıla üçün İranın neft və təbii qaz sektoruna 345 milyard dollar investisiya edilməsi lazımdır. Bunun xaricində, İranın neft-kimya təsislərinə də 70 milyard dollar sərmayə edilməsi lazımdır Hazırda yalnız bir neçə Çin şirkəti İranın neft sahələrinin inkişaf etdirilməsinə kiçik həcmdə yatırımlar edib. İndiyədək İrana sərmayə yatıran şirkətlər də sanksiyalara məruz qaldığından, neft nəhəngləri İrandan uzaq qalıblar. İranın siyasi kursundakı qeyri-stabillik və radikal ruhlu bəyanatlar dünyanın iri investorlarını bir qədər ehtiyatlı davranmağa vadar edəcək. Və heç də “fantastik investisiyalar”ın olmayacağı bu baxımdan aydın görünür. Çünki investisiya planları əsasən uzunmüddətli proqnozlar əsasında formalaşır və siyasi amil investorların qərarlarına çox təsir edir. İranın Qərbə inteqrasiya edəcəyini də kimsə ehtimal etmir və mühakizəkar, islamçı təmayüllü respublikanın yenidən sanksiyalarla üzləşəcəyi halda, iri Qərb şirkətləri risk etmiş olurlar. Belə olduğu halda, yuxarıda da qeyd etdiyimiz kimi, İran üçün əsas tərəfdaşlar kimi Azərbaycan və Türkiyənin oynayacağı rol gündəmə gəlir. Azərbaycan bir sıra beynəlxalq layihələrin iştirakçısıdır, Gürcüstan və Türkiyə ilə birgə layihələr həyata keçirir. Bu layihələrdə iştirakla bağlı İrana da təkliflər olub. İran tərəfi təkliflərə birbaşa “yox” deməsə də, davamlı olaraq İran rəsmiləri tərəfindən “Ancaq Türkiyədən keçməklə qazımızı Avropaya çatdıra bilərik” kimi ifadələr Tehranın TANAP-da o qədər maraqlı olmadığına işarə sayıla bilər. Lakin İran tərəfi nə qədər tərəddüdlər etsə də, neft-qaz ixracatı məsələsində Azərbaycanla əməkdaşlıq etməyə “məcbur”dur. Çünki Azərbaycan Qərbin etibarlı iqtisadi tərəfdaşı hesab olunur. Azərbaycan və Türkiyənin İranla birlikdə ortaq layihələr işlətməsi həm də bu iki ölkənin enerji tərəfdaşı olan ABŞ və Aİ üçün əhəmiyyət daşıyır. İran Türkiyə və Türkiyə üzərindən AB bazarlarına da asan və iqtisadi olaraq çata bilər. Bunun üçün var olan Təbriz-Ərzurum kəmərinin tutumunun genişləndirilməsi və ya yeni bir boru xətti inşa edilməsi lazımdır. 2019-ci ildə dövrəyə alınması planlaşdırılan Trans Anadolu Boru Xətti (TANAP) layihəsi tamamlandıqdan sonra, İran Avropa bazarlarına da qaz nəql edə bilər . Çünki Cənubi Qaz dəhlizinin başlanğıcı sayılan TANAP və TAP layihələrinin, İranın təbii qaz arzını əhəmiyyətli dərəcədə artıra, 2020-ci ilə qədər tamamlanması hazırlanmaqdadır. Bu layihələr bitirildiyində İran asanlıqla mərkəzi Avropa bazarlarına çıxmimkanı da qazanmış olacaq. İran qazının Avropaya nəqlində Azərbaycan kapitalının da mövcudluğu gələcəkdə hər hansı problem ehtimalına qarşı siyasi dialoq variantını ortaya çıxarır. Azərbaycan və İran arasındakı münasibətlər ideal dərəcədə olmasa da, İran ərazisində 30 milyondan çox azərbaycanlının yaşaması faktını davamlı olaraq nəzərə almalı, Bakı ilə münasibətləri normal səviyyədə saxlamalı olur. Həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq əməkdaşlıq məsələsində təcrübəsi də nisbətən çoxdur və İrana sərmayə yatırımında, xaricdən kapitalın yönləndirilməsində, biznes vasitəçiliyində və bir sıra ortaq layihələrin gerçəkləşdirilməsinə Bakı-Tehran əməkdaşlığı həm İranın xərclərini azaldar, həm də gəlirlərini artırmış olar.

 

 

Şərhlər

Çox oxunanlar