Erkən seçkilərin üzə çıxardığı həqiqət – müxalifət birlik formatından imtina edib
19.12.2019 14:01 A-reaksiya 2206
Qulamhüseyn Əlibəyli: “Hansısa razılıqların əldə olunmasına heç bir ümid yoxdur”
Ölkədə gələn ilin 9 fevralına növbədənkənar parlament seçkiləri təyin olunandan sonra bir məsələ xüsusi diqqət çəkir. Bu da müxalif partiyaların seçkilərə tək qatılmağa üstünlük verməsidir. Hətta dairələr üzrə namizədlərin toqquşmaması üçün siyasi partiyalar bir-biriləri ilə razılığa belə gəlməyə üstünlük vermirlər. Bu da haqlı olaraq, suallar doğurur.
Müstəqillikdən bu yana seçkilər ərəfəsində hər zaman müxalifətin birliyə üstünlük verdiyinin şahidi olmuşuq. Doğrudur, o birliklərin ömrü çox az olub və əksəri seçkilərdən dərhal sonra dağılıb. Amma istənilən halda, demokratik camiənin seçkilərdə birliklərə üstünlük verib uğur qazanmaq istiqamətində cəhdlər etdiklərini qeyd etməmək insafsızlıq olardı. İndiyə qədərki bir neçə birliyi nümunə göstərə bilərik.
Məsələn, 1998-ci ildəki prezident seçkiləri ərəfəsində ölkə müxalifətinin SİDSUH və Demokratik Konqres kimi güclü partiyalardan, cəmiyyətin tanınmış simalarından ibarət böyük birlikləri var idi. 2000-ci ilin parlament seçkilərində birlik yaradılmasa da, bundan cəmi üç il sonra prezident seçkilərində “Bizim Azərbaycan” bloku kimi böyük bir birliyə cəmiyyət şahidlik etdi. 2005-ci il Milli Məclisinə seçkilərdə isə “Azadlıq bloku” kimi seçki bloku yaradılmışdı. Bundan sonrakı parlament seçkilərində ölkənin ana müxalifət partiyaları sayılan AXCP və Müsavatdan ibarət seçki bloku meydana gəldi. 2013-cü ildə isə Milli Şura siyasi səhnəyə gəldi. Bununla da ölkədə müxalifətin birliklərinə böyük ölçüdə son qoyuldu.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı təxminlərini bu cür bölüşdü: “İlk növbədə növbədənkənar parlament seçkilərinin təyin olunması, hər halda, müxalifət daxilində birliklərə imkan vermədi. Digər tərəfdən, doğrudan da son dövrlərdə müxalifət qüvvələri arasında münasibətlər xeyli kəskinləşdi. Seçkilərə bir müddət qalmış müxtəlif fikirlər səslənirdi. Bu istiqamətdə hər bir partiya qərara gəlib ki, seçkilərə partiya kimi tək getsin, yəni birliklər, bloklar yaradılmasın. Düşünürəm ki, blokların yaradılması, müxtəlif razılıqlara gəlinməsi daha məqsədəuyğun olardı. Müxalif qüvvələr arasında bu gün hansısa razılıqların əldə olunmasına heç bir ümid yoxdur. Bununla bağlı məhz ona görə blokların yaradılması təşəbbüsü ilə çıxış edən olmadı. Seçkilər öncəsi müxalif partiyaların bir araya gəlməsi, seçkilərdə birlikdə çıxış etməsi, qüvvələrin birləşdirilməsi daha məqsədəuyğun variant hesab oluna bilər. Təbii ki, partiyaların hamısı Azərbaycanı eyni dərəcədə əhatə etmir, eyni gücə malik deyil. Güclər nisbəti də şübhəsiz ki, eyni deyil. Əksər qüvvələrin bir arada olması çox uyğun idi, amma təəssüflər olsun ki, bunlar olmadı. Zaman-zaman birliklər yaradılıb, lakin sonradan dağılıb və ondan sonra bir-birilərini ittiham ediblər. Görünür, bu dəfə qərara gəlinib ki, qabaqcadan bir-birilərini ittiham etsinlər, seçkidən sonra yox”.
Şərhlər