Zaur Qəriboğlu Zeynəb Xanlarovadan yazdı - Ola bilər, kiməsə görə yaxşı deputat olmamısınız... - VİDEO

03.01.2020 02:58     A-reaksiya     5040

Jurnalist, "Reaksiya Media Group"un rəhbəri Zaur Qəriboğlu özünün "Facebook" səhifəsində SSRİ-nin xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarova haqqında yazıb. Yazını olduğu kimi təqdim edirik.

Zeynəb Xanlarova... Bu ad-soyad bütün vəzifələrdən, bütün titullardan üstündür!.. Susun daha, deputatlığa namizəd də olmadı!.. Parlamentin daha bir layiqlisi azaldı!..

Hə, bu cümlə indi birmənalı qarşılanmaya, qəbul olunmaya bilər! Növbəti beş ildə bu barədə danışarıq... Üstünə çox getdiniz, çox dartışdınız, çox müzakirə etdiniz... O, da öz zirvəsində dayanıb: "Mənə münasibətindən asılı olmayaraq, xalqımın hər bir fərdini sevirəm!.." - dedi. ...

Və ölkəni çapıb - talayan məmurlardan, oliqarx deputatlardan yox, məhz, bizdən olandan - Zeynəb Xanlarovadan olan-olmazı danışdınız... O, çox danışmır... Bir neçə dəfə danışıb, hamısı da xalqın xeyrinə!.. İndi burda bir-bir sadalamaq istəmirəm. Həmin danışıqları da oliqarxların maraqlarına toxunurdu...

Nə isə, onun siyasi fəaliyyətinə zaman qiymət verəcək! Bir onu deyə bilərəm ki, iki oğlu var. Bir dəfə də olsun, adları hansısa qalmaqalda, özbaşınalıqda, harınlıqda hallanmadı. Özünün də nəyi var, nəyi yox, bəziləri kimi mənim, sənin haqqına girərək yox, öz sənətiylə, səsiylə qazandı...

Onun adına: "uşaq pulunu kəsdirib" - daha nələr-nələr dedilər... Hansı ki, bir deputat uşaq pulu kəsdirən deyil... Amma özü hər zamanki kimi içində susdu, incidi, küsdü, hələ bəlkə, göz yaşlarını içinə axıtdı, amma bildirmədi, Zeynəb Xanlarova zirvəsində qaldı. Bəzi, ona paxıllıq edənlər adına şayələr yaydılar, müxtəlif sözlər qoşdular o, yenə susdu!.. Amma ənənəsini davam etdirdi. Yenə, yeni ilin ilk dəqiqələrində mavi ekranlardan hamımızın evlərinə gəldi... Lakin bu dəfə heç vaxt eşitmədiyimiz, fərqli mahnıyla: - "Məni unutmağa tələsəmə hələ"... Düzün deyim, bu mahnının musiqisi şən olsa da, məni çox kövrəltdi!..Sənətkar, sənətin zirvəsi dilə gəlmişdi: "Əyilməz qəddimə bax, dağ bil məni, Şirin meyvələrdən bağ bil məni, Desələr ölmüşəm, sağ bil məni, Məni unutmağa tələsmə hələ!..

Sizə dəyərli deyə bilməyəcəyəm, Zeynəb xanım, çünkü Siz Azərbaycan mədəniyyətində dəyərin özüsünüz!.. Sizi unutmaq olarmı?.. Siz sağlığında əfsanəyə çevirilmisiniz. Siz heç vaxt ölməyəcəksiniz! Əbədi yaşarı unutmaq olarmı?!. Nə qədər Azərbaycan var, nə qədər dilimiz, musiqimiz var, sənətin zirvəsi Zeynəb Xanlarova da olacaq!..

Zaman gələcək, biz bu dünyada olmayacağıq, amma Sizin səsiniz hər zaman qalacaq, hər zaman oxuyacaqsınız, sizə münasibətindən asılı olmayaraq: "Yaşa mənim xalqım" - deyəcəksiniz!.. Çünkü sizi də bu xalq yaşadacaq!.. Ola bilər, kiməsə görə yaxşı deputat olmamısınız, amma tarixə adınız nə deputat, nə məmur, nə də başqa vəzifəylə yanaşı yox, məhz, Zeynəb Xanlarova kimi yazıldı!.. Uca Allahdan arzumdur: hələ, bundan sonra neçə-neçə yeni illərin ilk dəqiqələrini həyəcanla gözləyək!.. Elə, insanlar var ki, onların ömrü xalqa bağlıdır.

Həmin insanlardan biri də məhz, Zeynəb Xanlarovadır! Zeynəb xanım, çox yaşayın, bu xalq üçün, bu vətən üçün!.. Səsinizdə Qarabağın Xankəndindən, Şuşasından: "Qurban Türkün bayrağına" eşitmək diləyiylə...

Zaur QƏRİBOĞLU

Reaksiya.az

Şərhlər

Çox oxunanlar