Rusiyanın koalisiya təşəbbüsü boşa çıxacaq? - TƏHLİL

12.08.2015 18:24     A-reaksiya     2560

Suriyada Əsəd hakimiyyəti ilə silahlı müxlaifəti bir araya gətirmək və İŞİD-ə qarşı “yeni koalisiya” yaratmaq məqsədi ilə Moskvada baş tutan danışıqlar ilk gündə fikir ayrılıqları ilə gündəmə gəldi.

Səudiyyə Ərəbistanının XİN başçısı Adil Əl-Cübeyr “Suriyanın Əsədlə gələcəyi yoxdur” dedi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “buna Suriya xalqı qərar verəcək” deyə cavab verdi. Cavab nə qədər “uğurlu” və sərt olsa da, danışıqlara elə də böyük uğur gətirən amil olmadı.

Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı həm də ABŞ-ın maraqları ilə hərəkət edir və buna heç kimin şübhəsi yoxdur. Vaşinqton ərəblərə danışıqlarda iştirak üçün əngəl törətməsə də, sərgilənən mövqeyin necə olması məhz ABŞ-dan asılı olacaq.

Görünür ki, ABŞ Rusiyanın təşəbbüsünə asanlıqla razılıq vermək fikrində deyil, ya da, ümumiyyətlə bu danışıqlara “şərait yaradılması” sadəcə Moskvanı məyus etmək üçündür.

Lakin bir müsbət irəliləyiş var ki, bu məsləhətləşmələr yenə davam edəcək. Buna baxmayaraq, Suriyada hərbi toqquşmalar davam edir və müxalif qüvvələr Əsəd qoşunlarına hücumu davam etdirir.

Moskvanın təklifinə görə isə, bu döyüşən tərəflər bir cəbhədə birləşməli, İŞİD-i məhv etməlidir. İŞİD-in məhvindən sonra isə dialoq davam etdirilməli və ölkənin gələcəyinə yenidən baxılmalıdır – hər halda, Putin və Lavrov belə düşünürlər.

Obama və Kerri isə bu dialoqlara birbaşa olaraq Əsədsiz  başlamaq niyyətindədirlər. Amma o fakt da danılmazdır ki, İŞİD-i məhv etmədən Suriyanın gələcəyinə qərar vermək çətin olacaq. Həm də BÜTÖV Suriyanın.

Belə olduğu halda sual yaranır: Süuriyanın bütövlüyü Qərbə lazımdırmı?

Əsədin devrilməsi Yaxın Şərqdə Rusiya və İranın dayaqlarının zəifləməsi deməkdir və bunu ərəb monarxları ilə yanaşı, İsrail də istəyir. Həmçinin Türkiyə tərəfi də Bəşər Əsəd hakimiyyəti ilə isti münasibətlərdə sayılmaz.

Lakin Rusiya və Türkiyə münasibətlərinin getdikcə yaxşılaşması Ankaranın dialoq məsələsində hansısa güzəştə gedəcəyinə imkan yaradır.

Əgər “yeni koalisiya” təklifinə Türkiyə razı olarsa belə, bu, yenə də ABŞ-sız və onun dəstəklədiyi qüvvələr və ərəb monarxları olmadan mümkün olmayacaq.

Nəzərlər Moskvaya dikilib, amma yenə də, iplər Vaşinqtondan tərpədilir. Görünən odur ki, 2016-cı il seçkiləri öncəsi demokratların mövqeyinin zəifləməsindən narahat olan Obama amdinistrasiyası hansısa addımlara gedə bilər və istəyir. Lakin Ağ Ev uğursuzluğa düçar olmaq və aldadılmaqdan narahatdır.  Suriyada iqtidarın qorunması “düşmən faktor”un qalması deməkdir – həm də uzun müddət. Bu “uzun müddət” məsələsi də, ABŞ üçün kabusdan başqa bir şey deyil.

Məsələ tez həll olunmalıdır, lakin necə?

Güman ki, danışıqlar Kremlin istədiyi səviyyədə olmasa da, “ortaq məxrəc” variantı ilə müsbət dönüş ala bilər. Məsələn, İŞİD-in məhvində ortaq addımlar atıla bilər, ondan sonra da Suriyanın şimal və cənub hissələrə bölüşdürülməsi baş verə bilər – eynən Koreya kimi... Əgər buna da Rusiya, İran və nəhayət, Bəşər Əsəd razılaşsa.

Şərhlər

Çox oxunanlar