Türkiyə ABŞ və Qərbə növbəti dəfə meydan oxuyur: - Yaxın Şərq uğrunda savaş fərqli mərhələyə keçir
27.01.2020 13:04 A-reaksiya 3575
Türkiyə Yaxın Şərq regionunda başqa dövlətlərin alışdırdığı tonqalın söndürülməsi missiyasını birmənalı şəkildə öz üzərinə götürüb
Dünyanın siyasət səhnəsində kifayət qədər ciddi hadisələr baş verməkdədir. Bəzi dövlətlər mövcud dünya düzənindən məmnun olmadıqlarını açıq-aşkar biruzə verməyə başlayıblar. Və bu düzənin yenidən dizayn edilməsində mataqlı olduqlarını gizlətmirlər.
Belə dövlətlərin sırasında Türkiyə ön planda yer almaqdadır. Hər halda rəsmi Ankara uzunmüddətdir ki, dünyanın ABŞ başda olmaqla, cəmisi bir neçə nəhəng dövlətin maraqlarına və siyasi iradəsinə uyğun şəkildə idarə edilməsindən ciddi şəkildə narazıdır. Və bu narazılığını biruzə verməklə yanaşı, dünya düzəninin dəyişdirilməsi istiqamətində atılması mümkün olan addımların anonsunu da verməkdədir.
Buna misal olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə BMT-nin mövcud dünyanın idarə edilməsində rolunun azaldığına eyham vurmasını göstərmək olar. Türkiyə prezidenti onu da vurğulamışdı ki, BMT-nin mövcud strukturları və beynəlxalq mexanizmləri müasir dünyanın tələbləri ilə qətiyyən ayaqlaşmır. Xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasında beş daimi üzvün siyasi iradəsinin digər təmsilçilərin mövqeyindən daha üstün tutulmasını ən böyük ədalətsizlik hesab etdiyini qabartmışdı.
Ancaq rəsmi Ankara bütün bunlarla kifayətlənmir. Əksinə, Türkiyə dünya nəhənglərinə öz siyasi iradəsini nümayiş etdirməkdə israrlı mövqe tutur. Belə ki, Türkiyə prezidenti R.T.Ərdoğan Suriyada terrorizmin qarşısını almaq məqsədilə hərbi əməliyyatları davam etdirəcəklərini vurğulayıb. Üstəlik, onu da qeyd edib ki, ehtiyac yaranarsa, son hərbi əməliyyatlar sayəsində yaradılmış tampon bölgənin əhatə dairəsini daha da genişləndirmək niyyətindədirlər. Və buna qarşı çıxılması da Türkiyəni bu niyyətdən daşındıra bilməz.
Bu, heç şübhəsiz ki, Türkiyənin dünya nəhənglərinə, xüsusilə də Suriyada özəl maraqları olan ABŞ-a növbəti dəfə meydan oxuması anlamına gəlir. Rəsmi Ankara bununla “bölgənin sahibi mənəm” mesajını verməyə çalışır. Və bu mesajın rəqib dövlətlərdə müəyyən qıcıq yaratdığı da qətiyyən şübhə doğurmur.
Düzdür, ABŞ hələlik Türkiyənin son davranışlarına susqunluqla reaksiya verməkdədir. Ancaq Ağ Evin bütün bunlarla həmrəy olduğunu düğünmək sadəlövhlük olardı. Çünki rəsmi Ankaranın hədəfləri və niyyətləri birbaşa ABŞ-ın Yaxın Şərq regionundakı, xüsusilə də Suriyadakı milli maraqlarıyla kəskin şəkildə toqquşur.
Deməli, Ağ Evin ehtimal olunan reaksiyasının yaxın vaxtlarda ortaya çıxacağı qətiyyən istisna deyil. Sadəcə, Ağ Evin başı hazırda daha önəmli hesab etdiyi başqa məsələlərə qarışmış kimi görünür.
Məsələ ondadır ki, son günlər prezident Donald Trampa qarşı tətbiq olunan impiçment prosesi yenidən aktuallaşıb. Daha doğrusu, bu proses növbəti mərhələyə keçirilib. Belə ki, ABŞ parlamenti bu məsələnin aktiv müzakirəsinə başlayıb. Və yaxın günlərdə bununla bağlı yekun qərarın qəbul ediləcəyi ehtimal olunur. Sadəcə, bu qərarın prezident D.Trampın əleyhinə ola biləcəyi hələlik o qədər də inandırıcı hesab olunmur.
Son məlumatlara görə, ABŞ demokratları impiçment prosesində əsas ittihamların istiqamətini prezident D.Trampın öz vəzifə səlahiyyətlərini aşmasına yənəltməyə çalışır. Və yekun qərarın qəbulunda da bu məqamın xüsusi rol oynaya biləcəyi ehtimal olunur.
Təbii ki, indiki situasiyada Ağ Evin başının qarışması rəsmi Ankaraya da sərf edir. Çünki belə situasiyada ABŞ-ın maraqlarına zidd olan beynəlxalq addımların dünya siyasət məkanında müzakirəsinə nail olmaq onların yaxın gələcək üçün aktuallığını qoruması baxımından da böyük önəm daşıyır.
Onu da qeyd edək ki, rəsmi Ankara Türkiyənin Yaxın Şərq regionundakı siyasi iradəsinin önə çıxarılması baxımından, növbəti manevrini etməyə imkan tapıb. Belə ki, rəsmi Ankara Liviyada vətəndaş müharibəsinin dayandırılmasının və bu ərəb ölkəsində sülh prosesinin başladılması istiqamətində konkret addımlar atmağa başlayıb. Hər halda, Liviyada silahlı qarşıdurmanın barışmaz tərəflərinin əvvəlcə Rusiyada, ardıncasa Almaniyanın paytaxtı Berlində müzakirə masası arxasında əyləşmələrinə nail olunması məhz Türkiyənin xidmətləri hesab olunur.
Məsələ ondadır ki, Türkiyə Liviyada sulh prosesinə start verilməsini həm özünün, həm də Yaxın Şərq regionu ölkələrinin əsas problemi hesab edir. Buna nail olmaq üçün rəsmi Ankara hətta Liviyaya Türkiyə qoşunlarının göndərilməsindən belə, çəkinməyəcəyini bəyanlayıb. Hətta Ərdoğan hakimiyyəti belə bir addımın atılması üçün Türkiyə parlamentinin razılığına da nail olub.
Maraqlıdır ki, prezident R.T.Ərdoğan Türkiyə qoşunlarının Liviyaya sülhməramlı məqsədlərlə göndəriləcəyini artıq rəsmən elan edib. Üstəlik, onu da vurğulayıb ki, Türkiyə qoşunları Liviyada tam daxili sabitlik yaranana qədər həmin ölkədə qalacaq. Və Türkiyə bunun üçün heç kimdən razılıq almaq niyyətində deyil, eyni zamanda hansısa dövlətin rəsmi Ankaranın bu addımına edəcəyi etiraz qətiyyən nəzərə alınmayacaq.
Göründüyü kimi, Türkiyə Yaxın Şərq regionunda başqa dövlətlərin alışdırdığı tonqalın söndürülməsi missiyasını birmənalı şəkildə öz üzərinə götürüb. Və bu missiyadan geri çəkilmək niyyəti yoxdur. Hətta rəsmi Ankara bu missiyanı nümayişkaranə şəkildə təbliğ etməklə rəqib dövlətlərə açıq meydan oxumaqdan da qətiyyən çəkinmir. Bu isə qaxın gələcəkdə Türkiyənin ABŞ və Qərblə olan münasibətlərinə yeni gərginlik ehtimalı verir. Rəsmi Ankaranın bütün bunları əvvəlcədən hesabladığı isə qətiyyən şübhə doğurmur.(müsavat)
Reaksiya.az
Şərhlər