"Nə edək ki, balasanyanlar bizi unutmasınlar, bəlkə 31 mart seçkilərinə “əli dolu” gedək?"

11.03.2020 14:19     A-reaksiya     5933

Bəri başdan deyim ki, bizdəki seçkilərdən yazmıram.

Mən o nəslin nümayəndəsiyəm ki, SSRİ dövründə hərdən məktəbin və kənd dükanının divarına “Hamı seçkilərə!” şüarı yazıldığının şahidi olmuşam. Sovet dövrü seçki olmurdu, amma heç məzhəkəsi də olmazdı. Həmin gün adi günlərdən biri olardı. Çox şey dəyişməyib. Biz heç indi də seçkilərə getmirik, biz gündəlik qayğımızın dalınca düşən, çörək dərdini ön planda tutan toplum olaraq öz işimizin dalınca getmişik. İndi necə? Hər kəs öz işindədirmi? İşimizin adı nədir?

Bizi bilmirəm, amma Qarabağda ermənilər öz işləri ilə məşğuldurlar. Sanki heç Azərbaycan olmayıbmış kimi. O qədər arxayın məşğuldurlar ki, təsadüfən güllə səsi eşidəndə qətiyyən fikirləşmirlər ki, bunu atan Azərbaycan tərəfdir. Fikirləşirlər ki, yəqin uşaqlar “vzrıvpaket” partladır. Yəqin məlumatlısınız ki, 31 mart seçkiləri külli Qarabağın gündəmini tam tutub. Namizədlər seçicilərlə görüşürlər, gələcək rahat həyat vəd edirlər, seçicinin biri də dilə gətirmir ki, birdən müharibə olsa nə edərik. Biz sanki yoxuq. Qınamıram, 27 il bir neçə nəslin formalaşması üçün kifayət sayılası müddətdir və bu müddətdə formalaşan nəsillər biz tərəfdən nə gördülər, nə hiss etdilər ki, indi də narahat olsunlar, heç yadlarına da düşmürük.

Rejim prezidentliyinə namizəd Vitali Balasanyan dünən İvanyan kəndində seçkiqabağı görüş keçirib və bu sözləri deyib:

"Gəlin, ərazilərin tarixi tərəfini bir kənara qoyaq. Azərbaycan və ya bu barədə danışan hər hansı bir ölkə, əgər bu torpağın heç olmasa bir hissəsinin qanuni olaraq Azərbaycana məxsus olduğuna dair şübhəsi olsaydı, bizi min dəfə məhkəməyə verərdilər”. Balasanyan, eyni zamanda məsələnin hərbi həllinin olmadığını və bunu xatırlamağın vacib olduğunu qeyd edib. Balasanyan əlavə edib ki, “belə cəhdlərə ən azı 120 ildir ki, şahidlik edirik. Düşmənin atəş nöqtələri dağıdılıb və dağıdılacaq”.

Balasanyanı bir nümunə kimi göstərdik. Qalan 13 namizəd də bu cür danışır və onların bu cür ürəkli danışmalarının səbəbkarı da, günahkarı da bizik. Yəni, erməni deyir ki, bunlar nə hüquqi, nə hərbi addım ata bilməzlər, necə ki, atmırlar.

Bəs, nə edək ki, balasanyanlar bizi unutmasınlar? Bəlkə biz də 31 mart seçkilər gününə “əli dolu” gedək? Münhen konfransındakı debatda Paşinyan Şuşadan atılan “dolu” mərmilərini xatırladı. Bir də yada salmaq olarmı? Bakı soyqırımı kimi qeyd etdiyimiz 31 mart seçki günü təyin ediləndən danışıram, yazıram ki, bu günü elə etmək olar ki, düşmən bizi çox xatırlaya bilər. Münaqişə uzansa belə, hər dəfə seçki keçirmək niyyətinə düşəndə separatçılar yada salarlar ki, başımıza dolu düşdü həmin gün. Təəssüf ki, bu sadəcə mənim istəyimdir. İndi ayrı hava çalanların sayı çoxalmağa başlayıb.

Bu günlərdə Azərbaycanda hərbi mövzuda yazan ekspertlərdən biri Gürcüstanda, Ukraynada, Moldovada, İsrail-Fələstində yaşanan separatçı hərəkatları və yaranmış vəziyyəti Qarabağla müqayisə edərək bir o qədər narahat olmamağa, vəziyyətin hələ uzun müddət belə davam edəcəyinə normal yanaşmağa dair fikirlər bildirib. Təslimçiliyin buynuzu olmur ki? Bu, xalqları sülhə hazırlamaq adı ilə məğlubiyyətlə barışmağın, torpağı düşmənə təhvil verməyin təbliğatının başlanğıcıdır və onu öz əlimizlə edirlər.

Baş verənlər hamının gözü qarşısındadır. Amerika kəşf etmirik, xüsusi bir xəbər də vermirik. Dərin analizlər aparıb, geoploitikadan, qlobal qarşıdurmadan, maraqların toqquşmasından danışmağa da dəyməz. Mirzə Cəlil demişkən: “qarşımızda Azərbaycan matəmgahı durur”. Millət və ona mənsub olan dövlət taleyinə özü qərar verməlidir. Yazmaqla da nəsə dəyişmir. Yazdığını istənilən vaxt silə bilərlər. Amma, yazını sildirənlər bilsin ki, indi ən asan iş saytdan yazı çıxarmaqdır, oğul odur düşməni Qarabağdan çıxarsın.(moderator.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar