Zahid Oruc: “Vəzifəli şəxslərin qanunsuz əməllərinə “müharibə dövrünün qanunları” ilə qiymət verilməlidir"

05.05.2020 13:23     A-reaksiya     1021

“Prezident İlham Əliyevin yeni Baş prokuror təyin edərkən Biləsuvar İcra Hakimiyyəti başçısının qanunsuz əməllərinə xüsusi yer verməsi və kəskin, sərt xəbərdarlığında ayrıca təhlilə ehtiyacı olan bir məqam var”.

APA-nın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan 30 ildən çoxdur, düşmənlə müharibə şəraitində yaşayır: “Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur! Ona görə istər İcra Hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə “Hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb”.

Z. Oruc bildirib ki, Ali Baş Komandan son iki ayda pandemiyaya qarşı mübarizədə olduğu kimi, günün birində milləti səfərbərliyə çağırarsa - o sərvət hərisləri əsgər və zabitin azuqəsinə əl uzadacaqlar, ordunun tankına və topuna göz dikəcəklər.

“Ona görə də belə əməllər dinc dövrün qanunları ilə cəzalanmalı deyil. İstər siyasi vəzifə tutsunlar, istər hərbi, cinayətkarlar, Azərbaycan dövlətini təmsil etmirlər, çünki bütöv bir rayonu-torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə  mənsubiyyəti yoxdur. Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır”, - deyə o əlavə edib.

Deputatın fikrincə, son həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir: “Doğrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların, yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar