"Cəhənnəm olsun bütün hakimiyyətlərin səfası, itirilən torpağın bir bulağının bir damcı suyuna dəyməzmiş"

09.06.2020 12:14     A-reaksiya     1039

XALQ VƏ QARAGÜRUH
 
Biz də o vaxt beləcə küyə gedirdik. Vəzirov satqın idi. Bambılı idi. Beləcə deyə-deyə yaxşı-pis mövcud olan hakimiyyət avtoritetini çökdürdük. Küçələrə çıxdıq, barışmadıq, danışığa getmədik, "Vəziryan getməsə heç nə düzəlməyəcək" deyib sonacaq dirəşdik. Əvəzində nə baş verdi? Vəzirov xəbərsiz-ətərsiz Moskvaya qaçmalı oldu, yerinə Sovet Ordusu gəldi, Bakını qan gölünə çevirdi, komendant saatı ilə əl-qolumuzu bağladı, ardınca Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının bütün şərtlərini hazırladı. Faktiki olaraq Dağlıq Qarabağ 20 yanvardan sonra Azərbaycanın nəzarətindən tam şəkildə çıxmış oldu.
Sovet kommunistləri Azərbaycanda hakimiyyəti Ayaz Mütəllibova tapşırdılar. Yaxşı-pis komanda yığdı, erməni terrorçularının yaşadığı ərazilərdə hərbi əməliyyatlar keçirərək bir neçə rayonu Azərbaycanın real tabeçiliyinə qaytardı. Bu dəfə başladıq güzgü-daraqdan danışmağa, avtoritetini sındırmağa çalışdıq, yenə də uzlaşmadıq, barışmadıq, hətta 21 noyabrda dövlət komandası Qarakənd üzərində vertolyotda məhv ediləndə yenə də əlimizi uzatmadıq. Əvəzində Xocalı baş verdi, hamımız yükləndik Ayaz Mütəllibovun üstünə və Ali Soveti dövrələyib istefaya məcbur etdik. Yenə də hakimiyyət boşluğu, yenə də torpaq itkisi.
Ardınca ziyalı Yaqub Məmmədov gəldi qanadı qırılmış, parçalanmış hakimiyyətə. Bu dəfə də dolların üsərində Yaqub Məmmədovun şəklini yayıb zarafatlaşdıq, onun da avtoritetini sındırdıq, yenə də hakimiyyət boşluğu üçün zəmin yarandı. Bu dəfə də Şuşa və Laçın getdi. Ayaz Mütəllibovun məsuliyyətsiz formada hakimiyyətə gəlmək üçün primitiv gedişi hazırlıqsız vəziyyətdə olan Xalq Cəbhəsini hakimiyyətə gəlməyə məcbur etdi. Yəni "kim kimi" məsələsi çözüləndə kimsə hazırlığa baxmadan revanş götürməyə məhkumdur, məcburdur. Əbülfəz Elçibəy istəməyərkdən prezident seçildi, biz də onun komandasında dağıdılmış, paralanmış hakimiyyətin böyür-başını yığmağa çalışdıq, Qarabağda itkilərimizi bərpa etməyə çalışdıq. Bu zaman vaxtilə bizim etdiyimiz davranışı bizə qarşı etməyə başladılar. Xalq dilində desək "imam övladı", təmiz insan Əbülfəz Elçibəyə lətifələr qoşdular, təhqir etdilər, söylədiklərini mətndən çıxarıb nüfuzunu sındırmağa başladılar. Kəlbəcərin işğalı ilə hakimiyyətin belini qırdılar. Sonda Surət Hüseynovun başladığı qiyamla onu da hakimiyyətdən devirdilər. Lələnin dəstələrinin yardımı ilə ölkədə yenidən avtoritet boşluğu yarandı və ermənilər daha 5 rayonumuzu işğal etdi. Yenə də hakimiyyət boşluğu, yenə də torpaq itkisi. Bu dəfə Heydər Əliyev hakimiyyətə gəldi. Çətinlikləri dəf edərək dövlətə sabitlik gətirdi. Bu hakimiyyət əvvəlkilərdən qat-qat uzunömürlü oldu və artıq çevrilişlər, hakimiyytə boşluğu anlayışları yaxın tarixdə qaldı.
İlham Əliyev hakimiyyəti də bu ənənəni qoruyub saxladı. Əlbəttə, istənilən hakimiyyətdən narazılıq olur, iqtidarın siyasətə qarşı müxalif mövqelərin olması da labüddür. Bu günün baxış bucağından dönüb geriyə baxarkən, hakimiyyət boşluğunun millətimiz üçün hansı faciələri gətirdiyini daha aydın görə bilirik. Bu ölkədə ən səmimi demokratın arzuladığı demokratiyanı da, ən qarınqulu adamın arzuladığı yemək bolluğunu da yaratmaq mümkün olacaq, ancaq itirdiyimiz Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı qaytarmaq mümkün olacaqmı, açığı bu suala cavab verməyə risq etmirəm. Nə olursa-olsun, itirmək olmazdı. Cəhənnəm olsun bütün hakimiyyətlərin səfası, itirilən torpağın bir bulağının bir damcı suyuna dəyməzmiş. Çünki itiriləni qaytarmaq çox-çox çətin olur, çox-çox məşəqqətli olur.
İndi ölkə müharibədən də təhlükəli karantin həyatındadır. Dünən karantin qaydalarına əməl etməyə çağıran Azərbaycan polisinin başına zibil atan qaragüruhu və sosial şəbəkədə bu hərəkəti dəstəkləyənləri müşahidə etdikcə 31 il öncənin düşüncəsi, aurası gözümün önündə canlandı. Dövlətin avtoritetini sındırmaq, onun polisini urvatsız etmək, pandemiyanın yaratdığı sıxıntıları siyasi narazılıq alətinə çevirmək 31 il öncəyə aparır bizi. Tanış ssenariyə. Hamınız seyrçi qalın. Kaş ki, bizlər 31 il öncə xalqla qaraguruhu bir-birindən ayıra bilsəydik. Bu gün də həmin qaraguruh Əlahəzrət Xalq adından çıxış edir, mühakimə edir, tələb edir. O vaxt qaraguruhun tankının əzdiyi bir neçə ziyalının sümüklərinin ağrısını indi hiss etməyə başlayıram. Axı itirməyə bir az da torpağımız qalıb. Sizsə sümüklərinizi qoruyun dəyərli ziyalılar. Xalq mədəniyyət yaradır, qaragüruh bu mədəniyyəti zibil kimi ətrafa tolazlayır. İlk öncə polisin başına. Ardınca da onun sözünü təkrarlamayanların başına. Sizin başınıza o zibillər töküləndə Sabirin, Mirzə Cəlilin acısını olduğu kimi yaşayacaqsınız. Bu xalqı sevən qaragüruh sürüsünün qarşısında durmağa milli borc kimi baxmalıdır. Bunun alternativi hakimiyyət boşluğudur, bunun alternativi torpaq itkisidir.
Bir Qarabağ qazisinin haqqını müdafiə edəni anlayıram: Bu Xalqdır. Qanun-qaydanı qoruyan polisin başına zibil atanı öz qəhrəmanı kimi müdafiə edənləri də anlayıram: Bu Qaraguruhdur. Xalq polisin də, həkimin də üç aydır hansı məşəqqət çəkdiyini bilir, dəyərləndirir, ona salam göndərir, alğışlayır. Bu dəfə Xalqı sevgi gülünün Qaraguruhun nifrət zibilinə çevrilməsinə imkan verməməliyik!
 
Fazil Mustafa, Millət vəkili

Şərhlər

Çox oxunanlar