“Sülh” deyirik, müharibə “yadda”: Qarabağa qayıdış formulu

09.06.2020 12:18     A-reaksiya     1058

Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün bütün vasitələrə əl atacaq; Ermənistan müdafiə nazirinin sabiq müavini: “Bakı bizimlə zarafat etmir...”
 
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən həftə cəbhəyanı bölgədə olarkən etdiyi çıxışında bir daha ölkəmizin Qarabağla bağlı prinsipial mövqeyini bəyan etdi. Konfliktin yalnız ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədləri, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini söylədi. Həmçinin işğalçı tərəfi 2016-cı ilin aprelindəki hərbi fiaskodan nəticə çıxarmağa çağırdı.
 
Sitat: “Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur... Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında”.
 
Beləcə, Prezident düşmən ölkəyə növbəti dəfə xəbərdarlıq mesajı göndərdi ki, absurd və təxribatçı mövqedən əl çəkib, nəhayət, konstruktiv danışıqlara başlamasa, o zaman hərb yolu qaçılmaz, bunun isə Ermənistan üçün nəticələri fəlakətli olacaq. Prezidentdən az öncə Müdafiə Nazirliyi analoji bəyanat yayaraq, işğalçıya qarşı budəfəki hərbi əməliyyatların miqyasının qat-qat böyük və dağıdıcı olacağı haqda xəbərdarlıq edib.
 
*****
 
Əfsuslar olsun ki, blokada səbəbindın ildən-ilə daha acınacaqlı duruma düşən Ermənistan rəhbərliyi praqmatik mövqeyə köklənməyə tələsmir. Zaman isə gedir və bu minvalla sülhü deyil, sövq-təbii müharibəni yaxınlaşdırır.
 
“Ermənistan ordusu müharibəyə hazır deyil, tək qalıb, ona görə ki, ölkənin siyasi hakimiyyətində hərbi məsələlərdən baş açan və ölkənin təhlükəsizlik problemlərini anlayacaq adam yoxdur. Müharibə başlasa, Bakının səs-küylü açıqlamalarının necə reallığa çevriləcəyini görəcəyik”.
 
Bu sözləri “Obzor” verilişində Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bildirib.
 
Onun sözlərinə görə, bu gün Nikol Paşinyan xalqın maraqlarına xidmət edə, xarici siyasətdə bütün mövcud maraqları tarazlaya bilmir və daxili siyasi vəziyyət dövlətin sabitliyinə təhdid yaradır.
 
“Azərbaycanın açıqlamaları təhlükəlidir, çünki Paşinyanı danışıqlar aparmaq lazım olan vəziyyətə gətiriblər ki, Bakı müharibəyə başlamasın. Üçüncü dəfədir ki, müharibənin başlaması barədə açıq söhbət gedir. Prinsiplər, balanslı qərarlar barədə söhbət getmir. Sən demə, biz danışıqlar aparmaq üçün vasitələrimizi sındırmışıq”, - deyə eks-müdafiə nazirinin keçmiş müavini əlavə edib.
 
*****
 
“Beynəlxalq ictimaiyyət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi və komandanlıq potensialının yüksək döyüş qabiliyyətinə malik olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə rəsmi Bakının yaxşılaşan hərbi-texniki və strateji imkanları Azərbaycan Ordusunun potensial rəqiblərlə qarşıdurmalarda parlaq qələbələr qazana biləcəyinə əminlik yaradır”.
 
“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı siyasi icmalçı Boris Korkodinov söyləyib. 
 
Onun sözlərinə görə, digər faktorlarla yanaşı, Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafının müsbət dinamikası, çox böyük ehtimalla, ölkənin milli təhlükəsizliyinin uzunmüddətli vəzifələrinin öhdəsindən gələcək.
 
“Azərbaycan Ordusunun səylərinə olan yüksək etimad reytinqi” Bakının güc amili “və xalq diplomatiyasından istifadə etməklə öz suverenliyini bərpa etmək məqsədlərinə kömək edir. Praktik surətdə əməliyyat çətinliklərinin yoxluğu Azərbaycanda məqsədyönlü və məqbul hərbi islahat proqramının əsasını təşkil edir - hansı ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi fonunda xüsusilə aktuallıq kəsb edir”, - deyə o qeyd edib.
 
Ekspert hesab edir ki, Azərbaycanın müntəzəm keçirdiyi və bütün növ qoşunları əhatə edən hərbi manevrləri müsbət inkişafları müəyyənləşdirməyə və döyüş hazırlığının yüksək səviyyədə olmasını təmin etməklə işğal olunmuş əraziləri azad etmək üçün verilən tapşırıqları istənilən vaxt yerinə yetirməyə imkan verir: “Bu manevrlərin nəticələri Azərbaycanın hərbi potensialını modernləşdirməyə yönəlik proqramın əsas elementini təşkil edir və komanda heyətinin bütün səviyyələri və təbii ki, ölkənin Ali Baş Komandanı tərəfindən nəzərə alınır. Azərbaycan prezidenti İlham Əliyev ölkədə XIX və XX əsrin sonlarında yaranmış ”milli müqavimət" ideologiyasını, hər halda, orduya yeridə bilib. Bu ideologiyanın mühüm tərkib hissəsini Azərbaycan xalqının soyqırımını (1918-ci il mart soyqırımı, 1992-ci il Xocalı faciəsi) qınamaq və soyqırımın gələcəkdə təkrarlanmasının qarşısını almaq təşkil edir. Bu səbəbdən də respublikanın silahlı qüvvələri daim yüksək hazırlıq vəziyyətindədir və keçmişdə baş verən faciəli hadisələrin təkrarlanmasının qarşısını almaq üçün öz potensialını müntəzəm olaraq artırır. Məhz bunun sayəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordularından birinə çevrilib".
 
Bu və digər amilləri nəzərə alan Korkodinov əmindir ki, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğal altındakı əraziləri azad edə bilər. Onun sözlərinə görə, belə bir nəticə erməni siyasətçilər səviyyəsində də təsdiqlənir. “Məsələn, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan iyunun əvvəlində jurnalistlərə söhbətində deyib: ”Azərbaycan Ordusu 3-4 ay ərzində Qarabağı hərbi yolla qaytara bilər. Beynəlxalq arenada da bu fikirlə razılaşırlar. Və bu, Azərbaycanın əsas məqsədinə - Dağlıq Qarabağın azad edilməsinə son dərəcə yaxın olduğunu göstərir".
 
*****
 
Lakin savaşa ehtiyac qalmağa da bilər, əgər işğalçı Ermənistan Qarabağla bağlı tutduğu perspektivsiz mövqeyindən əl çəkib konstruktivlik göstərsə, Azərbaycan kimi sülh prosesinin irəliləməsinə səmimi şəkildə çalışsa. Bu da var ki, İrəvanın mövqeyi xeyli dərəcədə Moskvadan asılıdır. Moskva isə təəssüflər olsun ki, Ermənistana təzyiq eləməyə tələsmir. Hərçənd Rusiya rəsmiləri konfliktin tezliklə həllində Kremlin maraqlı olduğunu və buna çalışdığını söyləməkdən yorulmurlar.
 
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi son mətbuat konfransında bir daha Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Qarabağ probleminin həlli çox uzanıb.
 
“Qarabağla bağlı danışıqlar prosesində əsaslı dəyişiklik yoxdur Biz bu həlli uzanan böhranın danışıqlar yolu ilə, siyasi yolla həllinin tərəfdarıyıq. Bir qonşu ölkə kimi, bu ölkələrlə uzunmüddətli dostluq, qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixi olan ölkə olaraq əlimizdən gələni edəcəyik ki, prosesə konstruktiv töhfəmizi verək” - deyə Zaxarova qeyd edib.
 
Rusiya XİN sözçüsü ATƏT-in Minsk Qrupunun işində ölkəsinin vasitəçi rolunu toxunaraq, “Hərçənd danışıqlarda  fundamental dəyişikliklər yoxdur, amma  nikbinliyin qaldığını təsdiqləyə bilərəm” deyib.
 
Əlbəttə, xanım Zaxarovanın səmimiliyinə inanmaq çətindir. Çünki hamı bilir ki, dinc nizamla prosesində ciddi irəliləyiş müstəsna olaraq Rusiyadan asılıdır, onun bölgədəki satelliti və marioneti olan Ermənistandan yox. İşğalçı ölkəyə qədərindən çox təzyiq rıçaqı olan Moskvanın Ermənistan rəhbərliyinə göz ağartması kifayətdir ki, sonuncu özünü yığışdırsın və Bakı ilə sülh danışıqlarında konstruktivizmə köklənsin...(moderator)
 

Şərhlər