Azərbaycan distant təhsilə hazırlaşır

18.06.2020 13:15     A-reaksiya     2376

Kamran Əsədov: “Bütün məktəblilərə planşet verilməlidir”

Prezident İlham Əliyevin “Microsoft” korporasiyasının rəhbər şəxsləri ilə keçirdiyi videogörüşdə müzakirə edilən əsas mövzulardan biri pandemiyanın davam edəcəyi təqdirdə, məktəb və universitetlərdə təhsilin distant formada davam etdirilməsinə hazırlıq, həmçinin mümkün olan yerlərdə işin kənardan təşkili məsələləri olub.

Bu barədə danışan Prezident qeyd edib ki, pandemiyanın sentyabra qədər davam edib-etməyəcəyi bəlli deyil: “Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

Göründüyü kimi, Azərbaycan koronavirus infeksiyasının tam aradan qaldırılmayacağı varianta hazırlaşmağa başlayıb. Qeyd edək ki, artıq dünyanın əksər ölkələrində virusa qarşı vaksin tapılanadək hökumət və cəmiyyətlərin onunla birgə yaşamalı olacağı qəbul edilib. Vaksinin isə ən yaxşı halda 2022-ci ildə əldə olunacağı gözlənilir. Bu baxımdan, Azərbaycanda dərslərin sentyabrda distant formada bərpa olunması xeyli real görünür. Bu variant reallaşarsa, bütün tələbə və məktəblilərin distant təhsillə əhatə olunması üçün hansı addımlar atılmalıdır? Məlumdur ki, mart ayından etibarən dərslər dayandırılandan 1 ay sonra Azərbaycan Təhsil Nazirliyi “Microsoft”la birlikdə online platforma istifadəyə versə də, şagird və tələbələrin böyük qismi bu imkandan yararlana bilmədi. Buna isə xüsusilə regionlarda internet imkanlarının məhdudluğu, həmçinin online dərsi dəstəkləyəcək aparatların (kompüter, planşet və sair) olmamasıdır. Bu halda hökumət sentyabra qədər bütün tələbə və şagirdləri distant təhsilə cəlb etmək üçün hansı addımları atmalıdır?

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb ...

Kamran Əsədov

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, pandemiya bütün dünyada təhsil sistemlərinə təsir edib: “İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə, proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərə səbəb olması və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar. Bizdə də mart ayında tədris prosesi dayandı və bundan sonra Təhsil Nazirliyi çevik qərar qəbul edərək Tele Dərs, Virtual Məktəb layihəsini həyat keçirdi və şagirdlər üçün tədrisin normal axını davam etməyə başladı. Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa, 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant - online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur, deməli, dediyim formada sentyabrda dərslərin başlaması mümkündür”.

Ekspert qeyd edir ki, pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar: “Belə bacarıqların olmaması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırılmasına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır. Pandemiya insanların bütün həyat tərzinə, davranışına və fəaliyyətinə güclü təsir edib. Bu səbəbdən pandemiya və post-pandemiya dövrü təhsil sistemini nəzərə alınması vacib olan bir sıra çağırışlarla üz-üzə qoyub. Təhsil sistemində daha çevik və optimal məzmun və tədris strategiyalarının tətbiqi, innovasiyaların təşviq edilməsi ilə bağlı təşəbbüslərin genişləndirilməsi ön plana çıxıb. Bütün təhsil pillələrində, xüsusilə ali təhsildə distant təhsil təcrübəsinin daha geniş tətbiq edilməsi, texnoloji təchizat və keyfiyyətli internet bağlantısının təmin edilməsi məsələlərinin həll edilməsi, yeni təhsilalma forması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir. Hesab edirəm ki, bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir”.

Rəşad Həsənov: “Azərbaycanın gəlirlərində neqativ meyllər müşahidə ...

Bəs Azərbaycan biznesi, dövlət qurumları kənardan iş rejiminə keçidə hazırdırmı? Bunu təmin etmək üçün nələrə ehtiyac var? İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, pandemiyanı müəyyən mənada avantaja çevirmək olar: “Həm dövlət sektoru, həm özəl sektor öz imkanlarını maksimum kənardan iş üçün inkişaf etdirə bilər. Dövlət qurumlarının bu istiqamətdə imkanlar formalaşdırmaq üçün resursları daha çoxdur: həm maliyyə, həm texnoloji baxımdan. Elektron hökumət portalı var, xidmətlərin böyük hissəsinin onun üzərindən həyata keçirilməsi mümkündür. Bunun üçün portal vasitəsilə təqdim olunan xidmətlərin çeşidi və dərinliyi artırılmalıdır. Həmçinin görüşlərin və ezamiyyələrin təşkili baxımından kənardan iş əlverişli qənaət imkanları yaradır. Yəni bu, həm də kifayət qədər rentabelli iş rejimidir. Hətta dövlətlərarası münasibətlərdə də külli miqdarda vəsaitə qənaət imkanı yaradır: son aylarda online təşkil olunan beynəlxalq, regional tədbirlər yüzlərlədir. Adətən ümumi xarakter daşıyan bu toplantıların canlı keçirilməsi əlavə nə qədər vəsait tələb edirdi”.

Ekspert bildirir ki, Azərbaycanda özəl sektor müəyyən qədər kənardan iş rejiminin tətbiqinə başlayıb: “Xüsusilə elektron platformalar üzərindən alqı-satqıların reallaşdırılması istiqamətində işlər sürətlə gedir. Pandemiyadan əvvəl hətta transmilli şirkətlərin özləri də Azərbaycanda online xidmətlərin təşkilinə maraq göstərmirdilər. Lakin pandemiyadan sonra şərtlər tamam fərqlidir. İndi buna ciddi tələb formalaşıb. Buna görə də şirkətlər kənardan iş rejiminin tətbiqinə başlayıblar. Bu, çox müsbət haldır. Dövlətin burada rolu təşviq və dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsi ola bilər. Bundan hökumət, iqtisadiyyat ciddi divident əldə edəcək. Ticarət sektorunda online xidmətə keçid kölgə iqtisadiyyatının qarşısının alınması, büdcəyə vergilərin ödənməsi baxımından müsbət rol oynayacaq. Dövlət xüsusilə kiçik və orta sahibkarlığa fəaliyyətlərini online qurmaq üçün dəstək verməlidir - həm proqram təminatı, həm də maliyyə resursları ilə təminat baxımından”.(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar