Zahid Oruc: "Cərimələr büdcə xərcləri ilə müqayisə oluna bilməz"
29.06.2020 15:12 A-reaksiya 8230
"Pandemiya ilə mübarizədə Azərbaycan dövləti tərəfindən böyük miqyaslı sosial-iqtisadi, eləcə də millətimizin səfərbərliyi üçün hüquqi, təşkilati, psixoloji və digər tədbirləri həyata keçirir. Ona görə də hazırkı düzəlişlərə “hökumət cərimələr vasitəsilə maliyyə itkilərini bərpa etməyə çalışır” fikrinin əsassız olduğunu sübut etmək üçün bir neçə rəqəmi səsləndirmək yerinə düşər".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu fikirləri Musavat.com-açıqlamasında bildirib. Deputat qeyd edib ki, təkcə dünən koronavirusla bağlı inzibati normaları pozanların sayı 2775 nəfər olub: "Aprelin 4-dən başlayan və müxtəlif sərtləşmə-yumşalmanın tətbiq olunduğu 3 ay ərzində bu cərimələnlərin sayı bugünkü tarixə olan məlumata görə 72.3 minə yaxındır.
Doğrudur, biz həmin rəqəmlər içərisində nə qədər hüquqi, nə qədər vəzifəli, eləcə də hansı sayda fiziki şəxsin qanunu pozduğu haqda dəqiq fikir yürüdə bilmirik. Eləcə də qanuna riayət etməyənlərin yaş tərkibi, coğrafiyası, virusa inanıb-inanmaması, sosial yardım alanların bu sırada tutduqları yer, eləcə də dövlət büdcəsinə daxil olan vəsaitlərin dəqiq məbləğini söyləmək mümkün deyil. Hərçənd bilirsiz ki, cərimələnən şəxslər on gün ərzində məhkəməyə müraciət edə bilər, eləcə də 1 ay müddətində həmin məbləğ ödənməlidir. Müxtəlif hesablama metodlarını tətbiq edərək demək mümkündür ki, ödənilən məbləq 10-12 milyon manat arasındadır".
Z.Orucun sözlərinə görə, pandemiya elan olunandan bu yana dövlət büdcəsindən ayrılan milyardlarla vəsait fonunda bu, çox kiçik rəqəmdir: "Lakin biz təklif edirik ki, Operativ Qərargah bir çox məlumatları Milli Məclisə təqdim etsin və belə olan halda qərarvermə üçün daha müfəssəl data baza yaranmış olar, şəffaflıq təmin edilər və verilən qərarlar cəmiyyətdə düzgün qarşılanar".
Digər tərəfdən komitə rəhbəri bildirdi ki, karantinin sərtləşdirilməsi və hüquqi tədbirlərlə bağlı bir çox müxalif partiyalar, o cümlədən QHT-lər də yazılı və şifahi olaraq, parlamentdən müəyyən addımlar atılmasını xahiş ediblər: "Sosial məsuliyyətin formalaşmasında mətbuata, virus haqda xəbərlərə inamın yeri böyükdür. Vətəndaşın məsuliyyətli davranışının formalaşmasında onun virusu real təhlükə kim qəbul etməsi həlledici rol oynayır. Burada media, maarifçilik və ictimai rəy böyük əhəmiyyətə malikdir. Məsələn, Britaniyanın "YouGov" təşkilatı vətəndaşların Covid-19 virusu ilə bağlı mediada açıqlanan xəbərlərə inam səviyyəsini ölçmək üçün sorğu keçirib. Sorğu nəticəsində, vyetnamlılar hökumətin koronavirus siyasətinə, həm də media xəbərlərinə ən çox inanan respondentlərdir - 89%. Malayziya (82%), Sinqapur (75%) və Filippində (72%)-kimidir. Vyetnamda olduğu kimi, Çində də mətbuat ciddi nəzarətdədir və burada koronavirusla bağlı mediada yer alan xəbərlərə inam 62% təşkil edir. Almaniyada bu göstərici 54%, İspaniyada 50%, İtaliyada 38%, İngiltərədə-31%, Fransada isə 26% təşkil edib.
Fikrimizcə, Azərbaycanda sosial şəbəkələrdə, xüsusən də özünü “müstəqil” adlandıran fəalların sistemli dezinformasiyaları, aparılan intensiv əks-təbliğat kampaniyası və dövləti linç etmək səyləri fərdi və ictimai məsuliyyətə müəyyən ziyan vura bilib. Bizim ölkədə iyun 1-dək inam əmsalı 53 faizə bərabər idi. Göründüyü kimi, əhalinin mühüm bir hissəsində inamsızlıq yuxarı idi və o qətiyyən hökumət, dövlətlə bağlı məsələ deyil. Gördüyünüz kimi, bu dünyəvi problemdir.
Son həftələrdə xəstələnənlərin artma dinamikası həmin rəqəmi inananların xeyrinə köklü şəkildə dəyişib".
Mərkəz sədri qeyd etdi ki, müsbət təcrübələrdən bəhs edərkən bir çoxları Gürcüstanı nümunə olaraq göstərirlər: "Avropa Birliyinin qapılarını açdığı qonşu ölkədə aşağı rəqəmlər hökumətdən daha çox əhalinin davranışlarına bağlıdır.
Burada azərbaycanlıların yaşadığı böyük ərazilərin olduğunu nəzərə alsaq, xalqımızın sosial məsuliyyəti ilə bağlı fikirləri müqayisə etmək olar. Üstəlik də, koronavirus ilk olaraq Borçalı ərazisində başlamışdı. Hətta ölkəmizdən keçib gedən xəstələr də ilk olaraq, Gürcüstanda aşkar edilmişdi. Bu baxımdan Gürcüstan azərbaycanlılarının qaydalara riayət edə bilibsə, deməli, Azərbaycanda da bu, mümkündür.
Gürcüstanın Operativ Qərargah qurumunun saytı bir çox suala cavab verməyə imkan yaradır. Burada Operativ Qərargah “Fövqəladə Hallarda İdarəçilik üzrə Operativ Qərargah” adlanır. (Operational Headquarters on the Management of the State of Emergency).
Təşkilat martın 30-da yaradılıb. Qısa şəkildə İdarələrarası Koordinasiya Şurası da deyilir. Bu ölkənin Operativ Qərargahının saytına nəzər saldıqda Gürcüstanın uğurlarının səbəbini başa düşmək mümkündür. https://stopcov.gov.ge/ka
Sayt hər an 6 dildə, o cümlədən Azərbaycan, abxaz, erməni, acar, gürcü və ingilis dillərində yenilənir. Saytdakı məlumat zənginliyi, hökumətin hesabatları və maliyyə şəffaflığı ilə bağlı çoxsaylı xəbərlər yerləşdirilib. Saytda dövlətin-iqtisadiyyatın bütün sahələri üzrə antiböhran iqtisadi planı ilə tanış olmaq olar. Gürcüstan dövlətinin koronavirusla mübarizədə iyun ayının 3-nə olan 70 səhifəlik Hesabatı diqqəti cəlb edir. Burada davamlı olaraq görülən bütün işlərin statistik bazası, nəticələri, tətbiq edilən qadağa və cərimələrin növləri, hansı əhəmiyyətə malik olması, çarpayı sayı, dərmanlara sərf edilən vəsait, süni nəfəs aparatının sayları, karantin zonaları (300 hotel),xəstəxanaların sayı göstərilib.
https://stopcov.gov.ge/Content/files/COVID_RESPONSE_REPORT__ENG.pdf
Ona görə də təklif edirik ki, cərimələr birbaşa aztəminatlı vətəndaşlara 190 manat miqdarında ödənən fonda köçürülsün;
• Müxtəlif aztəminatlı ailələr üçün tibbi maska norması müəyyən edilərək birbaşa onlara yardımlar şəklində çatdırılsın. Çünki məlumatlara görə, bəzən vətəndaşlar həftələrlə tibbi maskanı dəyişmir və belə hərəkətlə onlar səhhətini deyil, cəzadan qurtulmaq üçün qoruyucu maskanı geyinir və nəticədə sağlamlığını təhlükədə qoyur;
• Operativ Qərargah görülən tədbirləri tam miqyası ilə müvafiq informasiya resurslarında yerləşdirsin və bu tədbir eləcə də şayiə, dezinformasiyaların qarşısını almaq üçün mühüm rol oynayacaqdır;
• 8103 nömrəli sistemə müraciətlə icazə əldə edən şəxslərin zəruri qayğıların həlli üçün müəyyənləşdirilən vaxt 3 saatadək artırılsın-çünki təcrübə göstərir ki, qanunpozmalar bəzən zaman azlığından qaynaqlanır;
• Hər bir xalq təkcə sosial-iqtisadi deyil, eləcə də mədəniyyəti və qanunlara münasibəti ilə sınağa çəkilib. Nə qədər ki, peyvənd tapılmayıb, ən böyük zərdab qanunlara, qaydalara riayət etməyimizdir;
• Vətəndaşın təhlükəsizliyindən danışarkən bir ideyada birləşə bilərik-insanlarımız xəstələnəndə hamımız onların yanında oluruq. Lakin dövlət qorunmasa, milləti hifz etmək mümkün olmayacaq. Gəlin, hər birimiz özümüzü qorumaqla dövlətimizi qoruyaq!"
Şərhlər