"İrəvan münasibətləri qorumağa məhkumdur"

13.08.2015 12:30     A-reaksiya     2985

Xəbər verildiyi kimi, Rusiya hüquq mühafizə orqanları tərəfindən fərarilikdə və silah oğurluğunda  ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun cinayət  işinə baxılıb. Rusiyanın Gümrüdəki qarnizon hərbi məhkəməsində keçirilən ilk məhkəmə iclasında Permyakova hərbi hissədən fərarilik etdiyi üçün on il cəza verilib.  

Xatırladaq ki, 7 nəfərlik erməni ailəsini qətl edən rus hərbçisini cinayət işinə isə Ermənistan məhkəməsində baxılacaq.

Rus hərbçisinin Ermənistan qanunları ilə mühakimə olunacağının rus-erməni münasibətlərinə nə kimi təsir edəcəyi birmənalı qarşılanmır.

Siyasi elmlər doktoru Hatəm Cabbarlı Reaksiya.az-a rus-erməni münasibətlərinin gələcək perspektiv planları barədə geniş açıqlama verib. Politoloq  açıqlamasında Ermənistan hökumətinin Rusiya ilə münasibətləri qorumağa məhkum olduğunu bildirib.

“Bu ilin yanvar ayında Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun hərbi hissədən fərarilik edərək Gümrü şəhərində bir ailədən 7 nəfəri qətl etməsi Ermənistan-Rusiya münasibətlərində ciddi problemin yaşanmasına səbəb oldu.

Permyakov qətli törətdikdən sonra Türkiyə-Ermənistan sərhəddi yaxınlığında rus hərbiçiləri tərəfindən yaxalanaraq, bəzi məlumatlara görə Ermənistan hüquq mühafizə orqanlarına, bəzi məlumatlara görə isə 102-ci bazaya təhvil verildi.

Erməni mətbuatı isə Premyakovun erməni polislər tərəfindən yaxalandığını və daha sonra 102-ci bazaya qaytarıldığını iddia edirdi. Məlum hadisədən sonra Gümrüdə, daha sonra isə digər şəhərlərdə on minlərlə insanın iştirak etdiyi Rusiyaya qarşı etiraz mitinq və nümayişləri təşkil edildi. Hökumət işin ciddiyyətini gec anladı, mitinq və nümayişlərdə Rusiyaya qarşı şüarlar səsləndi, Rusiya bayrağı ayaqlar altına alındı, Putin təhqir edildi və 102-ci bazanın çixarılması tələbi qoyuldu.

İlk günlərdə hökumət mitinq və nümayiş iştirakçılarına qarşı səbrli mövqe nümayiş etdirsə də, daha sonra etiraz dalğasının genişlənməsi üzərinə bütün mümkün vasitələrdən istifadə edərək sabitliyi təmin etməyə çalışdı.

Qətliamla bağlı ən çox müzakirə edilən məsələ Premyakovun hansı ölkənin qanunları ilə mühakimə edilməsi oldu. Beynəlxalq təcrübədə belə hallarda cinayəti törətmiş hərbi qulluqçunun A dövlətinin qanunları ilə mühakimə edilməsi daha geniş yayılmışdı. Belə ki, böyük dövlətlərin heç biri başqa ölkədə yerləşən hərbi bazasının şəxsi heyətinin o ölkənin qanunları ilə mühakimə edilməsinə icazə vermir.

Gümrü qətliamında da anoloji vəziyyət ortaya çıxır. Rusiya konstitusiyasının 61-ci maddəsinə görə, Rusiya vətəndaşını başqa bir ölkənin qanunlarına görə mühakimə edilməsi üçün verə bilməz. Permyakov Rusiya vətəndaşıdır və hələlik 102-ci bazada olduğuna görə Rusiya qanunları ilə istintaq aparılır. Ermənistanda bəzi dairələr Rusiya konstitusiyasının 61-ci maddəsinin Ermənistan sərhədləri daxilində etibarsız olduğunu, Premyakovun Rusiya vətəndaşı olsa da, cinayəti hərbi bazadan kənarda törətdiyinə görə istintaqın Ermənistan qanunları ilə aparılmasını və mühakimə edilməsini tələb edirlər.

Burda maraqlı bir nüans var. Əsgər Permyakov ilk cinayətini 102-ci hərbi bazasını tərk etməklə törədib (Rusiya qanunlarına görə) və bu cinayətin davamında 7 nəfəri qətl edib. Premyakovun Avetisyan ailəsini qətl etmək uçunmu, yoxsa, hərbi bazanı özbaşına tərk etdikdən sonra yaşanan vəziyyətə görə təsadüfən qətl etdiyi hələlik məlum deyil.

Ermənistan Cinayət Məcəlləsinin 14-cü maddəsinə görə Ermənistanın dövlət sərhədləri daxilində cinayət törədən şəxs ölkənin öz qanunları ilə mühakimə edilir. Ermənistanın Sərhəd qoşunları haqqında qanunun 7-ci maddəsinə görə, cinayət törətmiş şəxs sərhədçilər tərəfindən yaxalandıqda xüsusi rejimdə saxlanılmalı və yaxud Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilməlidir. Əks təqdirdə sərhədçilər məsuliyyətə cəlb edilə bilər. Ancaq bu zaman Permyakovun vəziyyəti fərqlidir. Ermənistanın Sərhəd qoşunları haqqında qanunun 7-ci maddəsində “cinayət törətmiş şəxs sərhədçilər tərəfindən yaxalandıqda xüsusi rejimdə saxlanılmalı” ifadəsi Ermənistanın arqumentlərini zəiflədir. O, cinayəti Ermənistan ərazisində törətsə də Rusiya vətəndaşı və 102-bazanın şəxsi heyətidir. Yəni ermənilərin bu iddiası da hüquqi olaraq dəstəklənmir. Erməni hüquqşünaslar “Rusiya Federasiyası və Ermənistan Respublikası arasında Rusiya hərbi bazasının yerləşməsi ilə bağlı hüquqi və qarşılıqlı yardımlaşma haqqında saziş”in 4-cü maddəsinə istinad edərək Permyakovun Ermənistan qanunları ilə mühakimə edilməsini tələb edirlər. Bu maddəyə görə, hərbi bazanın şəxsi heyətinin və ailələrinin Ermənistan Respublikasının ərazisində törətdikləri cinayət və hüquq pozuntuları Ermənistan qanunları ilə tənzimlənir. Bu maddə Ermənisanın lehinə olsa da, işə siyasət qarışdıqda Ermənistan aciz qalır. Bu zaman Rusiya konstitusiyasının 61-ci maddəsinin, yoxsa adı çəkilən sazişin 4-cü maddəsinin işlədiləcəyi mübahisə doğurur. Sazişin 5-ci maddəsində isə Rusiyanın hərbi bazasının daxilində hər hansı cinayət (digər və yaxud hərbi xarakterli) törədildikdə, Rusiyaya qarşı cinayət törədildikdə Rusiya qanunları ilə mühakimə olunmalıdır ifadəsi yer almışdır.

Permyakov hərbi hissəni özbaşına tərk etməklə Rusiya qanunları ilə cinayət törədib. Bu cinayəti işlədikdən sonra isə Avetisyan ailəsinin yeddi üzvünü qətl edib. Rusiya tərəfi böyük bir ehtimalla Rusiya qanunlarına görə hərbi hissəni özbaşına tərk etməsindən sonra Avetisyan ailəsinin qətl edilməsini birinci cinayətin ardı (davam etməsi) kimi tövsif edərək Permyakovu Ermənistan qanunları ilə mühakimə etməyə icazə verməyəcəkdir. Hadisə yaşandıqdan və ağır yaralanmış altı aylıq körpə bir həftədən sonra xəstəxanada öldükdən sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Serj Sərkisyan ilə telefon əlaqəsi saxlayaraq məsələni müzakirə edib. Maraqlı budur ki, Serj Sərkisyan düz bir həftə qətliamla bağlı susmağa üstünlük vermişdi.Hadisəyə etiraz olaraq mitinq və nümayişlərin geniş vüsət almasından sonra 102-ci bazanın komandanlığının şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç başsağlığı vermişdi. Amma Polyuxoviçin ifadələri başsağlığından daha çox Ermənistana tarix dərsi vermək və xəbərdarlıq vermək kimi səslənirdi. Polyuxoviç belə deyirdi: “rus-erməni xalqının çox əsrlik dostluğu türk müharibələri və təbii fəlaktlər kimi bir çox sınaqlardan keçib”.  Polyuxoviç bununla türkləri bir daha ermənilərə düşmən kimi tanıdır və 1988-ci il zəlzələsində ilk olaraq ermənilərə kimin yardım etdiyini kobud şəkildə və minnət vuraraq xatırladırdı.

Bir müddət bundan əvvəl Rusiya Premyakovun Ermənistanda mühakimə edilməsinə razılıq vermişdi. Keçirilən ilk məhkəmə iclasında Permyakova hərbi hissədən fərarilik etdiyi üçün on il cəza verildi. Amma bu yekun məhkəmə deyil, Premyakovun 7 nəfəri öldürməsi cinayət işi üzrə hələlik mühakimə olunmayıb. Bunun cəzasının necə olacağı keçiriləcək növbəti məhkəmə iclasında bəlli olacaq.

Ermənistan və regionun digər mətbu orqanlarında Gümrü qətlinin Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyi və hətta 102-ci bazanın çıxarılmasının mümkünlüyü haqqında məntiqsiz informasiyalar verilməkdədir. Gümrü qətliamı erməni xalqı nəzdində Rusiyaya qarşı etiraz dalğasını yüksəltdi. Siyasi olaraq Ermənistan hökuməti Rusiya ilə münasibətləri qorumağa məhkumdur. Hakimiyyətdə təmsil olunan hər hansı siyasətçi Rusiyaya qarşı erməni xalqının fikirlərini səsləndirərsə onun siyasi karyeri bitdi deməkdir. Bu, Prezident olsa belə”.

Şərhlər

Çox oxunanlar