Başçının qanunsuz göstərişi qalmaqala səbəb olub

09.09.2020 17:05     A-reaksiya     1025

Bərdə Rayon İcra Hakimiyyəti başçısının qanunsuz göstərişi icra nümayəndəsi ilə vətəndaşı düşmən edib. Torpaq sahəsi üstündə illərdir davam edən məhkəmə çəkişmələri, mübahisələr səngimir. İcra hakimiyyəti isə məsələnin həllində maraqlı deyil.

Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, 10 ilə yaxındır, Bərdə rayon Mustafaağalı kənd sakini İsrayil Muradovu tikdirdiyi obyektdən çıxarmaq istəyirlər. Bu barədə kəndin icra nümayəndəsi Qəhrəman Zeynalov iddia ilə məhkəməyə müraciət edib.

Məhkəmə çəkişməsi və illərdir davam edən mübahisə İsrayil Muradova məxsus qəssabxananın sökülməsi ilə başlayıb. Belə ki, 2011-ci ildə kəndə avtomobil yolu çəkilən zaman İsrayil Muradova məxsus qəssabxana sökülüb. Səbəb isə obyektin baxımsız, səliqəsiz olması olub. Amma İsrayil Muradova məxsus torpaq sahəsi indi də boşdur. Rəsmi sənədlərlə də onun adınadır. Ailə dolanışığı yalnız bu qəssabxanadan olan İsrayil Muradov çıxış yolu üçün icra başçısına müraciət etmək istəyib. Yol çəkilişləri davam edən zaman İsrayil Muradovun anası ərazidən keçən icra başçısı Vidadi İsayevə yaxınlaşıb. Bildirib ki, onlara yeni qəssabxana tikmələri üçün torpaq sahəsi verilsin.

Vidadi İsayev kəndin icra nümayəndəsi olan Qəhrəman Zeynalovu yanına çağıraraq yaxınlıqdakı torpaq sahəsinin İsrayil Muradovun anasına verilməsini tapşırıb.

İşin maraqlı tərəfi budur ki, həmin torpaq sahəsi elə Qəhrəman Zeynalova məxsus olub. Qəhrəman Zeynalov da icra başçısının sözünü yerə sala bilməyib və razılaşıb. Həmin müddətdən etibarən İsrayil Muradov orada qəssabxana tikir və bu günə qədər də işlədir. 2016-cı ildən isə torpaq sahəsi üstündə çəkişmələr başlayıb. Qəhrəman Zeynalov məhkəməyə iddia ilə müraciət edib. İddiasında göstərib ki, İsrayil Muradova məxsus torpaq sahəsi ona verilməlidir. Amma İsrayil Muradov bununla razılaşmır. Deyir ki, köhnə torpaq sahəsi özünə məxsusdur. İcra başçısı isə Qəhrəman Zeynalova məxsus torpaq sahəsini onun anasına verib.

Bərdə Rayon Məhkəməsində 2016-cı ildə hakim Ağarza Səmədovun sədrliyi ilə bu mübahisəli məsələ araşdırılıb. Məhkəmə belə qənaətə gəlib ki, Qəhrəman Zeynalovun İsrayil Muradovun torpaq sahəsindən çıxarılması ilə bağlı iddiası rədd edilməlidir. Qərarda göstərilib ki, Qəhrəman Zeynalov 2001-ci ildə torpaq sahəsini Qabil Novruzov adlı şəxsdən alıb. Amma torpaq sahəsinə dair torpaq kadastr planı və daha sonra isə dövlət reyestr xidmətindən çıxarış almayıb.

Məhkəmə belə qənaətə gəlib ki, iddiaçı tərəf torpaq sahəsinin ona məxsus olduğunu heç bir rəsmi sənədlə sübut edə bilmir. Buna görə də iddia tələbi əsassız hesab olunub və rədd edilib.

İsrayıl Muradov anasına verilən torpaq sahəsində qəssabxana tikib, 10 ilə yaxındır çalışsa da, oranı sənədləşdirə bilmir. Deyir ki, icra başçısının onlara verdiyi torpaq sahəsini sənədləşdirməyə heç bir rəsmi qurum yaxına durmur. Hansı dövlət idarəsinə müraciət etsə, həll edən olmur. İsrayıl Muradov səbəb olaraq isə göstərir ki, Qəhrəman Zeynalovun icra nümayəndəsi olmasına görə rayondakı idarələr onun müraciətinə baxmır. İsrayıl Muradov icra başçısının da qəbulunda olub. İcra başçısı isə deyib ki, bu məsələni öz aranızda həll edin.

Problem isə məhz buradan başlayır. Çünki Qəhrəman Zeynalovun torpağını İsrayıl Muradova icra başçısı verib. Axı icra başçısında bu səlahiyyət haradandır

Əslində, problemin bu mərhələyə qədər olan səbəblərində nə Qəhrəman Zeynalov, nə də İsrayıl Muradov günahkardır. Tək günahkar elə icra başçısıdır.

Amma məhkəmə prosesləri davam edən ərəfədə Qəhrəman Zeynalovun da suallar yaradan bir əməli ortaya çıxıb. Məlum olub ki, 2016-cı ildə özünə məxsus torpaq sahəsinə çıxarışı olmayan Qəhrəman Zeynalov indi rəsmi sənəd əldə edib. O da maraqlıdır ki, torpaq sahəsi başqasının istifadəsində olduğu halda Qəhrəman Zeynalov həmin torpağa çıxarışı necə alıb?

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Əvvəlcə icra başçısının köməkçisi Anar Hətəmovla danışdıq. O bu haqda açıqlama vermək istəmədi. Sonra isə icra başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya ilə danışdıq. Fəqət xanım bizi dinlədi, amma bildirdi ki, bu haqda məlumatı icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən ala bilərik.

Şöbənin böyük məsləhətçisi Bəxtiyar Abdıyev açıqlamasında mövzudan xəbərdar olduqlarını bildirdi. Dedi ki, məsələ çox qarışıq və mübahisəlidir. Məsələnin həll yolu isə tərəflər arasında razılıq əsasında ola bilər. Bəxtiyar Abdıyev söyləyib ki, hər iki tərəflə görüşüb və danışıqlar olub. Amma məsələ bu gün də öz həllini tapmayıb. Onun sözlərinə görə, Qəhrəman Zeynalov və İsrayil Muradov yenidən dəvət ediləcək və danışıqlar aparılacaq.

Məsələ ilə bağlı İcra başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, qalmaqalda adı keçən Qəhrəman Zeynalovla da əlaqə saxladıq.

Q.Zeynalov isə bildirdi ki, mübahisənin günahkarı İsrayıl Muradovdur.

İcra nümayəndəsi iddia edir ki, İsrayıl Muradov onun torpaq sahəsini qaytarmır: “Onlar torpaq sahəsi istəyəndə icra başçısı mənə dedi ki, öz yerimi onlara verim. Amma qarşılığında onlar da öz kiçik yerlərini mənə verməli idilər. Amma bununla razılaşmadılar. Kənddə hamı bir-birini tanıyır. Hamı da bilir ki, həmin torpaq sahəsi mənim olub. Mən 24 kvadratmetr yerimi onlara verdim. Amma 12 kvadratmetr yeri mənə vermək istəmirlər”.

Q.Zeynalov məhkəmə çəkişməsinin indi də olduğunu təsdiqləyib. İsrayıl Muradov isə Qəhrəman Zeynalovu qanunsuz əməllərdə suçlayır. Deyir ki, 2016-cı ildə mübahisəli torpaq sahəsi üçün Qəhrəman Zeynalovda çıxarış olmayıb. Əgər olsaydı, məhkəməyə təqdim edərdi. Məhkəmə qətnaməsində göstərilir ki, Qəhrəman Zeynalov torpaq sahəsi ilə bağlı heç bir rəsmi sənəd ortaya qoya bilməyib.

Şikayətçi İsrayıl Muradov bildirir ki, icra nümayəndəsi olan Qəhrəman Zeynalov 2018-ci ildə çıxarışı qanunsuz yollarla alıb:

“Bununla bağlı Baş prokurorluğa müraciət edəcəm. İcra başçısının mənə verdiyi torpağa 10 ilə yaxındır sənəd ala bilmirəm. Mənim həmin torpaq sahəsində tikilim, qəssabxanam olduğu halda Qəhrəman Zeynalov rəsmi çıxarışı necə alıb? Yəqin ki, burada qanunsuzluqdan söhbət gedir və Baş prokurorluq da bunu araşdıracaq”.

Reaksiya.az

Şərhlər